Bu gün telejurnalist, şair, Milli Qəhrəman, şəhid Alı Mustafayevin doğum günüdür…

Bu gün telejurnalist, şair, Milli Qəhrəman Alı Mustafayevin doğum günüdür.
A.Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
O, tələbəlik illərindən Azərbaycan Dövlət və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa başlayıb. Lirik şeirləri və publisistik yazıları ilə mətbuatda dərc olunmağa başlayıb. 1990-cı il Qanlı 20 Yanvar hadisəsini lentə alıb.
Alı Mustafatevin Dağlıq Qarabağ müharibəsi zamanı cəbhə bölgəsindən hazırladığı reportajları böyük rəğbət qazanıb. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub.
1991-ci ilin 18-19 noyabrında erməni quldurları Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilməyib və o, səhəri gün iş yeri olan Azərbaycan Televiziyasına gələrək təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürüb. Səhhətindəki problemlərə görə yoldaşları onu bu səfərdən daşındıra bilməyib. Noyabrın 20-də Ağdamdan Azərbaycan dövlət və hökumət rəsmiləri, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu da son anda özünü yetirib.
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd yaxınlığında, Ağdam rayonunun Mərzili kənd ərazisində ermənilər tərəfindən vurulan Azərbaycan hərbi helikopteri hadisəsində həlak olub. Hesablamalara görə Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mi-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Qəhrəmancasına şəhid olan Alı Mustafayev Şəhidlər Xiyabanında dəfn edilib. 
Allah rəhmət eləsin!
Share: