“Kəpəz” ev oyunlarını Gəncədə keçirə bilməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə futbol klubunun yaydığı açıqlamada deyilir:
“Buna səbəb Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır. Komanda çempionatda ilk ev oyununu Bakıda “Dalğa Arena”da keçirəcək. Digər görüşlər haqda qərar qarşıdakı günlərdə veriləcək”.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ev oyunlarının yerini dəyişməsi “Kəpəz”in azarkeşləri üçün utancverici xəbərdir:
““Kəpəz”in əsas liqaya çıxması bizi çox sevindirdi. Ancaq təəssüflər olsun ki, bu gün aldığımız xəbər bizi, eləcə də bütün “Kəpəz” azarkeşlərini, o cümlədən məni də məyus etdi. Tam olaraq səbəb bilinməsə də, ehtimal olunur ki, Fövqəladə Hallar Nazirliyinin “Kəpəz” stadionunda müəyyən qüsurların olması ilə bağlı verdiyi rəyə əsaslanaraq oyunların Bakıda keçirilməsi qərarına gəlinib. Bu da təbii ki, həm “Kəpəz” üçün, həm də “Kəpəz” azarkeşləri üçün çox utancverici bir xəbərdir. “Kəpəz” Gəncənin futbol komandasıdır. Eləcə də, tarixi olan bir futbol komandasıdır. Bu baxımdan da “Kəpəz”in oyunlarının kiçik sayda – 1000 və ya 1500 nəfərlik azarkeşin iştirakı ilə Gəncədə keçirilməsi çox yaxşı olardı. Çünki “Kəpəz” həmişə gücünü öz azarkeşlərindən alıb. Eyni zamada azarkeşlərinin dəstəyilə hər zaman qələbə qazanıb. Bu baxımdan da mən üzümü tuturam AFFA rəsmilərinə və aidiyyəti qurumlara – “Kəpəz” azarkeşlərinin istəyini nəzərə alaraq ən azından az sayda tamaşaçı iştirakı ilə ev oyunlarının məhz Gəncədə keçirilməsinə icazə verilsin. Düşünürəm ki, belə olacağı təqdirdə digər futbol komandaları üçün də maraqlı olacaq. Həmçinin, Azərbaycanın əsas liqası yalnız Bakıda deyil, paytaxtdan kənarda da keçirilmiş olacaq. Bu, həmişə də belə olub. Digər futbol komandaları avtobus və ya təyyarə vasitəsilə Gəncəyə gedə bilərlər. Bu da ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün böyük töhfə ola bilər”.