44 günlük Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızdan bu gün 10 nəfərin doğum günüdür.
Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:
Əsgər Budaqov Yusif Ramiq oğlu 1997-ci ilin 11 oktyabrında Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb. Vətən müharibəsindən bir neçə gün öncə isə təlimlərə cəlb olunub. Müharibə başlayan kimi də döyüşlərdə iştirak edib. 23 yaşını da oktyabrın 11-də müharibədə – səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib.
Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olan Y.Budaqovun nəşi oktyabrın 30-da ailəsinə təhvil verilib. Şəhidimiz oktyabrın 31-də də Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Yusif Budaqov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Əsgər Hacıyev İntiqam Eynullah oğlu 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Ağcabədi rayon Minaxorlu kənd tam orta məktəbində təhsil alıb. İntiqam Hacıyev 21 sentyabr 2020-ci ildən hərbi təlimlərə cəlb olunub.
Azərbaycan Ordusunun əsgəri olan İntiqam Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşub.
Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Döyüşlərdə yaralanıb və 13 oktyabrda şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İntiqam Hacıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
MAHHXHQ əsgər Məmmədov Emin Fazil oğlu 1997-ci il oktyabrın 11-də Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.
Emin Məmmədov noyabrın 2-də Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Emin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ kiçik çavuş Murtuzəliyev Xəqani İsa oğlu 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub. Şəhidimiz ailəli idi, Vətənə əmanət iki oğul övladı yadigar qalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xəqani Murtuzəliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər Quliyev Həsən Adışirin oğlu 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya göz açıb.
Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşan H.Quliyev 3 noyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 21 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Sarvanlar kəndində torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Həsən Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Əsgər Quliyev Azər Zakir oğlu 1996-cı ildə Sumqayıtda doğulub. Ailənin ikinci övladı olan Azər vətənpərvər ruhda böyüyüb. Ötən ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində başlayan müharibəyə qatılıb. Sentyabrın 29-dan ön cəbhədə döyüşlərdə iştirak edən A.Quliyev sonuncu dəfə ailəsi ilə oktyabrın 23-də əlaqə saxlayıb. Elə o danışıqdan sonra, axşam saat 20:00-da ailəsinə şəhidlik xəbəri verilib. Xidməti dövründə bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələn qəhrəmanımız Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Quliyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olmasına görə” medalları ilə təltif edilib.
Əsgər Rüstəmov Arif Seymur oğlu 2001-ci il oktyabrın 11-də Salyan şəhərində anadan olub. 2018-ci ildə orta təhsilini bitirdikdən sonra kollecə daxil olub. A.Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N saylı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan Vətən müharibəsinə qatılıb.
O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Arif Rüstəmov ölümündən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Polkovnik-leytenant Sadıqov Rəşad Xanlar oğlu 1978-ci il oktyabrın 11-də Laçın rayonunda anadan olub. 1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ilin may ayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün Sadıqovlar ailəsi Şəmkir şəhərində yaşamağa başlayırlar. 1992-1995-ci illərdə həmin şəhərdə Ə. Cavad adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.
Rəşad Sadıqov 1999-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlığda və Hərbi Hospitalda xidmət edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Sadıqov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Rəşad Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi.
Əsgər Şahmarlı Vüsal Mərdan oğlu 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açıb. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirib.
Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Gədəbəydə hərbi xidmətinə başlayıb. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə iştirak edib. Hərbi xidmət müddəti bitdikdən sonra Vüsal xüsusilə, biznes sahəsində çalışıb.
Vüsal Şahmarlı ötən ilin 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak edib. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vüsal Şahmarlı ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi.
MAHHXHQ kiçik çavuş Yusifli Özal İdris oğlu 1992-ci il oktyabrın 11-də Yevlax şəhərinin Aşağı Qarxum kəndində anadan olub. 1999-cu ildə orta məktəbdə təhsil almağa başlayan Özal 2010-cu ildə təhsilini bitirərək hərbi xidmətə yollanıb.
Naxçıvan Milli Ordu sıralarında xidməti başa vuraraq Yevlax şəhərinə qayıdıb. 2017-ci ildə Milli Ordu sıralarında çavuş kimi çalışmağa başlayıb. 2019-cu ilin əvvəllərində hərbi polis kimi fəaliyyətə başlasa da, öz ərizəsi ilə yenidən 2019-cu ilin axırlarında Milli Ordu sıralarında çavuş kimi xidmətə davam edib.
O, Vətən müharibəsində Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də vəfat edib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Özal Yusifli ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azadlığına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.