Bu ölkələrlə də hava və quru əlaqələri bərpa edilsin – Deputatdan TƏKLİF

Bu ölkələrlə də hava və quru əlaqələri bərpa edilsin – Deputatdan TƏKLİF

Bu həftənin cümə axşamından etibarən Azərbaycan Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa edəcək. Eyni zamanda, əvvəllər müzakirə etdiyimiz kimi COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd üçün müddət 48 saatdan 72 saata çatdırılıb.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı təqdirəlayiqdir.

V.Bayramov təklif edib ki, bununla yanaşı, turizm mövsümünün başladığını nəzərə alaraq mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələr ilə analoji yumşalmalara gedilməsi məqsədəuyğun olardı: “Belə ki, pandemiyadan əvvəlki ildə Azərbaycan gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan da vacibdir”.

Deputat qeyd edib ki, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur: “2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Post-pandemiya dövründə turizm sektorunda yenidən canlanmanın olacağı gözlənilir. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur.

Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər”.

Share: