“Bu oğlan uşaqlarında gələcəkdə sonsuzluq yarana bilər” — Dr. Pərviz Hacıyev

“Bu oğlan uşaqlarında gələcəkdə sonsuzluq yarana bilər” — Dr. Pərviz Hacıyev

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uşaq uroloqu Uzm. Dr. Pərviz Hacıyevdir. Müsahibimiz oğlan uşaqlarında sıx rast gəlinən uroloji problemlərlə bağlı suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni  təqdim edir:

Arayış

Uşaq urologiyası uzmanı Dr. Pərviz Hacıyev 2009-cu ildə Türkiyə Cümhuriyyətində Ankara Universitetinin Tibb fakültəsini bitirib. 2010-2015-ci illərdə Ankara Universitetində urologiya, 2016-2019-cu illərdə isə uşaq urologiyası üzrə uzmanlıq təhsili alıb. 2015-ci ildə uşaq urologiyası üzrə imtahandan yüksək nəticə əldə edərək Türkiyə üzrə II yerə çıxıb.

2019-cu ildə Belçikada keçirilən “Avropa “Board” imtahanını uğurla keçərək “Avropa Uşaq Uroloqu” (Fellow of the European Academy of Pediatric Urology) titulunu alıb.

2022-2023-cü illərdə Amerika Birləşmiş Ştatlarının təqaüdü ilə Çikaqo Universitetində elmi fəaliyyətlə yanaşı, kliniki təcrübə də keçib.

Avropada uşaq urologiyası üzrə hər il keçirilən beynəlxalq konfranslarda məruzəçi qismində iştirak edir. 2013 və 2014-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırmalar üzrə iki dəfə ardıcıl birinci yerə layiq görülüb.

Avropa Uşaq Urologiyası Cəmiyyətinin, Türk Uşaq Urologiya Dərnəyinin Amerika Urologiya Cəmiyyətinin üzvüdür.

Hazırda “Badam Medical Center”də çalışır.

-Oğlan uşaqlarında ən sıx rast gəldiyiniz uroloji problemlər nələrdir?

-Sünnət xətaları, xayanın enməməsi, qasıq yırtığı, sidik yolları infeksiyası və hidronefrozu qeyd edə bilərik.

-Xayanın enmədiyi aşkar olunarsa, uroloqa nə zaman müraciət etməli?

-Tibbi ədəbiyyatda “kriptorxizm” olaraq qeyd edilən enməmiş xaya hamiləlik, yaxud da erkən körpəlik dövründə bir və ya hər iki xayanın qarın boşluğundan xayaya doğru enməməsi halıdır. Bu zaman xaya qasıq kanalında və ya qarın boşluğunda qalmış ola bilər. Odur ki, yeni doğulmuş və daha əvvəl müayinə olunmamış bütün oğlan uşaqları cinsi inkişafın dəyərləndirilməsi və xayaların yerinin müəyyənləşdirilməsi məqsədilə mütləq uşaq uroloqu tərəfindən müayinə edilməlidir. Nəzərə alaq ki, oğlan uşaqlarının 1-3 %-də  enməmiş xaya görülə bilər.

-Enməyən xaya əməliyat olunmasa, nə kimi fəsadlar yarada bilər?

-Sonsuzluq, xaya xərçəngi və xayanın fəaliyyətinin itirilməsi (xaya atrofiyası) kimi ciddi fəsadlar riskini artıra bilər.  

-Enməmiş xaya nə vaxt əməliyyat olunmalıdır?

-Müasir yanaşmaya görə, 6-12 ay arasında. Ən gec 18 ayadək əməliyyat edilməsi məsləhət görülür.

-Hər enməmiş xaya əməliyyat olunmalıdırmı?

-Bəzi hallar enməyən xaya diaqnozunun yanlış qoyulmasına səbəb olur. Bunlardan ən çox rast gəldiyimiz xalq arasında utancaq xaya kimi bilinən yalançı kriptorxizmdir (retraktil xaya).  Belə xayalar vaxtaşırı olaraq xayalığı tərk edir və yuxarı qalxır. Bu hal xüsusən də uşağa soyuq olanda və ya müayinə edərkən baş verir. Həqiqi kriptorxizmin yalançıdan fərqi ondan ibarətdir ki, yalançı kriptorxizm zamanı xayalar (və ya xayalardan biri) öz yerinə qayıdır və müəyyən müddət orada olur. Həqiqi kriptorxizmdə isə xaya xayalıqda olmur, yalnız əməliyatdan sonra öz yerinə enə bilir. Yalançı kriptorxizm təhlükəli sayılmır və əməliyat tələb etmir. Lakin yalançı kriptorxizm uşaq böyüdükcə 30% ehtimalla əsl enməmiş xaya halına gələ bilər. Buna görə də yalançı kriptorxizm diaqnozu qoyulan uşaqların ildə ən azı bir dəfə mütəxəssis müayinəsindən keçməsi tövsiyə olunur.

-Enməmiş xayanın hormonla müalicəsi varmı, yoxsa yeganə müalicə yolu cərrahiyyədir?

-Avropa Uşaq Urologiya Cəmiyyəti və Amerika Urologiya Cəmiyyəti xayanın endirilməsi üçün hormon müalicəsini tövsiyə etmir. Hormon terapiyası bəzi hallarda – ikitərəfli enməmiş xayalarda cərrahi müdaxiləyə əlavə olaraq təyin edilir.

-Enməmiş xayaların müalicəsindən sonra nəzarət lazımdırmı?

-Əməliyyatdan sonra xayanın (xayaların) mövqeyini və funksiyasını izləmək üçün uşaq uroloqunun müntəzəm təqibi vacibdir. Müayinələrin tezliyi konkret vəziyyətdən asılı olaraq dəyişə bilər. Ümumilikdə götürdükdə isə əməliyyatdan bir neçə həftə sonra, 6-cı ayında və sonra hər il müayinədən keçmək məsləhət görülür.  

-Enməmiş xayalar uşağın gələcəkdə ata olmasına təsir edə bilərmi?

-Bəli, enməmiş xayalar gələcəkdə ata olmağına təsir göstərə bilər. Hər iki xaya enməyibsə və ya müalicə gecikərsə, sonsuzluq riski daha da yüksəlir. Erkən diaqnoz və müalicə mümkün riskləri minimuma endirməyə kömək edə bilər, lakin yetkinlik dövründə övlad sahibi olub-olmadığına diqqət etmək vacibdir.

-Enməmiş xaya ilə xaya xərçəngi arasında əlaqə varmı?

-Uşaqlıqda enməmiş xayaları olan kişilərdə hətta uğurlu müalicədən sonra xaya xərçəngi riski vardır. Hətta əməliyyat olunubsa belə ümumi risk nisbətən az da olsa qalır. Hər hansı anormallıqları erkən aşkar etmək üçün bu cür kişilərin müntəzəm olaraq öz-özünü yoxlaması və vaxtaşırı mütəxəssis müayinəsindən keçməsi vacibdir.

-Uşaqlarda qasıq yırtığının əlamətləri hansılardır?

-Əsas əlamət qasıq nahiyəsində görünən qabarıqlıq, şişkinlikdir. Uşaq ağlayanda, öskürəndə və ya gərginləşəndə bu şişkinlik daha da qabarır. Eyni zamanda ağrı və narahatlıq da görülə bilər.

-Qasıq yırtığı diaqnozu necə qoyulur?

-Adətən, qasıq yırtığı diaqnozu əllə yoxlamaqla fiziki müayinə ilə qoyulur. Əgər şübhə varsa, ultrasəs müayinəsindən də istifadə edilir. Qasıq yırtığının əsas müalicəsi cərrahiyyədir. Bu, qasıq kanalında açıq qalmış sahənin bağlanması və çıxan möhtəviyyatın yerinə qaytarılması əməliyyatıdır.

-Uşaqlarda qasıq yırtığının əməliyyatsız müalicəsi varmı?

-Ümumiyyətlə, qasıq yırtıqları üçün cərrahi olmayan müalicələr tövsiyə edilmir və əməliyyat olunmazsa, ciddi fəsadlara yol aça bilər.  

-Bu əməliyatdan sonra uşağın sağalması üçün neçə müddət vaxt lazımdır?  

-Uşaqların əksəriyyəti əməliyyatdan iki saat sonra qidalanmağa başlayır, bir həftə ərzində sağalır, yüngül ağrı və şişkinlik isə tədricən azalır. İki gün ağrıkəsici siroplar verilir, bəzi hallarda antibiotik də təyin olunur. Öz-özünə əriyən estetik tikişlərdən istifafə edildiyindən tikişlər sökülmür.  

-Əməliyyatdan sonra yenidən qasıq yırtığı yarana bilərmi?  

-Əməliyyatdan sonra qasıq yırtığının təkrarlanma riski ümumiyyətlə aşağıdır. Lakin uşaq uroloqunun müntəzəm şəkildə müayinəsi hər hansı bir problemin vaxtında aşkar olunmasına kömək edə bilər.

-Uşaqlarda sünnət xətaları ilə sıx qarşılaşırsınız?

-Bəli! Təəssüf ki, müayinə etdiyimiz uşaqlarda sünnət xətaları ilə sıx qarşılaşırıq. Bunların bəziləri çox ciddi olur. Ən çox gördüyümüz xəta sünnət dərisinin çox kəsilməsidir. Bu problem gələcəkdə həm cinsi funksiyaya mənfi təsir edir, həm də cinsiyyət üzvünün kiçik qalmasına səbəb olur. Bu da öz növbəsində kişilərdə güvən probleminin yaranması ilə nəticələcənir. Odur ki, sünnət üçün düzgün mütəxəssis seçilməsi çox önəmlidir.

Qeyd: Uzm. Dr. Pərviz Hacıyev uşaqlarda anadangəlmə və sonradan qazanılmış uroloji xəstəliklərin müalicəsi və cərrahiyyəsi ilə məşğuldur. Bura xaya problemləri,  cinsiyyət üzvü xəstəlikləri, hidronefroz (darlıq, sidik axarı reflyuksu), gecə və gündüz sidik qaçırmaları və digər xəstəliklər daxildir. Maraqlananlar həkimlə (050) 444-30-35 mobil nömrəsi və https://uroloq.com/ saytı vasitəsilə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/drpervizhaciyev feysbuk, eyniadlı “drpervizhaciyev” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.


Share: