Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Ulucay Akifin “Pul axtaranlar” hekayəsi haqda yazarların və ədəbiyyatşünasların fikirlərini təqdim edir.
Cavanşir Yusifli: “Ulucayın “Pul axtaranlar” hekayəsi klassik hekayə tipindədir, yəni yaxşıdır. Mövzu sırf nəsr diskursunda çözələnməli mövzudur, müəllifin hər gün həyatımızdan keçən, yaddaşda müəyyən yox, qalın (ağır-!), heç zaman silinməyəcək izlər salmış xatirələrə yanaşması hadisənin özünün qəribəliyinə rəğmən, sanki çox-çox uzaqdan və kənardan nəql edilir (necə ki təsvir edilən o alçaq boylu dağın başından şəhərin əl içində görünməsi… misalı). “Xüsusi məqsəd və niyyətsiz” təhkiyə aktı bir məhəllənin içində gəzib də ona kənardan baxmağı şərtləndirir. İnsan xasiyyət və xarakterindəki müəyyən, bir az yox, son dərəcə qəribə cizgilərin onun taleyi ilə bir əsas məqamda çulğaşması nələr yaradır? Müəllif bu nöqtəni nişan verib ordan dərhal da uzaqlaşır. Yaxşı da eləyir. Sanki… danışılan əhvalatın, onun nəql tərzinin üstünə adamı günün günorta çağı bezdirən gün işığı düşüb, tez bir zamanda əhvalatın necə sonuclanacağını bilmək istəyirsən. Təhkiyə səni bu axtarışından kənarlaşdırır, unudursan hər şeyi. Zənnimizcə, belə bir nəfəs genişlənməlidir, onun həniri hiss edilməlidir”.
Rasim Qaraca: “Pul axtaranlar” hekayəsi Bakının kasıb insanların yaşadığı qıraq məhəllələrindəki tüfeyli uşaqların həyatından bəhs edir. Bu həyatın pərdə arxası şübhəsiz maraqlıdır. Müəllifin istedad sahibi olduğu hiss olunur, əsas odur ki təsvir etməyi və cümlə qurmağı bacarır. Gələcəkdə yaxşı əsərlər yazacağına ümid edirəm. Bu hekayədə isə baş vermiş hər hansı bir hadisə yoxdur (mənim hekayə anlayışıma görə hadisə mütləq olmalıdır). Keçmiş xatirələrin uzun uzadı təsviri sonda hekayəyə çevrilmir. Əvvəldən sona qədər müəllifin və ya hadisəni danışan birinci şəxsin əsas qəhrəmana – İbişə münasibəti neqativdir, halbuki birlikdə oğurluğa gediblər, yoldaşlıq ediblər. Hekayə bu etiraf üzərində qurulsaydı daha struktural təsiri bağışlayardı, hekayənin emosional gücü ortaya çıxardı. Belədə isə hekayənin qurğusu yoxdur. Birlikdə bağa girmək hadisəsinin üzərindən tələsik keçilib, “birinci şəxs” ağıllı uşaqdır, tərbiyəlidir, İbiş isə avara olduğuna görə axırda türməyə düşür – müəllif bunumu demək istəyirdi? – əmin deyiləm”.
Seymur Baycan: “Hekayədəki dinamika xoşuma gəldi. Asan oxunur, cümlələr adamı yormur. Amma hekayədə artıq yerlər də var.
Yazını, hekayəni arındırmağı bacarmaq tərcübəylə yaranır. Yazdıqca qələm cilalanır. Müəllif nəyin artıq olduğunu yavaş-yavaş öyrənir. Əlbəttə, bunu hər həsə aid etmək olmaz. Elə adamlar var ki, on, on beş kitab yazıblar, amma nəyi və necə yazmağı hələ də öyrənməyiblər. Əsas odur ki, hekayədə pafos yoxdu. Qalanları təcrübəylə, zəhmətlə düzələn şeylərdi. On-on beş hekayə yazandan sonra daha həcmli mətnlərə girişmək olar. Amma müəllif məncə hələlik yerli ədəbiyyatı yaxşıca oxumalıdı. Özü də ağına-bozuna baxmadan. Nə gəldi və kimdən gəldi”.
Şərif Ağayar: “Bakının ətraf qəsəbələri, gecəqondu məhəllələri haqda hekayələr çox azdır. Halbuki indi gənc qələm adamlarının bir çoxu bu cür kasıbyana məhəllələrdə yaşayır. Bu hekayə bu mənada mənə maraqlı gəldi. Mövzuya uyğun sadə dildə, səmimi təhkiyə ilə yazılıb. Məncə, belə hekayələri silsilə eləmək olar. On dənə, on beş dənə, hətta ayrıca kitab kimi. Eyni mövzu ətrafına yığılan fərqli hadisələr ümumi bir roman əhvalı yaradar. Təsir gücü daha da artar və müstəqillik dövrü Azərbaycanının bu orijinal mənzərəsinə daha geniş panoram açılar. Şəhərə qaynayıb-qarışmayan, qəsəbə də ola bilməyən, üstəlik kənd kimi qalmaq lüksünü də itirən bu qeyri-adi coğrafiyada qeyri-adi adamlar yetişir. Eyni zamanda, küçədəki daşları təpikləyib yan-yörəsində pul axtaran və gələcəyi həbsxanadan sığortalanmayan narahat bir gənclik… Bu, həm də günümüzün ağrıyan yarasıdır.
Sevinc Elsevər: “Sadə, realist hekayədir. Mənim uşaqlığımın, gəncliyimin bir hissəsi həmin o “20-ci sahə” deyilən yerdə keçib. Gözümün qabağında 90-cı illərin axırları canlandı. Yoxsul evlərdə böyüyən oğlan uşaqları dəmir-dümür yığıb, şüşə toplayıb satır, kompüter salonlarına gedirdilər. İki qardaşım var, onların uşaqlığı göz önümdə canlandı. O kompüter salonları nə qədər uşağın təhsil həyatına, hətta taleyinə təsir elədi. İndi də mobil telefonlar baş bəlamızdır. Hekayə uzun idi, ancaq mənə elə gəldi ki, tez bitdi. Əhvalatların çoxluğuna görə idi bu da”.
Aqşin Yenisey: “Hekayə bir yazıçının üslub fərqini göstərmək üçün ən uyğun formadır. Ulucayın bu hekayəsi üslub yaratmaq məqsədindən uzaqdır. Çünki hekayənin üslubu seçdiyi obrazların həyat tərzindədir. Elə obrazlar var ki, istəsən belə onlar haqqında zəif yazı yaza bilməzsən. Bu cür obrazların həyatından bəhs edən əsərlərdə ustalıq yazıçıdan çox, obrazların öhdəsində qalan məsələdir. Ulucayın seçdiyi qəhrəmanlar da belələrindəndir. Xüsusilə “daşları təpikləyə-təpikləyə dolaşan gənc” həyatdan götürülmüş uğurlu elementdir. Təəssüf ki, hekayədə bu cür elementlər azdır. Əksinə, ümumiləşdirmələr çoxdur. Bədii materialı topdan təqdim etmək Azərbaycan nəsrinin əskikliyidir. Peşəkar yazıçı “məhləyə xlorsatanlar gəlirdi” deməməlidir, əvəzinə, bircə xlorsatan üzərindən elə bir detalı təqdim etməlidir ki, oxucunun xəyalında ümumi mənzərə yaransın. Buna deyirlər estetika. “Daşları təpikləyə-təpikləyə küçələri dolaşan iki gənc” detalı oxucunun gözünün qabağında bütün məqsədsiz-filansız yaşayan Azərbaycan gəncliyini canlandırığı kimi”.
Mirmehdi Ağaoğlu: “Ulucayın şeirdən hekayəyə keçməsini alqışlayıram, ona uğurlar arzulayıram. Keçmişə həsrətlə, nostalgiya ilə dolu, bir az da naturalistik lövhələrlə zəngin hekayədir. Yaxşıdır, Ulucay oxucunu keçmişə, nəql elədiyi dövrə apara bilir. Sadəcə mənə elə gəlir ki, hekayənin mərkəzi düzgün seçilməyib. Yəni hekayənin özəyi, cövhəri nə idi? Məncə, Ceyhunun yaxşı futbol oynamağı, hətta Karlos deyə çağırılmağı futbol maçındakı hansısa bir hadisə ilə bir qədər də dərindən işlənilməli idi ki, oxucu onun gələcəkdə peşəkar futbolçu deyil də oğru olmağına içdən üzülə bilsin: Təxminən belə ki, heyf o ayaqlara, millinin butsılarını geyə bilərdi, elektron qandal gəzdirir. Bunlara kifayət qədər zəmin də var, sonda ayağını çırmalayıb topuğunda qolbağı göstərməsi… Ümid edirəm, Ulucay gələcək hekayələrdə “mərkəz” dediyim bu tarazlıq nöqtəsini daha asan tapacaq, axı o da axtarır, Ceyhunla İbiş kimi”.
Samirə Əşrəf: “Ulucayın bu hekayəsi gözümün qabağında yazılıb. Mən o hekayəni bir neçə dəfə oxumuşam. İlk dəfə oxuyandan ondakı nəsr istedadını hiss eləmişdim. Həmişə bu fikirdə olmuşam ki, şair ömür boyu şeirdə qala bilməz. Ulucayı şair kimi tanıyırıq, ancaq onun publisistik yazıları da çox maraqlıdır. Hekayəni oxuyanda çox xoşuma gəlmişdi. Çünki orda onun uşaqlıq illərini, “20-ci sahə” ətrafında yaşadığı dövrləri, uşaqların bir-birinə və valideynlərinə olan münasibətini, dostluqlarını çox yaxşı əks etdirə bilib. İdeya da çox yaxşıdır bu hekayədə. Hesab eləyirəm ki, ilk qələm təcrübəsi üçün çox uğurludur. Uğurlar arzulayıram”.
İlham Əziz: “Bu hekayəni Ulucayın ilk nəsr məşqi sayıram. Pul axtaranlar mövzusu yenidi, maraqlıdı, ad özü oxucunu ahənrüba kimi özünə çəkir. Hekayə sadə dildə yazılıb. Qəsəbə estetikası, məhəllə xüsusiyyətləri hekayədə hiss olunur. Ancaq bədii mətni çox sadə dillə yazmaq, onun kəsərini azaldır. Yazıçılıq hamının gördüyü situasiyanı başqa biçimdə, gözəl ifadə eləməkdir. Hekayənin ortalarına doğru mətndə reportaj əlamətləri görünməyə başlayır. Bu da təhkiyəçinin daimi gördüyü işdən qaynaqlanır. Yaxşı ki, sonlara doğru təhkiyənin əl-ayağı yığılır, son əvvəllə ilgəklənir. Şeirdən fərqli olaraq nəsr davamlılıq tələb edir. Davamlı yazmaq ustalığa aparan yoldur. Bu mənada Ulucay çox yazmalıdır. Dünyada bu qəbildən çoxlu hekayələr, filmlər var. Yazıçı mövzunu işləyəndə onlara nəzər salmalıdır. Bütün bunlarla yanaşı hekayəni bəyənirəm, Ulucaya davamlı yazmağı arzu edirəm. Baş redaktor olduğuna görə tənqidi bir az bol elədim. Uğurlar!”.
Orxan Cuvarlı: “Şairlər nəsrə keçəndə qəribə oluram. Ədəbiyyat tariximizə nəzər salanda bunun Vaqif Nəsib kimi uğurlu nümunəsini xatırlayıram. Ulucay mənə şair ruhlu nasir deyir. Nədənsə, mən də onun şeirlərində həmişə nasir təmkini duymuşam. Ulucay yaxşı mətni, sözü bilən adamdır. Bu baxımdan yanaşsaq, Ulucayın pis yazmaq haqqı bəri başdan yoxdur. “Pul axtaranlar” hekayəsində Ulucay bizə şeirlərində təqdim etdiyi Bayılın arxa küçələrini, müxtəlif talelərini bu dəfə nəsrə daşıyıb. Müəllifin debüt hekayəsi olduğunu nəzərə alaraq tənqidi məqamların üstündən keçirəm. Hekayə qırılmış, keçmişdən boylanan dostluq münasibətlərini, uşaqlıq yaddaşının amansız tərəflərini oxucuya göstərir, məhv olmuş həyatlar bir göz qırpımında üzümüzə çırpılır. Bəzən həyatın ağrı-acısı, min bir zilləti də adamların içindəki saflığı zədələyə, uşaqlıq vərdişlərini tərgidə bilmir. Lap qarşına çıxan balaca daşları təpikləmək kimi… Təbrik edirəm. Uğurlar arzulayıram!”.
Təvəkkül Boysunar: “Ulucayı o mənada təbrik etməyə dəyər ki, mətni oxuyanda müəllifin, şeirdən birbaşa və qəfil şəkildə nəsrə keçib ilk hekayələrini yazan bir qələm adamı olduğunu hiss etmək olmaz. Ulucay sözlərdə və cümlələrdə, demək olar ki, bu cür gözəçarpan və ciddi naşılıqlara, süniliklərə yol verməyib. Təbii ki, hər kəsin hekayələrində olduğu kimi bu mətndə də redaktə qüsurları var. Lakin bu qüsurlar yuxarıda qeyd etdiyim naşılıq və süniliklərdən daha fərqli şeylərdir. Məsələn, Vüqar Van istedadlı və gənc roman ustalarımızdan biri olsa da, onun bu layihədə çap edilmiş hekayələrində həmin naşılıq və süniliklər həddən artıq çox idi. Ulucaysa şair olduğu halda xeyli ehtiyatlı davranmağı bacarıb.
Ümumi hekayəyə gəldikdə isə, zənnimcə, Ulucay əksər müasir nasirlərimizin dəsti-xəttini davam etdirərək onların tərzində bir hekayə qələmə alıb. Onların tərzində – yəni müasir oxucunu cəlb etmək üçün lazımi maraq və təhkiyənin olmadığı bir hekayə. Bunun səbəbi, məncə, müəllifin “yazıçı öz yaşadıqlarından yazmalıdır” devizini tətbiq etməyi olub. Bəli, yazıçı öz yaşadıqlarından yazmalıdır, ancaq yazıçı öz yaşadıqlarını bütöv şəkildə yox, onları ümumi bir detalda birləşdirərək, yaşadıqlarından daha fərqli hala salaraq yazmalıdır. Əks halda, mətn maraqlı olmayacaq, mətn bədiiləşmiş olmayacaq. Bu cür uğursuzluğa indi ədəbiyyatımızda xeyli məşhur olan və bir çoxlarının usta nasir hesab etdiyi şəxslər də düçar olub. Bu tələdən xilas olmaq üçün yazıçı öz həyatını mətndə əks etdirməyə çox da həvəs göstərməməli, öz yaşadıqlarına maksimum laqeyd qalmalıdır. Belə olduqda, müəllifin qələminə yalnız yazı üçün yararlı olan şəxsi yaşantıları gələcək, yəni o yaşantılar filtrdən keçəcək, artıq detallar yazıya gəlməyəcək, oxucu da bundan yorulmayacaq. Bu qeyd etdiklərim, Ulucayın hekayəsi timsalında, əslində, çoxumuza aid olan məqamlardır.
Digər bir məqam isə odur ki, mənim indiyəcən az-çox əldə etdiyim təcrübəyə əsasən, müəllifin mütaliə rasionunda əsas yeri, mütləq və mütləq dünya ədəbiyyatında öz şedevrliyini artıq təsdiqlətmiş olan əsərlər tutmalıdır. Ulucayın bu hekayəsindən məndə belə bir təəssürat yarandı ki, müəllif sanki müasir, yaxud köhnə Azərbaycan nəsrinin zəif və ortabab əsərlərinə öz rasionunda daha çox yer verib. Zənnimcə, bu, bir yazıçını son dərəcə zəiflədib qələmini korşaltmağa xidmət edir. Bu məqamla bağlı ehtiyatlı olmaq lazımdır. Müəllifə uğur arzu edirəm”.
Ülvi Bahadır: “Azərbaycan ədəbiyyatında da, dünya ədəbiyyatında da şeirdən hekayəyə keçən və uğurlu olan kifayət qədər müəllif var. Ulucayın bu realist ruhlu hekayəsində də mən bu uğurun işartılarını gördüm. İlk hekayənin həyəcanı ilə bəzi yerlərdə qırılmalar olsa da, hekayəni bütöv halda uğurlu hesab eləmək olar. Ümidvaram ki, qələmi itiləşdikcə oxucuların qarşısına daha kamil mətnlərlə çıxacaq. Uğurlar arzulayıram”.