Bu mətnə görə müəllifi bağışlamaq olmaz – Hekayə müzakirəsi

Bu mətnə görə müəllifi bağışlamaq olmaz – Hekayə müzakirəsi

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Əsəd Qaraqaplanın “Dağ” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Ulucay Akif: “Son vaxtlar qərar vermişəm ki, innən belə bir dənə də olsun yalan danışmayacam. Nə var onu deyəcəm. İndiyə kimi yalan danışdığım bəsdir. Daha danışmağa yalanım da qalmayıb. Ona görə də, bu müzakirədə nə düşünürəmsə, elə də yazacam.

Əsəd Qaraqaplanın “Dağ” hekayəsini oxudum. İlk abzası oxuyanda, başım fırlandı. Zarafat eləmirəm. Özümü ələ alıb ilk abzası yenə oxudum. Sonra yenə, yenə… Gəlin həmin abzasa baxaq:

“Dağa qalxanda dörd adam idik, dörd də it. Axırda üçümüz qaldıq, bir də mənim itim Reks. Zirvəyə çıxanda Rahidlə mən on üç yaşında idik. Zəfər hələ on ikisində idi, Kərəmsə məndən dörd yaş böyük. Rahidin iti Bobik, Zəfərin iti Bozdar, Kərəmin iti isə Şaron idi. Reks onların cüssəcə ən böyüyü, yaşca ən kiçiyiydi”.

Məsələ orasındadır ki, Əsəd hekayənin ilk abzasını elə yazıb, hekayədən çox tapmacaya, ya riyazi məsələyə bənzəyir. Oxuduqca elə bilirsən ki, abzasın sonunda, təxminən, belə bir sual gələcək: “Reks mənim itimdirsə, Kərəmin itinin neçə yaşı var?”.

Ya “bir boru hovuzu 2 saata doldurusa, Zəfərin iti dağa neçə dəqiqəyə dırmaşar?”.

İlk abzasdan sonra mətndə vəziyyət, nisbətən, düzəlir. Hekayəni abzas-abzas, cümləbəcümlə təhlil etməyəcəm. Əsas problemlərdən biri Əsədin hekayəni şeir lirikası, şeir intonasiyası ilə yazmağa çalışmağıdır. Uğurlu seçim deyil. Hətta bu hekayədəki siqaret çəkmək əhvalatını Əsədin bir şeirində oxumuşdum. Ümid edirəm ki, özü inkar eləməz. Eyni hadisəni həm şeirdə, həm hekayədə yazan müəllif əməlli-başlı “xaltura” eləyib. Olsun.

Məni narahat edən əsas məsələlərdən biri isə hekayədə hadisənin əskikliyidir. Mətni oxuyanda, elə bilirsən ki, hadisə var, amma, əslində, heç bir hadisə yoxdur. Bu hekayə sadəcə poetik duyğular toplusudur. Əsas hekayə komponentlərini görə bilmədim. Heç olmasa, bir “dişəgələn” obraz olsaydı, yenə Əsədi bağışlamaq olardı. Amma bu mətnə görə Əsədi bağışlamaq olmaz”.

Azərbaycan futbolu və həyasız ermənilər

Sevic Elsevər: “Yaxşı hekayə idi. Lap mənsur şeir kimi oxudum. Təbrik edirəm Əsədi, ruha toxunan bir hekayə yazıb”.

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

İlham Əziz: “Mən Əsədi məlum şeiri ilə tanımışam. Dünən hekayəni oxuyanda əmin oldum ki, Əsəd şeir yazmaq istəyib, hekayə yazıb. Dünyada insan sayı hekayə var, hərəsi də bir cür yazılır, yazıla bilər. Sadəcə hekayə yazılandan sonra, kənar, soyuq gözə məəttəl qalır. Bu dəmdə redaktora əşhəddi ehtiyac yaranır. Hekayəni başlayan kimi birinci, üçüncü cümlədəki “idik” kəlməsi neştər kimi gözümə batdı. Atmosferin ağırlığnda yazıçı bu şeyləri bəzən görmür. Mətn övlad kimidir, əyər-əskiyi də adama xoş gəlir. Mütləq yazıb kiməsə göstərməlisən, necə ki uşağı müəllimə yoxladırsan… Xatirə, nostalgiya dolu mətndə dost, it tandemi əvvəldə yaxşı qoyulmuşdu, amma sonda o it necə oldu, bilinmədi. Məni təsirləndirən çox sadə həqiqət oldu: “Dünya necə də geniş imiş”. Bədii mətnin gücü ondadır ki, sadə həqiqət, onun abu-havasında dəhşətli mənaya bürünür”.

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin hekayəsi

Təvəkkül Boysunar: “Müəllifin bu hekayəni ilhamsız və duyğusuz yazdığını demək olmaz. Hekayədə bu duyğunun izlərini və işarələrini görmək mümkündür. Ancaq, məncə, bu iz və işarələr oxucuya zövq vermək üçün yetərli deyil. Mətndəki pərakəndəlik də bu zövqə mane olur. Sıradan, olduqca sadə bir mətndir. Mənə elə gəlir ki, bu cür hekayələr müəllifin özünə xoş gələn, müəllifin özü üçün xüsusi anlam daşıyan, bu səbəbdən də atmaq istəməyib, mütləq hansısa kitabına əlavə etdiyi hekayələr cərgəsindəndir. Belə hekayələrlə oxucu arasında dərin və sıx əlaqənin qurulması isə adətən çox çətin olur”.

ILK XƏBƏR: Qadın qəlbinin gizlinləri - Təvəkkül Boysunar yazır...

Share: