Bu heyvanlar qurban kəsilə bilməz – İlahiyyatçı

Bu heyvanlar qurban kəsilə bilməz – İlahiyyatçı

Qurban verməyin tarixi çox qədimdir. Qurban bayramı islamdan öncə də qeyd edilən, daha dəqiq desək, insanlıq tarixi ilə başlayan bir bayramdır.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli qarşıdan gələn Qurban bayramı haqda deyib.

Onun sözlərin görə, qurban vermək ilk insanlar olan Həzrəti Adəm və Həvvadan bəri mövcud olan bir əməldir:

“Dini mənbələrdə də bu bayram haqda Adəm Peyğəmbərin iki oğlu – Habil və Qabilin arasındakı çəkişmə qeyd edilir və qurbanın Allaha yaxınlığın göstəricisi olduğu vurğulanır. Yəni bu bayramın kökləri Adəm Peyğəmbərə qədər gedib çıxır, lakin Qurban bayramı əsasən Hz. İbrahim və onun oğlu İsmayıl ilə bağlıdır. Təsadüfi deyil ki, Qurban bayramının digər adı da “İsmayıl qurbanı”dır”.

İlahiyyatçının sözlərinə görə, qurban kəsiləcək heyvan kök, iri, sağlam, bir sözlə, qurbanlığa layiq olmalıdır:

“Qurban kəsmək əsasən zəngin adamlara həvalə edilib. Zəngin adamların bu ibadəti yerinə yetirməsi vacibdir. Bu bayramın əsas hədəfi heyvan kəsib ətindən istifadə etmək deyil. Bu bayramın fəlsəfəsi, mənası ondan ibarətdir ki, imkanlı insanlar qurban kəsib imkansızlarla bölüşsün. Beləcə kasıb insanlar da bu bayramın fəzilətindən yararlana bilsin.

Təbii ki, qurban tək və ya müştərək formada kəsilə bilər. Tək kəsiləcək heyvan qoyun və keçi, müştərək kəsiləcək heyvan isə dəvə, camış, dana ola bilər. Bir qurban yeddi nəfərə qədər müştərək kəsilə bilər. Peyğəmbərimiz kəsdiyi qurbanı iki nəfər adına kəsərmiş: Bir ümməti adına, bir də əhli beyti.

Qurban kimi vəhşi ev quşları, çöl heyvanları, balıqlar kəsilə bilməz”.

A.Hacıbəyli qeyd edib ki, yaxşı olardı, bu il qazi, şəhid ailələrinə xüsusi olaraq qurban payları verilsin:

“Müqəddəs Qurban bayramı da birlik, bərabərlik bayramıdır. Vətəndaşlarımızdan kasıblarla yanaşı, xüsusilə qazi, şəhid ailələrinə qurban payı vermələrini məsləhət görərdim. Söhbət onların qurban paylarına ehtiyacından deyil, vətəndaş olaraq hər birimizin diqqət və həssaslığımızdan gedir. Belə bir bayramda onları yalnız qoymaq olmaz”.

Müstəqil.Az

Share: