Ötən il ərzində gəmilərdən üç mindən çox konteyner itib. Cari ilin əvvəlindən indiyədək isə mindən çox konteyner dənizə aşıb. “Bloomberg” in açıqlamasına görə, bu konteyerlərin ümumi dəyəri 54.5 milyon dollardır.
Müstəqil.Az “Seanews.az” – a istinadən xəbər verir ki, bu rəqəmlər son 7 ilin rekord göstəricisidir.
Buna əsas səbəbi kimi fırtınalı hava şəraiti və gəmilərin həddən artıq yüklənməsi göstərilir. Mövcud vəziyyət ötən il pandemiya zamanı onlayn alış-verişlərin həcminin kəskin artması ilə daha da qəlizləşib. Bağlama və yüklərin tez və vaxtında çatdırılması üçün konteyner gəmiləri həmişəkindən daha çox yüklənir və daha da sürətlə hərəkət edirdi. Bu da müəyyən qəzaların baş verməsinə zəmin yaradırdı.
Daha bir səbəb konteynerlərin səhv düzülüşü və möhkəm bərkidilməməsidir. Gəmi heyətinin sayının azaldılması, kapitanların fırtına zamanı səhlənkarlığı da səbəblər arasında yer alıb.
Ötən il baş vermiş qəzaların çoxu Sakit okeanda qeydə alınıb. Bura gəmilərin ən intensiv hərəkət etdiyi və hava şəraitinin əlverişsiz olduğu ərazi kimi tanınır.
“Britannia P&I” şirkətinin açıqlamasına görə, hər il təqribən 226 milyon ədəd konteyner gəmilər vasitəsilə daşınır. Bunu nəzərə alan şirkət min konteynerin itməsini böyük göstərici hesab etmir.
Ötən il Hind okeanında “MOL Comfort” konteyner gəmisinin qəzaya uğraması nəticəsində 4 min konteyner okean sularına qərq olmuşdu. Bu hadisə 2013-cü ildə baş vermiş analoji qəzanın rekordunu yeniləmişdi.
Cari ilin yanvarında Çindən Los-Ancelesə üzən “Maersk Essen” konteyner gəmisi səfər zamanı 750 ədəd konteyneri itirmişdi. Bu hadisədən bir ay sonra güclü fırtınaya düşən “Maersk Eindhoven” gəmisinin göyərtəsindən 260 ədəd konteyner itmişdi.
Müstəqil.Az