
Əlizadə NURİ
Bənövşə görəndə boynumu burdum…
Yeddi min xalıya bəs edər bəlkə-
Göydə qövsi- qüzeh yeddi rəng imiş.
Min ildi şeytanı daşlayırıq biz
İlahi, bu şeytan nə nəhəng imiş?!
.
Bir qələm hönkürdü varaq başında,
Əlim saçındaydı, daraq başında.
Bir gün çıxıb getdin bulaq başından-
Səndən xatirə də bu səhəng imiş.
.
Ayrılıq yandırdı qışın qarında,
Əyri yozularmış düz ilqarın da.
…Öpdü bir- birini dodaqların da-
Sənin dodaqların bir ahəng imiş…
.
Gəl bölək qazancı, çıxarı başdan,
Buxar evdən çıxar, buxarı başdan.
Məni çağırdılar yuxarı başdan-
Bu dəfə gələn zəng başqa zəng imiş.
.
Gördüm yer qurtarır, bir azca durdum,
Bənövşə görəndə boynumu burdum.
…Bu gün yer üzünü göyə uçurdum-
Sən demə, bu yer də çərpələng imiş…
Hamı çıxır su üzünə…
Hamıdan çıxıb gedəsən,
Gedəsən çox uzaqlara.
Yer üzünü tapşırasan
Bu balaca uşaqlara…
.
Götürəsən qələmini,
Son şeirinin varağından.
Hərdən əyilib öpəsən
Çiçəklərin yanağından…
.
Bir qız çıxa yolun üstə,
O ağlaya, yol ağlaya.
Gedəsən batan günəşi
Soraqlaya soraqlaya…
.
Ayı bağrına basasan,
Qaranlığın inadına.
Yorulanda baş qoyasan
Bir göyərçin qanadına…
.
Bir kimsənin olmadığı,
İzdihama yeriyəsən.
Gözlərindən ay işığı
Dama-dama yeriyəsən…
.
Dalğaları çevirəsən,
O üzünə, bu üzünə.
Bat, ya batma, nə fərqi var-
Hamı çıxır su üzünə…
.
…Qoy arxanca danışsınlar:
Hara getdi, niyə getdi?
Bir uşaq göyü göstərə-
Allahı görməyə getdi…
Nədir?..
Axı, belə gözəl olmaz,
Yuxudu gördüyüm, nədir?
Əgər əllərim deyilsə
Saçına hördüyüm nədir?
.
Bu Zəncandı, Marağadı,
Barı sənsən, bağ haradı?
Bu dünyadı, mağaradı-
İçinə girdiyim nədir?
.
.
Vursun məni- əgər haqsa,
Ölməyibsə- hələ sağsa.
Bu, özgəylə yaşamaqsa
Səninçün öldüyüm nədir?..