Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Müstəqil.Az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və prinsipial siyasət barəsində danışarkən deyib. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə vətəndaşının mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib:
“2019-cu ilin ilk aylarından ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib. Qısa müddət ərzində minimum əmək haqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması Azərbaycanda həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanlarının genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir. Problemli kreditlərin həlli istiqamətində məlum sənədin imzalanması, maaşların, pensiyaların, minimum əmək haqqının, sosial müavinətlərin artırılması ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələnin başlanğııcı oldu. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verdi. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”.
Millət vəkili ölkə başçısının verdiyi vədlərə gördüyü işlərlə əməl etdiyini bildirib:
“Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlət başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Artıq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Prezidentin humanizmi, xoş gündə də, dar gündə də xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır. Azərbaycan xalqı da hər zaman ölkə başçısı tərəfindən həyata keçirilən tədbirləri, imzalanan sərəncam və fərmanları yüksək qiymətləndirir, atılan addımları alqışlayır. Xalq həmçinin “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” söyləyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Eyni zamanda, yaxşı bilirlər ki, İlham Əliyevin uğurlu və mütərəqqi sosial siyasəti, hər bir vətəndaşına olan yüksək münasibəti xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu da xalq-iqtidar birliyinin qarşılıqlı inam və etimad üzərində bərqərar olduğunun əyani təsdiqidir”.
Büllurə Yunus