Bu gün Bakıda “ADEX” müdafiə sərgisi başlayır

Bu gün Bakıda “ADEX” müdafiə sərgisi başlayır

Bu gündən başlayaq sentyabrın 8-dək Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi “ADEX” keçiriləcək.

“Report”un məlumatına görə, tədbir Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək.

26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” sərgisi müzəffər ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.

“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.

Sərgidə təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.

“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Qeyd olunan sərgi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.

“Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək. Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edəcəklər.

Share: