Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bir çox ölkələr Azərbaycana başsağlığı verir.
Onların sırasında Estoniya və Belarus da yer alıb.
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm”, – deyə XİN başçısı vurğulayıb.
Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.
“2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, diplomatik missiyanın bir üzvünün həlak olması və daha iki əməkdaşının yaralanması ilə nəticələnən silahlı basqını qətiyyətlə pisləyir, azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı və dəstək verir, zərərçəkənlərə tezliklə şəfa tapmalarını diləyirik.
Diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə heç cür bəraət qazandırmaq olmaz”, – deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.