“2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırılıb”.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının qərarlarına əsasən, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixinədək dayandırılıb. Qeyd edilən tarixdən sərnişindaşıma fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün gözlənilən 132,6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0,97 manata təşkil etməsi gözlənilir”, – deyə açıqlamada qeyd edilir.
Qeyd edək ki, normal iş rejimində 1 gün ərzində Bakı metrosu 600 mindən çox sərnişin daşıyır. Tarif (Qiymət) Şurasının tənzimlədiyi qiymətlərə görə, bir sərnişinin daşınma haqqı 30 qəpikdir. Amma “Bakı Metropoliteni”nin açıqladığı rəsmi məlumata görə, bir sərnişinin daşınması quruma 2018-ci ildə 0,52 manata, 2019-cu ildə 0,51 manata, 2020-ci ildə isə 1,54 manata başa gəlib.
1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, stansiyalarının sayı isə hələ istismar edilməyən “8 Noyabr” stansiyası da daxil olmaqla 26-ya çatır.
Müstəqil.Az