Bu tərəfdə halım yoxdu, İlahi- Apar məni göy üzündən o yana

Bu tərəfdə halım yoxdu, İlahi- Apar məni göy üzündən o yana
ÇALIŞ CANINI QORU
 
Qoca dünya əzəldən
Mıxı mismar edəndi.
Çox da əsiri olma,
Mal da, mülk də gedəndi-
Çalış canını qoru.
 
Nə varsa – müvəqqəti!
Uyma şeytan sözünə.
Hər kəsin var-dövləti
Qismət olsun özünə-
Çalış canını qoru.
 
Vələk atdan salacaq
Olsan da məğrur, mətin.
Önəmi olmayacaq
Dünya boyda şöhrətin-
Çalış canını qoru.
 
Heç canını isitməz
Yad paltarı geyəndə.
Candan pay verə bilməz
“Qurban olum” dəyən də-
Çalış canını qoru.
 
İnanma olsun həyan
Ya qızıl, ya da almaz.
Süleymana qalmayan
Dünya sənə də qalmaz-
Çalış canını qoru.
 
APAR MƏNİ GÖY ÜZÜNDƏN O YANA
 
Tanrım, sənə qurban olum, nə olar,
Apar məni göy üzündən o yana.
Ürəyimdə gül açmadı arzular-
Apar məni göy üzündən o yana.
 
Könlüm burda qərarsızdı, veyildi,
Dərdə düşüb şux qamətim əyildi…
Bu vəfasız dünya mənlik deyildi-
Apar məni göy üzündən o yana.
 
Çox boylandım işıq gələn tərəfə,
Atdığım ox heç dəymədi hədəfə.
Yerdə üzüm gülmədiki bir dəfə-
Apar məni göy üzündən o yana.
 
Ümidlərim göyərmədi bu yaz da,
Dərdlərimi dinləndirdi o saz da.
Ora sənə yaxın olar bir az da-
Apar məni göy üzündən o yana.
 
Güman etdim, istədiyim olmadı,
Sevinc məni heç vecinə almadı…
Səndən başqa umacağım qalmadı-
Apar məni göy üzündən o yana.
 
Səxavətin, rəhmin çoxdu, İlahi,
Sərvətinə gözüm toxdu, İlahi!
Bu tərəfdə halım yoxdu, İlahi-
Apar məni göy üzündən o yan
Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.
Share: