Xalq şairi Sabir Rüstəmxanlı: “Biz 80-ci illərdə yenidən müstəqillik qazandıqsa, bu millətin böyüklüyünün göstəricisidir”.
Müstəqil.Az Turkustan.infonun xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəsini təqdim edir.
– Sabir müəllim, öncə ədəbiyyata gəlişinizdən danışardız. Ədəbiyyata gəlməklə nə qazandız? Azərbaycan ədəbiyyatına hansı töhfəniz oldu? Ədəbiyyata gələn zaman kimlərlə görüşdüz?
– Gərək bunları danışmaq üçün bir kitab yazam. Əslində, belə bir kitabı yazmalıyam. Çünki düşdüyüm ədəbi mühit 1960-cı ilin sonları idi. Bu illər Azərbaycanda gedən ictimai-siyasi proseslərin güzgüsü idi. Hər şey “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat” qəzeti) qəzetinin səhifələrində öz əksini tapırdı. Dördüncü kursda oxuyarkən “Ədəbiyyat və incəsənət” qəzetində bir məqalə çap etdirdim. Həmin zaman universitetin əyani şöbəsindən çıxıb qiyabiyə keçərək rayonumuza getmək istəyirdim. Çünki vəziyyətimiz çox ağır idi və kənddən də təkid edirdilər. Təsadüfən bir dostumun təklifi ilə “Ədəbiyyat və incəsənət” qəzetində işə düzəlməklə bağlı bir təklif aldım. Bunu qəbul edib, redaksiya getdim. Çox sağolsun, Baş redaktor Hüseyn Abbaszadə məni işə götürdü. Redaksiyada bu işi bacarıb-bacarmamağımı yoxladılar. Bir gün sonra isə məni işə dəfət etdilər. Beləliklə, kəndə bir müəllim kimi getmək fikirimi dəyişdim və başladım Yazıçılar İttifaqının (indiki AYB) orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində çalışmağa. Bayaq “Ədəbiyyat və incəsənət” qəzetinin Azərbaycanın ictimai-siyasi həyatında bir model olduğunu qeyd elədim. Çünki o dövr “Ədəbiyyat və incəsənət” qəzetində cəmiyyətdə olan neqativ hadisələr işıqlandırılırdı. Bu qəzet bir növ müxalif qəzet rolunu oynayırdı. Bununla yanaşı qəzetdə olduqca dəyərli insanlar çalışırdı. Redaktor Hüseyn Abbaszadə çox dürüst, cəsarətli, müharibə keçmiş, veteran və demokratik düşüncəli bir adam idi. Redaksiyada Sabir Əhmədli, Qabil, şair Adil Babayev, Emin Mahmudov, rəssam Gündüz, yazıçı Sabir Azəri, tənqidçi İsrayıl Mustafayev, publisist Rasim Səfərov, Ayaz Vəfalı, Nəsib Ələkbərov kimi peşəkar insanlar çalışırdı. Bunların hər biri məndən yaşca böyük idi. Bu mühit məni öz yaşıdlarımdan ayraraq başqa bir mühitə apardı. Beləcə, Yazıçılar İttifaqının ümumi həyatına qarışdım. Həmin vaxt İttifaqın sədri Mirzə İbrahimov idi. Hətta onun bir pyesi haqqında universitetdə çıxış etmişdim. Bundan sonra Mirzə İbrahimov məni “Ədəbiyyat və incəsənət” qəzetində çalışmağa dəvət etdi. Mən isə dedim: “Artıq həmin orqanda işləyirəm”. Bir dəfə məvacibimi almağa gedərkən təsadüfən Mirzə müəllimlə qarşılaşdım. Mənlə söhbət elədi və bu söhbətdən sonra Mirzə müəllimin dostuna çevrildim. Yazıçılar İttifaqında gənclərlə bağlı nə tədbir olurdusa orada mütləq iştirak edirdim. Beləliklə, “Ədəbiyyat və incəsənət” qəzeti məni ədəbi mühitə gətirdi. Buna kimi dərnəklərə gedir, tədbirlərdə çıxış edir, tanışlarım arasında tanınır və şeir yazırdım. Hətta “Gənclər” qəzetində bir şeirimdə çap olunmuşdu. Amma, ciddi ədəbi taleyim və ədəbiyyata gəlişim “Ədəbiyyat və incəsənət” qəzetindən başladı. Redaksiyada Tənqidi şöbədə işə başlayaraq ədəbi tənqidi məqalələrlə çıxış edirdim. Sonra Rəssamlıq və Kino şöbəsində işləməyə başladım. “Ədəbiyyat və incəsənət” qəzeti sayəsində bütün SSRİ-ni gəzdim. Qəzet mənə imkan verdi ki, bütün ölkənin ağsaqqal ədəbiyyatçıları ilə tanış olum. Süleyman Rəhimli, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Qılman İlkin, Sabit Rəhman kimi ədəbiyyatçılarla ünsiyyət qurdum. Bunlardan ya müsahibə, ya da hərəsi haqqında bir yazı yazaraq ünsiyyət qurdum. Doğrudan da “Ədəbiyyat və incəsənət” qəzeti həmin vaxt Azərbaycanın fikir mərkəzi idi. Mən bu qəzet sayəsində ədəbiyyat həvəskarından peşəkar bir ədəbiyyatçıya çevrildim.
– Bayaq qeyd elədiz ki, ötən əsrin 60-cı illərindən ədəbiyyata gəlməyə başladız. Artıq biz XXI əsrdəyik. XX əsri arxada qoyduq. Azərbaycan ədəbiyyatının ən yüksək dövründən biri də XX əsr hesab edilir. Bu əsrdə alimlər, şairlər bir sözlə böyük ədəbiyyatçılar yetişdi. Bu günün şedevr əsərləri həmin əsrdə yazıldı. Həmin əsri necə şərh edərdiz? Sovet hakimiyyətinin olmasına baxmayaraq, həmin əsrdə böyük qələm sahibləri yetişdi.
– XX əsr Azərbaycan tarixində ən ciddi rol oynamış və Azərbaycan durduqca xatırlanası bir yüzillik oldu. Bu yüzillik bizə müstəqillik gətirdi. 1918-ci ildə Rusiyanın tərkibindən ayrılaraq Şərqdə ilk demokratik müstəqil dövlət qurduq. Həmçinin Cənubi Azərbaycanda da milli hökumət quruldu. Aprel çevrilişində tarixi müstəqilliyini itirən ölkəmiz yenidən 1991-ci ildə müstəqilliyə qovuşdu. Buna sevinirəm ki, Müstəqillik Aktına imza atanlardan biri də mən oldum. Xalqın müstəqillik tarixinə baxsaq, bu əsrdə qeyd etdiyimiz faktlar bir çox şeyləri aydın göstərir. Ötən əsr fikir tariximizdə müstəsna yer tutur. XIX əsrin sonunda Azərbaycan dilini mətbuatdan oxusanız görərsiz ki, XX əsrlə müqayisədə çox böyük fərqlər var. Bu yüzillikdə dilimiz min illik bir yol keçib. XX yüzilin əvvəlində milli ideologiyamız formalaşıb. Əsrin əvvəlində “Fyüzat” və “Molla Nəsrəddin” kimi məktəblər yaranıb. Milli-satirik jurnalımız olan “Molla Nəsrəddin” 25 il ömür sürüb. “Fyüzat”-ın bir il yaşamasına baxmayaq, fikir tariximizdə böyük iş görüb. Əsrin əvvəlində “Kaspi”, “Həyat” və yüzlərlə mətbuat orqanları çap olunub. Bəlkə, başqa ölkələrdə belə qəzetlər yox idi. Bir qəzet bağlanan kimi başqa bir qəzet onu əvəz edirdi. Yəni, bu yüzillikdə nəhənglər yetişib. Ədəbiyyatda C.Məmədquluzadə, M.Ə.Sabir, musiqidə Ü.Hacıbəyov, fikir tarixində Ə.B.Hüzeynzadə, Ə.Ağaoğlu, dövlət quruculuq tarixində M.Ə. Rəsulzadə, Ə.Topçubaşov, N.Yusifbəyli və s kimi dahi insanlar yetişdi. Bu siyahını davam etdirsək Sovetlər dövründə yetişən insanları da əlavə edə bilərik. Bu dahilərin keçdiyi hər bir yol bir dövrdür. Xalq üçün belə dahilərin olması sadəcə xoşbəxtçilikdir. Məsələn, Ü.Hacıbəyli musiqisi, publisistik yazıları və dramaturgiyası ilə əvəzsiz bir insan idi. Bunların hər biri 20-ci yüzilin yetirmələridir.
XX yüzilin bu cür əlamətdar hadisələri ilə yanaşı, mənfi tərəfləri də mövcuddur. Bu dövrdə represiyalar, qırğınlar olub. Millətin qabaqcıl ziyalıları məhv edilib. Həmişə deyirəm: “Biz 80-ci illərdə yenidən müstəqillik qazandıqsa, bu millətin böyüklüyünün göstəricisidir”. Hər 10 ildən bir millətin ziyalılarını məhv ediblər. “Qaymaq bağlayan kimi yığıblar üzümüzü” şeirimdə bunları qeyd eləmişəm. Qaymaq bağlayan kimi üzünü yığıblar və qalıb kütlə. Kütlə ilə heç nə etmək olmaz. Buna baxmayaq, 1988-ci ildə Azərbaycana qarşı torpaq iddiası başlayanda xalq ayağa qalxdı. 1989-cu ildə “Azərbaycan” adlı qəzet buraxaraq buna iki il başçılıq elədim.
1905-1907-ci illərdə olan qırğınlar xalqa ağır zərbələr vurdu. Xüsusi ilə də İrəvanda olan hadisələr. 1918-1920-ci illərin soyqırımı Bakıya və ətraf rayonlara böyük bəlalar gətirdi. Xüsusi ilə 1937-ci ildəki faciədə xalq böyük itkilər verdi. 1948-1954-cü illərin köçü isə ardıcıl vurulan zərbələrin davamı idi. Nəhayət, 1988-ci ildə baş verən hadisələr hər kəsə məlumdur. Rus ordusunun Azərbaycana yeridilməsi, şəhid verməyimiz, torpaqlarımızı itirməyimiz böyük bəlalar idi. Həmçinin millətin bir hissəsi Mərkəzi Asiyaya köçürüldü. Onlar bu gündə vətənlərinə qayıda bilmirlər. Bu cür dəhşətli facilər yaşadıq. Amma, bu millət yaşam gücünü, dövlətçilik ənənələrini və onu qorumaq gücünü göstərdi. Məncə bunlardan bir nəticə çıxarmaq lazım.
– Bu gün xalqımız Şimallı, Cənublu hər kəs B.Vahabzadəni, Şəhriyyarı, S.Rüstəmi vətən şairləri adlandırırlar. Sizi də həmçinin. Sizcə bu nədən irəli gəlir?
– Bu suala cavab vermək həqiqətən çətindir. Məsələn, küçədə, bazarda məni tanıyan insanlarla rastlaşanda “gözəl insan necəsiz?”, “nə var nə yox?” kimi sözlərlə salamlayırlar. Qəribə gəlir ki, bu insanlara “gözəl” sözünü kim diqtə edib. Görünür heç kim deməyib və öz-özünə formalaşıb. Belə sözlər bəzən məni incidir.
“Ömür kitabım” 1988-ci illərdə gənclərin əlində bayraq kimi gəzirdi. Hətta qızlara cehiz kimi verirdilər. Bu kitabım fantasdik bir rəqəmlə, 250 min tirajla çap olundu. İnanın ki, elə bir ev yox idi ki, o kitab orada olmasın. Düşünürəm ki, bu mənim işim deyildi. Bu taleyin işi idi. Kitabın oxuna biləcəyini düşünmədən ürəyimi boşaltmışdım. İllər ərzində bu kitaba ancaq torpağımla, vətənimlə, taleyimizlə bağlı düşüncələri yazmağa çalışmışam. Bir aralar bu düşüncələr auditoriyalarda sakit qarşılanırdı. Ancaq bir sevgi şeirini daha yaxşı qarşılıyırdılar. Birdən-birə 70-ci ildə bir intibah başlandı. Artıq bu şeirlər auditoriyanı ayağa qaldırırdı. Həmin şeirləri rayonlarda, universitetlərdə, zavodlarda və başqa yerlərdə səsləndirəndə divarlar titrəyirdi. O vaxtlar ədəbiyyatın çərçivəsini genişləndirməyə çalışırdıq. Bəlkəm də, həmin mövzular publisistikanın mövzuları idi. Mən isə daha çox şeirlə narazılığımı bildirirdim. Həqiqətən vətən və Azərbaycanın taleyi ilə bağlı şeirləri daxildən gələn hislərin təsiri ilə yazmışam. Bunlarla şöhrət qazanmağı düşünməmişəm.
Bəxtiyar Vahabzadə müəllimim olub. Onunla sonra çox yaxşı dost olduq. Xəlil Rza ilə də yaxşı dostluq əlaqələrim var idi. Burada Məmməd Arazın adını da qeyd edə bilərəm. Zaman keçəndən sonra hiss elədim ki, yollar gəlib birləşib. Şeirlərimi dəb xatirinə yox, daxili tələbatın zərurəti ilə yazmışam. “Ömür kitabı”nda vətən tarixi ilə yanaşı, öz ömrümü də yazmışam. Çünki ömrüm vətən ömründən ayrı deyil. Təəssüf ki, həmin dövrdə oxunan şeirlər indi oxunmur və dəbdən düşüb.
– Həmin dövrlə indiki dövri müqayisə etdikdə, niyə həmin əsərlər oxunmur və ya dəbdən düşüb?
– Görünür xalq Qarabağ məğlubiyyətini qəbul edə bilmədi. Məğlubiyyət bir çox dəyəri müvəqqəti olsa da, əlimizdən aldı. Bizə düşmən olan qüvvələr bundan ustalıqla istifadə edirlər. Bu gün tanıdığım millət ayrı bir millətə çevrilir. Bununla bağlı “Bu mənim xalqım deyil” adlı şeirim var. Sanki xalq bir pisxoloji duruma gəlib.
– İndi isə “Tarixi roman”lardan söhbət açmaq istəyirəm. “Tarixi roman” ənənəsi ötən əsrdən başlayıb. Bu ənənənin elə bir qədim tarixi yoxdur. Bu ənənə ötən əsrdə formalaşıb. Hal-hazırda “Tarixi roman” yazan simalardan birisiz. Bu nə ilə əlaqədardır?
– Tarix bir güzgüdür. Millət bu güzgüyə baxmalıdır ki, özünü daha aydın görsün. XIX əsrdə Rus-İran müharibəsində ruslar qələbə çaldı. Beləliklə, ruslar xalqımızı daha da gəncləşdirmək üçün bir sıra addımlara əl atdılar. Əlifbamızı dəyişdirərək bizi balaca bir xalq kimi təqdim etməyə başladılar. Türk xalqının hərəsinə bir əlifba verərək onları bir-birindən və tarixdən qoparmaq istəyirdilər. Bu rusların türk düşmənçiliyinin son həmlələri idi. Bunları daha çox Azərbaycan tarixi kitablarında görürük. Həmin kitablarda guya türklər bu torpaqlara XI-XII əsrdə köçüb gəliblər, ruslar türkləri Avropa ilə tanış edib və s. kimi türklərin əleyihə yazılar yazılırdı. Hətta “Dədə-Qorqud” dastanı belə yasaq idi. “Dədə-Qorqud” dastanını 60-cı illərdə çap elədilər. Əvvəllər mümkün deyildi. M.S.Ordubadinin “Qılınc və qələm” əsəri də uzun müddət çap olunmadı. Xalqı tarixdən qopardaraq, kökündən çıxarmaq və ya ağac kimi qurutmaq istəyirdilər. Buna görə də tarixə qayıdış bir zərurət idi. 1988-ci illərin meydan hərəkatında bir universitet var idi. Meydan hərəkatına rəhbərlik edənlərdən biri də mən idim. Meydanda xalqın tarixindən tez-tez danışırdıq. Bu meydana çoxlu axın vardı. Bunların təsiri ilə bir ehtiyac yarandı və “tarixi romanlar” meydana gəldi.
– “Tarixi roman”larınızdan olan “Difai fədailəri” haqqında söhbət açardız. Bu romanla oxucuya bildiklərinizi tam çatdıra bildizmi?
– Təbii ki, hər şeyi oxucuya çatdırmaq olmaz. Mənim birinci tarixi romanım “Xətai yurdu” romanı olub. Bu romanda ötən əsrin 80-90-cı illərin əhvalatları öz əksini tapıb. Buradakı hadisələr mənim gözümlə yazılıb. Meydan iştirakçısı idim. Təsəvvür edin ki, meydanda milyon yarım adam var idi. Hər bir insanın isə öz meydanı vardı. Bunların hamısını yazmaq çox çətindir. Difai hərəkatı isə nisbətən daha konkret bir məsələdir. Difainin sənədləri itib, yandırılıb. Bəzəndə özləri sənədləri məhv ediblər ki, ələ düşməsin. Bu səbəbdən arxivlərdə çox az sənəd var. Məhz buna görə burada meydan dardır. Konkret Əhməd Ağaoğlu var və onun gördüyü işlər. Difai fədailəri sonralar yaşayıblar və AXC-nin qurulmasında böyük xidmətləri olub. Təbii ki, yazıçı kimi təxəyyülümün məhsulu var. Ancaq roman əsl faktlar əsasında yazılıb.
– Sabir müəllim, bu gün gənclərdən kimləri oxuyursuz?
– Buna cavab verməkdə çətinlik çəkirəm. Keçən əsrin ilk 17 ili ilə, indiki əsrin ilk 17 ilini müqayisəyə gətirmək olmur. İndi həmin dövrdəki insanlar yoxdur. Bəlkəm zaman və şərait eyni deyil. Əlbəttə, cavanları oxuyuram. Rasim Qaraca, Pərviz Cəbrayılzadən üzü bəri cavanları oxuyuram. Bunların yaşı indi 50-ni keçər. Şərif Ağayar, Qan Tural, Seymur Baycan, Səhər, Nərmin Kamal, Aysel Əlizadə, Şahinə Müşviq, Pərvin, Faiq Balabəyli, Aqşin, Emin Piri, Kəramət Böyükçül, Sərvər Kamranlı kimi və s. gəncləri oxuyuram.
– Günün neçə saatını mütaliəyə ayrırsız? Əvvəlki mütaliə ilə indiki mütaliə arasında hansı fərqi hiss edirsiz?
– Əlbəttə, əvvəl çox yazıb, çox oxuyurdum. İndi texniki işlər çox vaxtımı aparır. Köhnə qovluqlarımda yazılarım var və bunları sistemə salmaq lazım. Vaxtımın bir hissəsini buna sərf edirəm. Hər halda oxumaq davam edir. Kitabxanam böyükdür. Hərdən kitablara baxıb təəssüflənirəm ki, bunları oxumağa vaxtım yoxdur. Yenə imkan tapıb oxuyuram. Elə bir gün yoxdur oxumayam. Gecələr şeir yaza bilməyəndə, kitab oxuyuram. Həmçinin jurnalları da oxuyuram. Oxumadan yaşamaq mümkün deyil. Bu artıq bir vərdişdir. Bir neçə kitabı yanaşı oxuyuram.
– Son dövr ədəbiyyatında xüsusi ilə də müstəqillik illərindən üzü bəri tarixi qoşmalardan, bayatılardan, müxəmməslərdən, gərayılılardan ayrı düşümüşük. Bu gün qəzet və jurnallarda həddindən artıq sərbəst şeirlər çap olunur. Nənələrimizin, babalarımızın, ata və analarımızın dillərində qoşma, gəraylı, bayatı kimi ənənəvi şeir növlərini tez-tez eşidirik. Bunun səbəbi nədir?
– Mən bu cür sərhəd çəkə bilmərəm. Mənim üçün janr məhdudiyyətləri yoxdur. Əsas istedaddır. Yazılan şeirə baxan kimi poetik istedad olduğu görünəcək. Sərbəst şeirlər əzbərlənməsə də ədəbiyyatda yaşayır. Bütün ədəbiyyat əzbərlənmək üçün deyil. Buna görə də məhdudiyyət qoymuram. Son dövlərdə qoşma, gəraylı adına zəif şeirlərdə yazılır. Əsl istedaddan törəyən şeir uzaqda olsa belə parıldayır və görünür.
– Regionlarda yaşayan şair dostlarınız var? Onlarla əlaqə saxlayırsız? Bu şairlərdən kimlərin adlarını sadalaya bilərsiz?
– İsmayıllıdan şair Musa Yaqub, Şirvandan Tofiq Hüseyn(tələbə dostumdur), Gəncədən İradə Aysel, Dəvəçidən Aybəniz, Cəlilabadan Böyükxan Bağırov(bu yaxınlarda rəhmətə gedib), Yardımlıdan Aslan, Qazaxdan Barat Vüsal, Qubadan Ramiz Qusarçaylı, Tovuzdan Əkbər Qoşalı və Məmməd İsmayıl kimi bir çox şair dostlarım var. Düzü əvvəlki kimi əlaqə saxlaya bilmirəm. Əlaqələr sanki məhdudlaşıb. Bölgələrdə istedadlı adamlar var.
– Bəs Tovuzlu qələm dostlarınızdan kimləri xatırlayırsız?
– Tovuz rayonundan çoxlu dostlarım var. Ümumiyyətlə, Tovuz mənim keçdiyim yollarda çox dərin izi olan bir bölgədir. Tovuzlu şair dostum Məmməd İsmayılla kirayə həyatı yaşamışıq. Həmçinin Tovuzlu şair İsa Cavadoğlunun şeirlərini oxumuşam. Tovuz aşıqlarından Məstan Günər, Mikayıl Azaflı, Aşıq Əkbər, Aşıq İmran ilə dost idik. Onlar Bakıya gələndə bizim evdə qalırdılar. Tovuz bərəkətli diyardır. Həmişə burada söz insanları olub.
– Sonda oxuculara xüsusi ilə də gənc oxuculara nə sözünüz var?
– Məni incidən məsələlərdən biri də cəmiyyətdə sevginin azalmasıdır. Adamlar bir-birlərinə qarşı biganələşib. Millət, xalq o zaman xoşbəxt olur ki, hər bir fərdi özünü sevgi mühitində hiss eləsin. Bu sevgi azalıb. Bunu yenidən cəmiyyətə qaytarmaq lazımdır. Milli əxlaqı qorumağa çalışmalıyıq. Gənclər bunlara ciddi fikir versinlər. Azərbaycanda hər bir evin qapısını ərklə, öz qapım kimi döyə bilərəm. Mənim evim bütün Azərbaycandı. Sonda deyim ki, bu millətin düşmən üzərində ciddi bir qələbəyə ehtiyacı var ki, millətin qəddi düzəlsin.
Söhbəti qələmə aldı:
Azərbaycan Aşıqlar Birliyinin üzvü,
Mahmud Əyyub