Bu ölkələr Azərbaycana başsağlığı verdi — Siyahı + Yenilənib

Bu ölkələr Azərbaycana başsağlığı verdi — Siyahı + Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bir çox ölkələr Azərbaycana başsağlığı verir.

Onların sırasında Estoniya, Belarus, Qazaxıstan, İordaniya, Finlandiya, Yaponiya, İspaniya səfirliyi, Almaniya və Pakistan da yer alıb.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm”, – deyə XİN başçısı vurğulayıb.

Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

“2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, diplomatik missiyanın bir üzvünün həlak olması və daha iki əməkdaşının yaralanması ilə nəticələnən silahlı basqını qətiyyətlə pisləyir, azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı və dəstək verir, zərərçəkənlərə tezliklə şəfa tapmalarını diləyirik.

Diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə heç cür bəraət qazandırmaq olmaz”, – deyə paylaşımda qeyd edilib.

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə və diplomatik missiya üzvlərinin xəsarət alması ilə nəticələnən silahlı hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb.

“Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını, normalarını pozur və ümumi qınaq obyekti olmalıdır. Qardaş Azərbaycan xalqına, habelə vəfat etmiş Azərbaycan vətəndaşı Orxan Əsgərovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xəsarət almış şəxslərə tezliklə sağalmasını arzu edirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyəti hadisəni hərtərəfli araşdırmasını aparacaq, törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək”, – Qazaxıstan XİN-in bəyanatında deyilir.

İordaniya Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

“Bu gün Tehranda Azərbaycan səfirliyinin heyətini hədəf almış hücumla əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk.

XİN şiddət və zorakılığın bütün formalarını, xüsusilə də diplomatik missiyaları və onların işçilərini hədəf alan hücumları rədd edir və qınayır. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə İordaniya XİN-in bəyanatında bildirilib.

“İnsan həyatına qarşı bütün zorakılıqlar pislənilməlidir”.

Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyinin Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı paylaşımında belə qeyd olunub.

“Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı veririk və bütün yaralılara tezliklə sağalmalarını diləyirik”, – deyə paylaşımda bildirilib.

Yaponiya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma münasibət bildirib:

“Yaponiyanın Azərbaycandakı səfirliyi, Tehrandakı Azərbaycan səfirliyində baş vermiş dəhşətli hadisə nəticəsində həlak olmuş və yaralanmış şəxslərin ailə üzvlərinə və Xarici İşlər Nazirliyindəki həmkarlarına başsağlığını çatdırır, xəsarət alanların tezliklə sağalmasını arzu edir”.

“Azərbaycanın Tehrandakı səfirliyinə hücum xəbəri bizi şoka salıb”.

Bunu İspaniyanın Türkiyədəki səfirliyi bildirib.

“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”, – deyə qeyd edilib.

“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir!”

Bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkızi Asiya Departamentinin direktoru Mattias Lüttenberq bildirib.

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir! Bu cinayətin baş vermə şəraiti mümkün qədər tez bir zamanda araşdırılmalıdır”, – deyə o bildirib.

Tehrandakı hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

 “Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, – deyə Pakistan XİN-dən vurğulanıb.

Bəhreyn Krallığı Azərbaycanın İrandakı səfirliyini hədəf alan silahlı terror aktına münasibətini bildirib.

Bildirilib ki, Bəhreynin Xarici İşlər Nazirliyi dost Azərbaycan hökumətinə, xalqına və şəhid olanın şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir.

Nazirlik Bəhreynin zorakılıq və terror aktlarını rədd edən mövqeyindən çıxış edərək, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və beynəlxalq pakt və normalara uyğun olaraq diplomatik korpusların toxunulmazlığına hörmət etməyə, onların şəxsi heyətinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Qeyd edək ki, “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.


Share: