“Bu həyat, bu ömür əyləncə deyil, İnsanın Tanrıya hesabatıdır”.

“Bu həyat, bu ömür əyləncə deyil, İnsanın Tanrıya hesabatıdır”.

“ Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə- dönə yenidən yaşanmasındadır”.
(Əbu Turxan)

Tanrının “ol!” kəlməsiylə yaranan bu dünyada ömür yolu deyilən bir ifadə var. Hamıya, hər kəsə aid olan, necə deyərlər, hər kəsin boynuna biçilən bir ifadədir bu ifadə. Bu yol fərdidir. İlk cığırları kələ-kötür olan bu ömür yolunda kimisinin əllərindən yapışıb hamar yola çıxarırlar. Çünki bu kələ-kötürlüyü elə-belə, asancana addımlamaq, nahamarı hamara çevirmək çoxu üçün sevda olsa da, rerallıq ayrı nəsnəni diktə edir. Amma bir başqası isə ağır zəhmət, Tanrı xeyir-duası ilə bütün baryerləri aşaraq öz yolunun ilk cığırını da özü salır. Və bu yolda ilk cığırdaş da, mayak da özü olur. Kimsədən heç bir şey ummadan, özünə, elə lap sözünə güvənərək adlayacağı yol boyu ayağını əzən daş-kəsəyi də özü təmizləyir. Öz yolunu özü açır, özü hamarlayır. Amma öz aramızdır haaa. Yol açmaq, cığırdaş olmaq elə də asan iş deyil ki…Tanrı seçilmişi olan insan oğlu, Adəm övladı öz yolunun şaxtasına-sazağına sinə gərir, boranına-tufanına özü dözür. Ömür yollarının uzunluğu əzəldən nə bəlli olar, nə də ki, ölçülü-biçili olmaz. Hərənin qət edəcəyi yol da bilinməz. Amma qət etdiyi bilinər.
Bu gün ədəbi aləmdə öz dəst-xətti, manerası ilə öz yolunu özü seçən, nahamar olan ilk cığırının “daşını-kəsəyini” alın təri ilə özü təmizləyən, Tanrı seçilmişi olmasını isbat edən yazarlarımızdandır Ağamir Cavad. Ağamir Cavad Lənkəran ədəbi mühitinin aparıcı simalarından olsa da, artıq çoxdandır ki, “əyalət yazarı” ştammından kənardadır. Artıq bu gün Ağamir şeirləri, sonetləri, original, özünəməxsus publisistikası ilə artıq bu çevrəyə sığmır, bu baryerin sərhədlərindən kənarda da tanınır, oxunur və təbii ki, müasir dövrün tələbkar oxucusu tərəfindən sevilir də.
Tanıtım: Cavadov Ağamir Sadıx oğlu 1963-cü ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Lənkəran Dövlət Universitetinin Humanitar elmlər fakultəsini bitirib. Filoloq – müəllimdir. 1980-ci ildən respublika mətbuatında bədii, elmi və publisistik yazılarla çıxış edir. “Füzuli” əsəri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. “Söz” jurnalının redaktor müavini, AYB-nin üzvü, Lənkəran bölməsinin ədəbi məsləhətçisisir. 2002-ci ildə “ Çəkdiyim şəkillərin ruhu” və 2007-ci ildə isə “ Eşq işığı” kitabları çap olunmuşdur.
Onun qələm məhsullarını vərəqlədikcə, oxuduqca sıradan bir söz yığını ilə deyil, yarım əsrdən artıq bir ömrün şərəflə yaşanan illərini ilmə-ilmə, söz-söz oxuyur, Ağamir Cavad şəxsiyyətinə, yaradıcılığına bir daha bələd olur, tanıyırsan. Bu yola, bu rizə eləbelə, dırnaqrası baxmır şair, özünə hesabat verir, ömür yolunun, var olmağının məğzini, mahiyyətini dərk edir:

Günlər seltək axır, ötüşür ay, il,
Dərd-qəmin içində toy büsatıdır.
Bu həyat, bu ömür əyləncə deyil,
İnsanın Tanrıya hesabatıdır.

Elmin qüdrətiylə etmişik əsir
Torpağın təkini, göyün qatını.
Gecələr yuxumuz ərşə çəkilir,
Veririk gündüzün hesabatını.

Haqqa qərar versin qəlbinin səsi,
Həsrətə gedən yol zamanı dələr.
Qoyular ortaya mizan-tərəzi,
Yaxşı da, yaman da hesaba gələr.

Ağamir şeirlərində özü öz bələdçisi rolunda çıxış edir. Oxudqca oxuyur… və şərəflə yaşanan bir insan ömrünü rakursdan bir daha görür, kəşf etmiş olursan. Oxucu bu yarıməsrlik şeir-sənət yolunun salnaməsini oxuya-oxuya bu yolun, necə deyərlər, qiyabi yolçusuna çevrilir. Oxuduqca da yolun əsl sahibi ilə bir daha “tanış olursan”. Ağamir yaradıcılığının fərdiliyi bir tərəfdən maraq dairəsinin genişliyidirsə, digər tərəfdən onun hadisələrə münasibətində zamansızlığa nail olmasıdır. Fikrimcə, bunu şərtləndirən başlıca səbəb müxtəlif mövzulu yazılarında araşdırıb ortaya qoyduğu sahəyə yüksək bələdçiliyini nümayiş etdirməsi, bədii üslubunda – yazı manerasında müdrikliklə emosionallığı qoşalaşdırmağa nail olmasıdır. Onun bütün şeirlərində vurğuladığım məziyyətlərə şahidlik etmək mümkündür. Heç şübhəsiz bu da ondan irəli gəlir ki,bütün fikri, xəyalı yaradıcılıqda olan adam çox şeyi və o cümlədən özünü unudur, ancaq yaratmaq ehtirası ilə yaşayır, çalışır ki, yaratdıqları insanlar üçün faydalı olsun. Mənə görə Ağamir Cavad da belə şairlərdəndir. O, yavaş-yavaş, tələsmədən, səliqə ilə “külüng çalan”, hər hansı bir binanın özülünü hazırlayan, o bina üçün hamar və tarazlı daşlar yonan, sonra da onu qaydası ilə tikməyə başlayan bənnanı xatırladır. Görünür, yazıçı sənətinin çətin tələblərini başa düşməsi, bəzi hallarda intuitiv keyfiyyətlərini duyması sayəsində təmkinlə, ağır-ağır yazmaqla bərabər, bu sənətin sirlərini və nəzəriyyəsini dərk etməyə, onun böyük ölməz ustalarının təcrübəsindən aramsız olaraq öyrənməyə çalışır.
Ağamir Cavad Lənkəran Dövlət Universitetinin Filoloji fakultəsinin məzunu olsa da, onun müəllimləri yalnız universitet auditoriyalarında gördüyü ustadlar deyil, həm də dünya şöhrətli söz korifeyləri, klassiklər olub. Nizaminin, Nəsiminin, Füzulinin, Nəvainin, Şəhriyarın şeir dünyalarına yaxından bələd olması onun da bir professional yazar olaraq yetkinləşməsinə stimul yaratmışdır.
Ağamir şeirlərində doğulduğu təbətin havası, ruhu ilə yanaşı mənsub olduğu xalqın ruhu, adət-ənənələri, gələnəkləri də öz əksini tapır. Bu şeirlərdə bizim bir xalq olaraq, bir etnos olaraq keçdiyimiz ömür yolu, yaşadığımız həyat tərzi, günümüz-güzaranımız var. Onun poeziyasında folklor süjetləri, folklor motivləri yenidən və orijinallıqla qarşımıza çıxır. Eyni zamanda xalq dilini dərindən bilməsi, unudulmuş, unudulmaqda olan xalq ifadələrinin poeziyaya gətirilməsi baxımından da Ağamir yaradıcılığı diqqəti cəlb edir. Misralarının bir çoxunda həm xalqımızın həyat tərzinin əks etdirilməsi, həm də xalq dilində, xalq ruhunda olan ifadələrin ədəbiyyata gətirilməsi baxımından çox maraqlıdır.
“Poeziya gözəllikdir.Həyatda hər şeyi gözəl görmək istəyindən yaranır şeir.Mayası gözəlliklə yoğrulmuş bütün yaranmışların bətnində işıq var. İşıqlı söz həyatın gözəlliklərini özündə ehtiva edir. Şeir də işıqdır.” (Sitat şairə məxsusdur).

Ömür karvanının köçündən keçir,
Min ildir əkindən, biçindən keçir.
Zülmət gecələrin içindən keçir
İşıqlı gündüzə, günə məhəbbət,
Məhəbbət, məhəbbət, yenə məhəbbət.

Ağamir Cavad şeirləri mövzu dairəsi və obrazlar sistemi ilə yanaşı forma və janr rəngarəngliyi, qafiyə quruluşu, eyni zamanda bədii təsvir və bədii ifadə vasitələrinin zənginliyi ilə də diqqəti cəlb edir. Bütün bunlar onun əsərlərinə emosionallıq gətirir, obrazlarını daha canlı edir. Onun poeziyasında rəngarəng, orijinal və obrazlılıqla bilavasitə bağlı olan metaforaların cərgəsi genişdir. Obraz yaradıcılığında diqqət çəkən daha bir məqam isə onun obrazı məhz özü kimi – öz dilində, öz ruhunda danışdırmaq qabiliyyətidir. Bu, obraz yaradıcılığında çox mühüm amildir. Vaxtilə Səməd Vurğun yazırdı ki, adi bir insanı alim kimi, filosof kimi danışdırmaq real vəziyyəti təhrif etməkdir və bu da nəticədə çox gülünc alınır. Dəyərli ədəbiyyatşünas Vaqif Yusifli Ağamiri təkcə yaşadığı Lənkəranda və ümumən Cənub bölgəsində deyil, Azərbaycan ədəbi prosesində də tanınan bir şair olaraq dəyərləndirir. Eləcə də Ağanı özünəməxsus poetik üslubu, deyim tərzi ilə seçilən bir şair adlandırır.
Ağa dünyanın gəliş-gedişinə çoxları kimi pessimist olaraq baxmır,

Qarışıb xeyiri, qarışıb şəri,
Astarın dəyişib nimdaş üzüylə.
Öz azğın yoluna çəkib bəşəri,
Hələ ki yol gedir şeytan iziylə.
Özün haqlı sayır, yolun düz bilir,
Bulaşıb halala haram. Düzdü ki?
Dəvənin boynuna bənzər bu dünya,

Soruşsan, deyəcək haram düzdü ki? – yazaraq, obrazlı təsviri, təhkiyyəsi ilə optimistliyini də gizlətmir Ağamir Cavad:

Su paklığı var hər şeyin bətnində,
Yuxarı sudu, aşağı su.
Qaranlıqların bətnindən çıxarır işığı su.
Yaman çox görünsə də gözlərimizə,
Çoxdur, ancaq yaxşıların yaxşısı.
Yaxşılıqlar üçündür fələyin min oyunu da.
Məhşər günü iynənin gözündən keçəcək,
Düzələcək dəvənin boynu da, – deyir.

Nə yazıq ki, hər bir insan bir ömür, tək bir ömür yaşayır. İnsan var ki, yalnız özü üçün yaşayır. Öz maraqları, öz qayğıları, öz ailəsi üçün yaşayır. Haqqı da var, yaşasın. İnsan da var, qolunun qüvvətini, dizinin taqətini, gözünün nurunu, qəlbinin odunu elindən, obasından, xalqından, millətindən, havasını alıb, suyunu içdiyi Vətənindən bircə misqal da olsun əsirgəmədən yaşayır. O da bir ömür yaşayır. Ağamir Cavadın ömür yoluna bələd olduqca, “ O, bu ömrü yalnız özü üçün yaşamayıb” teoriyasını, müddəasını sövq-təbii aksioma çevirmiş olursan, özüdə əminliklə!
Ağamir Cavad bütün yaradıcılığı boyu Əlahəzrət Sözün sanballısını, ağır-yüngülünü çəkməyi bacarıb. Ən başlıcası isə öz “Mən”inə və öz qələminə hər zaman sadiq qalıb. Bu isə yazarın bəlkə də ən ümdə vəzifələrindən biridir. Bu vəzifəni yarıməsrlik zaman boyu şərəflə daşımaq isə əsl hünərdir. Bu hünər sahibi böyük bir ömür yolu keçib. Qoy bu yol göz işlədikcə uzansın. Çünki bu yol boyu onun öz oxucularına hələ deyəcəyi çox sözü var. Hələ misralara düzülməyən çox şeirləri, hələ tamamlanmayan çox əsərləri var. Yalnız irəli!
Dəyərli şairimiz Ağamir Cavada yaradıcılıq uğurları və sayğılarla:

Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru
Baş müəllim
Məcidova Leyla Qadir qızı

Share: