Bu payızın nəşəsi var gözümdə, – Şövkət Zərin Horovlunun şeirləri

Bu payızın nəşəsi var gözümdə, – Şövkət Zərin Horovlunun şeirləri

Vətən yallısı

Salam, Xudafərin, salam, Diridağ.

İlxısız, sürüsüz darıxan yaylaq.

Salam, Xan çinarım, söyüdlü arxım,

Zümrüd bulaqlarım, ay varım-yoxum.

 

Gözün aydın, torpaq, gözün aydın, yurd,

Qayıdıb gəlmişik, özünü tox tut.

Unutmadım səni, ata ocağı.

Görüşdük ömrümün bu ahıl çağı.

 

Yuxular çin oldu, yenə gəlmişəm,

Ümidim yaşatdı, mən ölməmişəm.

Gəlmişəm, günahı üstümdən atam,

Gəlmişəm, dizinə baş qoyub yatam.

 

Yaxın dur, qol-boyun görüşək, Araz,

Bu sevinci birgə bölüşək, Araz.

Dilim ağılarda səni ağlamaz

Göz yaşım daşında mamır bağlamaz.

 

Bayrağım yellənir Xudafərində,

Tariximə zəfər yazırıq gündə.

Sərhədləri yarıb, aşıb ordumuz

“Cəngi”də hoylanıb-coşub ordumuz.

 

Paslı zəncirləri qırıb türk oğlu,

Açılıb Gülüstan – Qarabağ yolu.

Şəhid Xudafərin deyilmir ona,

Elləri qovuşub öz muradına.

 

Toy libası geyib Araz qırağı,

Məhşər ayağına çəkilir yağı.

Bu gün bayram edir torpağım, daşım,

Sevinir sinəmə axan göz yaşım.

 

Yığışaq şənliyə, tutaq əl-ələ,

Oğuz türküləri qoy düşsün dilə.

Kəmərtək sarılaq yurdun belinə,

“Vətən yallısı”nı oynayaq yenə.

 

4 oktyabr 2020

 

Oğulların gəlir, ana!

 

Vətən müharibəsinin

ilk günündə anama

gözaydınlığı verdim

 

Dur, qəmi, nisgili daşla,

Ömrü təzədən başla.

Çıx yollar üstə qarşıla,

Oğulların gəlir, ana!

 

Açılıbdır o kor düyün,

Haqqın çatır indi öyün.

“Düşmən çəpəri” – dediyin,

Oğulların gəlir, ana!

 

Çəkildilər oymaq-oymaq,

Töküldülər yarpaq-yarpaq.

Alnıaçıq, üzləri ağ,

Oğulların gəlir, ana!

 

Libasın nifrətdən biçən,

Vətən, torpaq andı içən.

Oddan-alovdan keçən

Oğulların gəlir, ana!

 

Əldən-ələ gəzir bayraq,

Göy üzündə süzür bayraq.

Haqqı qanilə alacaq,

Oğulların gəlir, ana!

 

Qarı düşməni mat qoyub,

Yurdlarına od qoyub.

Bir müsəlləh əsgər olub,

Oğulların gəlir, ana!

 

28 sentyabr 2020

Oğullar

Qədim mədəniyyət beşiyi olan

Şuşanı əsirlikdən azad edən

igidlərimizin şərəfinə

 

İstəyirəm dünya yığışıb gəlsin,

Zəfər sevincinə şərik olsunlar.

İstəyirəm dünya eşitsin, bilsin,

Tariximə tarix yazır oğullar.

 

Görsünlər gözümdən qəmi qovmuşam,

Vətən göylərində azad bir quşam.

Azaddı Laçınım, azaddı Şuşam,

Xəyanətə qəbir qazır oğullar.

 

Canlı sipərdilər, yaş səngərdilər,

Mərdanə can verən igid ərdilər.

Sərhəd dirəyidir, yenilməzdilər,

Süngüylə sərhədi cızır oğullar.

 

Qeyrəti qılınctək sancıb belinə,

Ölüm, qorxu nədir gəlmir eyninə.

Dastan hünərləri sığmır şeirimə,

Durub şəhidliyə hazır oğullar.

 

Sığınıb sıldırım qayaya, daşa.

Qartaldı zirvədə dayanıb Şuşa.

Fərhadtək dağ çapır girib savaşa

Bu dönməz oğullar, bu zor oğullar.

 

Vətəndən vətənə körpü salırlar,

Şəhid düşən yerdə bayraq olurlar.

Ümidlər göyərdib, zəfər çalırlar,

Düşmənin niyyətin pozur oğullar.

 

 

Bu payızı gözlədim

 

Bizə zəfər gətirən

2020-ci ilin payızına

 

Ürəyimcə oldu gələn bu payız,

Doğmalaşdı üzündəki sarılıq.

Bu payızın elə bil ki, yox idi

Gözündə qəm, qucağında ayrılıq.

 

Buludlar da göz yaşların sovmuşdu

Göyərən bu ümidlərin xətrinə.

Göy üzü də qəm karvanın qovmuşdu

Zəfər dolu bu günlərin xətrinə.

 

Bu payızın nəşəsi var gözümdə,

Sarı xəzəl, sanki yanan məşəldi.

Çən-çisəyi nəğmələnib üzündə

Bu payızın ağlamağı gözəldi.

 

Otuz ildir rəsmin çəkib ağrımın,

Həsrətini ürəyimdə közlədim.

Dözə-dözə daş bağlayıb bağrıma –

Otuz ildir bu payızı gözlədim.

 

Od yurduna xoş gəlmisən, payızım,

Çal-çağırlı toy-düyünlər çox olsun.

Ellərimiz geyinsin yaz libasın,

Ömrümüzdən ayrılıqlar yox olsun.

 

Oktyabr 2020

Qarabağ Azərbaycandı

 

Köhnə yaddaşım dirilib,

Qisas qollarım gərilib.

Düşmən ayağa sərilib,

Bu qüdrət bizə haqdandı,

Qarabağ Azərbaycandı.

 

Yenə oynar qılınc, qalxan,

Yağının başında çaxan.

Alay pozan, sədlər yıxan

Koroğludu, Səttarxandı,

Qarabağ Azərbaycandı.

 

Bu Xan Araz, o Bərgüşad,

Gözlərində gülür həyat.

Bu Murovdağ, o Ziyarət,

Xankəndi, Əsgərandı,

Qarabağ Azərbaycandı.

 

Qalxıb gələr Pənahəlixan,

Sultan ağa da Laçından.

Bir səs ucalar Şuşadan,

O Xan qızı Natəvandı,

Qarabağ Azərbaycandı.

 

Bakı bir qaladır bil ki,

Dayanıb sərkərdə təki.

Muğan, Şirvan, Gəncə, Şəki,

Bölünməz ürəkdi, candı,

Qarabağ Azərbaycandı.

 

Zabit oğlum qorxu bilməz,

Əsgər balam geri dönməz.

Qalxan bayraq bir də enməz

Haqq işimiz qana-qandı –

Qarabağ Azərbaycandı.

 

Bakı, sentyabr 2020

 

 

 

Share: