Bu gündən problemli kreditləri olanlara kompensasiya ödənişi başlayır – RƏSMİ

Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı birgə açıqlama yayıb.

Müstəqil.az-a daxil olan birgə açıqlamada deyilir ki, Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.

Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək.

 

22 aprel 2019-cu il tarixindən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayacaq.

Bütün ödənişlərin yuxarıda qeyd olunan Fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

Share: