Türk Şurasının nüfuzu günü-gündən artır. Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq istəməsi bunun bariz nümunəsidir. Türk Şurasına təkcə türk ölkələri deyil, eyni zamanda, türk xalqlarının kompakt yaşadığı ölkələr də müraciət edə bilər.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparovanın Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq istəməsi haqda sözlərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Ukrayna Krım tatarları adından Türk Şurasında müşahidəçi statusu ala bilər:
“Ukrayna təkcə slavyan əsilli ukraynalıların deyil, eyni zamanda, Krım tatarlarının da vətənidir. Rusiyanın Krımı ilhaqından sonra çoxsaylı Krım tatarı, eləcə də bu xalqın siyasi elitası yarımadanın şimalına doğru çəkildi. Bu gün Ukraynada 300 mindən çox Krım tatarı yaşayır.
Xüsusilə Krım yarımadasının Rusiya tərəfdən ilhaqından sonra Ukrayna Ali Radası Krım tatarları lehinə bir sıra önəmli qərarlar verib, mədəni muxtariyyət, təhsil və s. məsələlərdə Krım tatarlarına dəstək nümayiş etdirib. Bu mənada bu gün Ukraynanın Türk Şurasına müşahidəçi olaraq müraciət etməsi əlbəttə ki, müsbət haldır. Ukraynanın təşkilatda olması Krım tatarlarının olması deməkdir. Bu yolla digər türk ölkələri də Ukrayna ilə Krım tatarlarının problemləri istiqamətində fikir mübadiləsi apara, onlara dəstək ola bilər. Həmçinin bu, təşkilatın Qara dəniz ticarətində etibarlı bir tərəfdaş qazanması deməkdir”.
Politoloq bildirib ki, Türk Şurasına həm üzv olmaq, həm də müşahidəçi ölkə statusu almaq istəyən ölkələr çoxdur:
“Ukraynadan əvvəl Macarıstan Türk Şurasına üzv olmaq üçün müraciət etmişdi, hazırda isə müşahidəçi qismində təşkilatda iştirak edir. Düşünürəm, gələcəkdə TŞ-də üzv və müşahidəçi statusunda iştirak edəcək ölkələrin sayı arta bilər. Xüsusilə Macarıstan kimi tarixi köklərə malik olan Bolqarıstan, Monqolustan, qaqauz türklərini təmsil edən Moldova türkmənləri, Cənubi Azərbaycan türklərini təmsil edən İran, hətta Rusiya və Çin belə müşahidəçi qismində müraciət edə bilər. Çünki bu ölkələrdə kifayət qədər türk yaşayır“.
Turan Rzayev