“Cənubi Qafqaz strateji coğrafi mövqeyə malikdir. Səbəb region ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, İran və Türkiyə kimi fövqəldövlətlərlə həmsərhəd olmasıdır. Lakin İrəvanla Bakı arasında uzun illər davam etmiş münaqişə bölgədə ticarətə və iqtisadi, siyasi inteqrasiyaya mənfi təsir göstərib”.
Müstəqil.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə həll olunub, amma postmünaqişə dövründə sabitlik və təhlükəsizliklə bağlı çağırışlar hələ də qalmaqdadır:
“Eyni zamanda, indi regional iqtisadi inteqrasiya üçün yeni imkanlar da yaranır. Həm Ankara, həm də Moskva bu bölgədə nəqliyyat dəhlizlərin açılması yolu ilə regional iqtisadi inteqrasiyaya dəstək verir. Bu mənada, Zəngəzur dəhlizi çox mühüm əhəmiyyət kəsb edən nəqliyyat marşrutudur. Bu layihədə iştirak edəcək bütün tərəflər ondan faydalanacaq. Zəngəzur dəhlizin açılması ilə Azərbaycan eksklavı olan Naxçıvan Muxtar Respublikası, Türkiyə isə birbaşa Azərbaycan və Mərkəzi Asiyanın digər türkdilli dövlətləri ilə birləşəcək. Ermənistana gəlincə, bu layihədən İrəvan da faydalana bilər. Bu halda o, həm əsas siyasi-iqtisadi tərəfdaşı olan Rusiya, həm də İranla dəmir yolu əlaqəsi yaradacaq. Bir sözlə, bu gün Cənubi Qafqazda yeni geosiyasi vəziyyət regional iqtisadi inteqrasiyanı zərurətə çevirir”.
Onun sözlərinə görə, regionda dayanıqlı sülh və təhlükəsizlik yalnız əməkdaşlıq yolu ilə bərqərar ola bilər:
“Şuşa Bəyannaməsinin ən vacib məqamlarından biri Türkiyənin Şuşada konsulluq açmaq qərarıdır. Bu sənəd faktiki olaraq, regionda hərbi-siyasi balansın təmin olunması məqsədilə Azərbaycanda hərbi bazanın yaradılmasına da yol açır. Bu məqamda bir məsələni vurğulamaq lazımdır: Şuşa Bəyannaməsində qeyd edilir ki, Azərbaycana hücum olarsa, yaxud belə təhdid yaranarsa, Türkiyə müttəfiqini qorumaq üçün münaqişəyə qoşulacaq. Bu mesaj təkcə revanşist ideyaları dəstəkləyən Ermənistana deyil, həm də regionda maraqları olan digər oyunçulara ünvanlanıb”.
Aynurə Pənahqızı