Bu, tükürpədici hadisə, xəcalətdir!

Bu, tükürpədici hadisə, xəcalətdir!

Ola bilsin ki, bir az pafoslu səslənəcək. Amma dövlətin müstəqilliyinin taleyinə hər bir vətəndaş məsuldur. Yəni dövlət vətəndaşdan kənarda bir müstəvi, bir kontekst deyil. Dövlət elə vətəndaşın özüdür.

Məsələn, son günlər Azərbaycan qanunu ətrafında maraqlı proseslər baş verdi. Millət vəkili-qanunverici orqanın təmsilçisi polis əməkdaşını-qanun qoruyucusunu döydü və buna görə məsuliyyətə cəlb edildi. Hər iki tərəfdən gələn zərbə dövlətə dəydi. Mən niyə bu məsələdən başlayıram? Sual yarana bilər: Niyə Türkiyədə yanğın işğalına qarşı – Prezidentin tapşırığı və nəzarəti altında döyüşən fədakarlarımızı, Əliyevin ASAN konsepsiyasının tətbiqi ilə bağlı mühüm hadisəni-növbəti açılışı, Suraxanıda yeni işıq stansiyasınıin açılışını qoyub, belə qaranlıq, mənəvi qısa qapanmalardan, əslində unudulmağa layiq bir xəcalətdən danışırıq?! Axı Əliyev sosial dövlət elan etdiyi Azərbaycanın mahiyyətini rifah və inkişafa köçürmək üçün bütün imkanları səfərbər edib. Ola bilsin ki, ağıl və ya yaddaş çatışmazlığından əziyyət çəkənlər, artıq bu möhtəşəmlikdə bir tarixi hadisəni sərsəm və sarsaqcasına unudub ki, Qarabağ işğaldan azad edilib. 100 illərin xəcaləti ləğv edilib. İşğaldan azad edilmiş torpaqlarımızda biz az qala ikinci yeni Azərbaycan inşa edirik və məhz belə bir məqamda Türkiyə-Azərbaycan müttəfiqliyinin də, ASAN-ın yeni mərkəzinin, yeni elektrik yarımstansiyasının mənası uzaqmənzillidir. Baxın onlar-ermənilər, Ermənistan dövləti bu torpaqlarda nəyi basdırır, yerimizin təkinə nə göndərirdilər…

Və baxın Əliyev elə həmin torpağa bu qablarda nə göndərir. Betonla qarışıq özü ilə göndərilən butılkada gələcəyə bir memar, bir bənna, bir qurucu mesajı var. Mən bilmirəm o qabda, yerin altına göndərilən məktubda dəqiq nə yazılıb. Amma əminəm ki, o məktub inşa janrındadır. İnşaatçı janrındadır.

Və mən söhbətə Türkiyə-Azərbaycan bir millət iki dövlət fəlsəfəsinin yaratdığı reallıqdan, bərpadan, quruculuqdan, dövlət-vətəndaş münasibətlərini inqilabi şəkildə müsbətə dəyişən ASAN fəlsəfəsindən, dünyada eletrik enerjisi əlçatanlığına görə ikinci yeri tutan ölkənin öz vətəndaşına növbəti işıq porsiyasından-Suraxanı yarımstansiyasından danışmaqla başlamıram. Qəsdən başlamıram! Yenə də millət vəkili və polis arasında baş vermiş tükürpədici hadisədən danışıram. Təkcə ona görə yox ki, deputat toxunulmazlıq hüququndan məhrum edildi, həbs olundu…

Düzdür, bu hadisə təhlil etdiyimiz həftənin reallığıdır. Amma həm də ona görə bu rüsvayçı, eyni zamanda təhlükəli hadisədən danışıram ki, polisə əl qaldırma faktları ilə mənim bir jurnalist kimi acı xatirələrim var. Polisin gözdən salınmasına ən yaxın tariximizin müxtəlif vaxtlarında edilən cəhdləri görmüşəm. Onu da görmüşəm ki, polis dövlətin ən ağır günlərində necə önə çıxıb. Ordu yoxkən orduya çevrilib. Əliyalın dövləti sovet milisinin forması altında, bir tərəfdən baxanda həm də sovet qanununu pozaraq qoruyub. Çünki o, əslində Moskvadan gələn əmrləri yerinə yetirməli, Qarabağı müdafiə etməyimizə mane olmalı idi.

1994-cü ilin oktyabrında da, 1995-ci ilin martında da polis hədəf olub, onu məhz ona görə sındırmaq, gözünün odunu almaq istəyiblər ki, ardınca Azərbaycan dövlətini əldəqayırma, oyuncaq ərazi-əhali yığınına, gözüqıpıq bir mağmına, miskin varlığa çevirsinlər. Həyətə və həyata yenidən polis zabiti, bizim mehribanlıqla Alik adlandırdığımız – polkovnik Ələkbər Ələsgərovun 8-ci mikrorayon stadionunda divara söykəyib güllələndiyi zamanları gətirsinər.

Mən 2018-ci ilin isti iyulunu heç vaxt unutmayacağım. Gəncədə, icra hakimiyyəti binasının qarşısındakı meydanda iki polis zabitinin terror nəticəsində necə vəhşicəsinə qətlə yetirilməsilə xatırlayacam. Uzun jurnalist təcrübəmdə o qədər qan, o qədər yara, o qədər qətl görmüşəm ki…

Salatın Əsgərovanın güllələnmiş qan damcılayan vücudunu, güllələnmiş akademik Ziya Bünyadovun başından düşmüş araqçını və yanına dığırlanmış smetan şüşəsinin ətrafındakı qan və qaymağın, qırmızı və ağ mayenin bir-birinə qarışmasını da… görmüşəm. Amma öz xidməti vəzifəsini, özü də silah işlətmədən yerinə yetirərkən terror nəticəsində qətlə yetirilən bu polis zabitinin qanının kənarıyla bax bu gedişimi unutmayacam. Qanın izi ilə addımladığımı… Heç kim də unutmamalıdır!

Və yəqin həm də belə səbəblərdəndir ki, mən polisə qarşı olan istənilən aqressiv hərəkəti ağırlaşıdırıcı hal kimi qəbul edirəm. Başqa həmkarlarımdan fərqli olaraq, millət vəkilinin polis əməkdaşını döyməsini isə ümumiyyətlə ən sərt şəkildə cəzalandırılması gərəkən əməl hesab edirəm.

Polis əməkdaşına əl qaldırmaq olmaz. Heç bir halda və heç bir şəraitdə. Polis dövlətin qabığıdır, dərisidir. 2018-ci ilin iyul ayında Gəncədə baş verən hadisədə əsas hədəf kim idi? Unutmamışam: polis əməkdaşı. Niyə? Onu da unutmamışam!

Həssas yanaşıram. Ona görə də bu gün polisə əl qaldıran deputatın hərəkətini mən bu kontekstdə təhlükəli hesab edirəm. Deputat polis əməkdaşını döyüb! Dörd sözdən ibarət bir cümlə. Amma bu cümlənin arxasında böyük bir təhlükə var. Polis əməkdaşını döyməklə kiməsə “mənim kimi ol, burda qorxulu bir şey yoxdur!” jesti var. Polis əməkdaşını döyməklə dövlətin asayişə cavabdeh insanınının gözünü qorxutmaq və “Mən qanunu saymıram!” məzmunlu mesajı var!

Polis əməkdaşını döyməklə cəmiyyətin sosial şəbəkələrdə artıq dörd ilə yaxındır ki, antipolis təbliğatı aparan qaragüruh hissəsinin hərəkətlərinə açıq və gizli dəstək mesajı var. Sirr deyil ki, pandemiya dövründə xüsusilə sərt tədbirlər hesabına mükəmməl dövlət intizamına nail olmuş asayiş keşikçilərini sosial şəbəkələrdə qeyri-populyar elan edən zümrənin xoşuna gəlmək təşəbbüsü də ortadadır. Qanunu qoruyan orqanın təmsilçisi, qanunverici orqanın təmsilçisinin şiddətinə, özü də nə vaxt məruz qalıb? Xidməti vəzifəsini icra edərkən.

Məncə, məsələnin ən təhlükəli tərəfi budur. Polis əməkdaşı pandemiya qaydalarının icrasını təmin edərkən döyülüb. Polislə bərabər gerb döyülüb, bayraq döyülüb. O polisin əməkdaşları ki, məxsus olduğu qurum Şuşaya bayraq sancanlardan olub. Qalib silahlı qüvvələrimizin Daxili Qoşunlarının iki əməkdaşının söhbəti REAL TV-nin “Qayıdış” filminin ən maraqlı yerlərindəndir.

Bu gün minalardan təmizlənməmiş ərazilərə keçən vətəndaşın qarşısını almaqla ona həyat bəxş edən polis əməkdaşı bu imtiyaza şərəfli döyüş yolu keçərək gəlib çatıb. İndi üzəngisini qaragüruhun qabaqda gedənlərinin basdığı sosial şəbəkə yorğalarının niyyəti ilə üst-üstə düşən şiddətçi deputat şüuru indicə dinlədiyiniz, gördüyünüz iki qəhrəmanı anlamaq iqtidarında deyil. Və heç bu adi həqiqəti də anlamaq iqtidarında deyil ki, həbsdə də deputat maaşını almaqda davam edən bu adam özünü daxili işlər naziri Vilayət Eyvazovdan tutmuş sıravi polis əməkdaşınadək hər bir asayiş qoruqçusunu təhqir və təhdid hədəfinə çevirən virtual sanuzel müxalifətilə eyni düşərgəyə qatıb. Onlar kimi düşünür. Onların ürəyindən keçəni edir. O virtual “iks”lərin ki, Azərbaycanda dövlət çevrilişinə çağırırlar. Dövlətin keşiyində duran qanun adamlarını, qanun qurumlarını da elə bu səbəbdən gözdən salmağa, cəmiyyətdə onlara qarşı etimadsızlıq oyatmağa çağırırlar.

Bax, elə buna görə də deputatın cəzası ağır olmalıdır. Polis əməkdaşını vətəndaşın və vətənin gözündə zəif, sınmış, alçaldılmış görkəmdə təqdim etmək istədiyinə görə.

…Polisin işi hər gün döyüşdür. Potensial savaşdır. Onu hətta paytaxtın dinc küçəsinin bir tinində qumbara əlində gözləyə bilirlər. Şəhadətə yetişə bilir. Sabitliyini asayişini qoruduğun şəhərdə əməkdaşını, silahdaşının tabutu altına çiyin verən, məzarını qazan nazir, general – kədərli mənzərədir…

Bu kadrlardan sonra ortada olan informasiyaların zəncirini təsəvvür edək. Polis əməkdaşı cəbhədə döyüşür, şəhid olur; polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən öldürülür; polis əməkdaşını millət vəkili amansızlıqla döyür… Niyə? Hansı məqsədlə? Səbəbini bayaq qısa da olsa xatırlatdıq. Çünki polis dövlət aparatının qorunub saxlanmasında əsas qüvvədir.

İndi isə ümumiyyətlə deputat məsuliyyəti və səlahiyyəti barədə.

Əvvəlcə onu deyək ki, millət vəkilinin həbsi və qolu qandallı məhkəməyə gətirilməsi deputat adı ətrafında yaradılmış mifi vurub dağıtmaq baxımından lazım idi. Və mən burda 1992-ci ilin havasını ağ ciyərlərində hələ də gəzdirən, Kərimli qaragüruhunun hakimiyyətdə olduğu dönəmdə Ali Məhkəmənin sədri olmuş başqa bir Kərimlinin “bir şillədi də, vurub- vurub, indi biz polisi görəndə yanından ehtiyatla keçib getməliyik?” səmimi sualını da şərh etmək istəyirəm. Bəli, polisin yanından keçəndə ehtiyatla keçilməlidir. Necə ki, Amerika Birləşmiş Ştatlarında bunu ehtiyatla etməyəndə o saat hardansa polis velosipedçiləri gəlib çıxır və səni aparır pedal fırlamağa.

Tahir Kərimli liftə minməkdən qorxursa, bu başqa fobiyadır. Deməli, qalxmaq lazım deyildi. Deməli, olduğun yerdə ağır gəlmək lazım idi… Bəli millət vəkilləri öz səlahiyyətləri yox, məsuliyyətləri barədə düşünməlidirlər. Döyə də bilərlər, amma bir-birini. Məsələn biz millət vəkillərinin bir-birini döyməsi faktlarını çox görmüşük. Tutaq ki, Ukraynada.

Niyə Ukraynanı misal çəkdim?! Ona görə ki, məhz bu ölkənin parlamenti ötən ilin yanvarından deputat toxunulmazlığını millət vəkilləri üzərindən götürüb. Hamı kimi olub. Xüsusi immunitetə malik deyillər. Niyə? Səbəbini qısaca belə izah etmişdilər. Deputat toxunulmaz səlahiyyətindən sui-istifadə edirdi, ona görə. Eynilə bizdəki kimi. Elə bizimkilər də buyurub bu təcrübəni əxz edə bilərlər. Onlar ilk növbədə dəqiqləşdirməlidirlər, daha çox nədirlər, toxunulmaz, ya deputat? Məncə birinci!

Bilirsiniz, parlamentimiz özü haqqında yüksək fikirə xüsusilə 2018-ci ildə düşdü. Son seçki ərəfəsində parlament məqamının və məramının yanlış reklamı imkan verdi ki, qanunverici orqana düşən ayrı-ayrı şəxslər özünü olduqlarından daha böyük, ifrat qanundankənar hesab etsinlər. Baxmayaraq ki, Prezident Milli Məclis üzvləri qarşısında çıxış edərkən onların işinin, vəzifəsinin nədən ibarət olduğunu çox aydın şəkildə izah etmişdi:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doqma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir”.

Millət vəkillərinin fəaliyyətini tənzimləyən bütün sənədlərdə deputatın hansı işlərlə məşğul olmalı olduğu yazılır. Burda kimisə döymək, hansı hallarda şillə, hansı hallarda təpik, hansı hallarda kəllə atmaq barədə bir müddəa belə yoxdur. Və əgər deputat seçici ilə görüşürsə, onun sosial problemini həll etmək, ona pul vermək, kimisə işə düzəltmək üçün görüşməməli, qanunverici orqanda makler rolunu oynamamalıdır. Yoxsa bəzən hətta reputasiyası müsbət deputatlar belə “icra hakimiyyəti başçısı zənglərimizə cavab vermir!” deyə təhdidvari şikayətlər edirlər. Amma maraqlıdır, doğrudanmı icra başçılarının millət vəkillərinin zənglərinə cavab vermək kimi mütləq bir atasına borcu var?!

Əlbəttə, cavab vermək olar. Amma cavab verilməyə də bilər. Məsələn, tutaq ki, millət vəkilinin öz deputat vəsiqəsini girov qoymağa ağlı çatırsa və dələduzluqla məşğul olaraq rüşvət toplayırsa, onun icra başçılarına zəngi də bəd əməlinin davamı üçün olacaq. Deməli, deputat seçicilərilə görüşdə onların şəxsi problemlərini fərdi qaydada həll etməyə çalışmalı deyil. Bu görüşlər onun qanunverici təşəbbüsü üçün material verməli, topladığı problemləri ümumiləşdirməklə fərdi yox, küll halında nəticəyə gəlməli, məlumatları əsasında qanun layihəsi hazırlamalıdır. Yəni seçicilərlə belə görüşlər istisnasız olaraq yeni qanun layihələri üçün informasiya toplamaq məqsədi güdməlidir. Eyni zamanda parlamenti şəxsi problemlərin həll klubuna çevirmək yolverilməzdir. Düzdür seçildikləri dairədə fəal olmalıdırlar, amma…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır”.

İndi anlaşılırmı, icra başçıları deputatın zənginə niyə cavab vermir. Prezident açıq şəkildə demişdi axı, icra strukturları ilə deputatların münasibətləri necə qurulmalıdır. Bu tövsiyəyə riayət olunarsa, “bu zəng kimin üçün çalınır?” xofu ortada olmazdı.

Hörmətli deputatlar, diqqətlə qulaq asın, xüsusilə sizin üçün nümayiş etdirirk! İcra strukturları yalnız bu məzmunda zənglərinizə cavab verməlidirlər, “Filankəsi vəzifəyə qoy” tapşırığınıza görə yox. Başqa zənglərlə icra başçılarına mane olmayın. Onsuz da problemləri başdan aşır…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.

Hörmətli deputatlar, baxın, görün, qəbul etdiyiniz qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirlərinin görülməsini təmin edin. Heç kimi döymədən! Şillələmədən.

Deputat, əlbəttə, mübarizə aparmalıdır. Amma xaricdən, daxildən gələn təhdidlərlə, təhqirlərlə. Yumruq atmaq, dava açmaq istəyirsənsə, buyur, bunu et. Amma kəllə atma, baş işlət. Əlini yumruğa çevirmə, yaz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir. Amma bunun fəsadları odur ki, bizə qarşı informasiya kampaniyası aparılır – qara piar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniya. Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır”.

Milli Məclis üzvlərinin çıxışa, müzakirələrdə iştiraka xüsusi münasibəti var. Komitə sədrlərinin böyük əksəriyyəti çıxış etməkdən boyun qaçırır. Məsələn, savadına, dünyagörüşünə hörmət etdiyim Tahir Mirkişiyev mənə açıq dedi ki, o artıq komitə sədridi deyə, televiziyalara gedə bilməz. Amma Zahid Oruc nümunəsi də var axı. Arzu Nağıyev kimi, Fazil Mustafa kimi deputatlarımız da var axı. Məsələn, Arzu Nağıyevi Bakıdan daha çox Tovuz səngərlərində görürdük. Və ya Fəzail Ağamalı həmişə formada və məzmunda. Başqaları da var. Amma elə deputatlar da var ki, yəqin bu arzuya layiqdirlər.

Niyə? Çünki danışıq qabiliyyətləri yoxdur. Özlərini apara bilmirlər. Milli Məclis üzvləri əslində özləri də bilirlər ki, vəzifəli şəxslər deyillər.

Millət vəkili Erkin Qədirli: “Vəzifəli şəxs deyil deputat!”

Bir halda ki deputat vəzifəli şəxs deyil, onda nə problem var? Özünü vəzifəsiz şəxs kimi aparsın. Heç kimdən artıq olmasın. Ona görə Milli Məclisdədirlər ki, yerlərdən, xalqın içindən gələn siqnallardan ötrü bir elektrod olsunlar, vəssalam! Onların başqa heç bir xüsusi məziyyətləri yoxdur. Belə deyək: Milli Məclis üzvləri xalqdan götürülmüş qan ehtiyatlarıdır. Dövlət bu qanı müayinə edib xalqın sağlamlığını formada saxlamalıdır. O qan isə xalqla, seçiciylə mütəmadi təmasda yenilənməlidir, bu yerdə qalmamalı, təzələnməlidir. Gəlin bir daha xatırlayaq: nə seçkiydi o seçki? Hansı tarixi zərurətdən yaranmışdı? Deyəsən yaddan çıxıb axı. Prezident əla izah etmişdi. İslahatların 2018-ci il paketinin tərkib hissəsi olaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın. Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir”.

Bax, bu idi əsas tapşırıq. Milli Məclis islahatlara yeni təkan verməlidir. Verirmi? Hansıdır o islahatlar? Yeni standartlar deputatlardan tovuzquşu lələklənmələrini, ifrat şişmanlamalarını, pozalanmalarını yığışdırmağı tələb edir. Bütün bunlardan sonra dövlət başçısının Milli Məclis qarşısındakı çıxışında qoyduğu əsas məqsədə qayıdaq. Nə edilirsə, dövlət müstəqilliyinin güclənməsi üçün edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq”.

Dövlət müstəqilliyi! Budur əsas vəzifə.

Söhbətimizin əvvəlində dedik ki, dövlətin müstəqilliyinin taleyinə hər bir vətəndaş məsuldur. Yəni dövlət vətəndaşdan kənarda bir müstəvi, bir kontekst deyil. Dövlət elə vətəndaşın özüdür.

Bunu nəzərdə tuturduq.

Hər birimizin fəaliyyətinin sonu, hasil etdiyimiz nəticə dövlətin müstəqilliyinin saxlanmasına aparmalıdır. Bəs dövləti hardan vurur düşmənlərimiz və yua bilərəkdən, bilməyərəkdən onların əlinə su tökənlər? Birinin adını çəkdik. Polis.

Amma gözdən salma kompaniyasının mərkəzindəki yalnız polis deyil. Müqəddəs Vətən müharibəsini qələbə ilə yekunlaşdıran Birinci Döyüşçünün silahdaşlarını, bütünlükdə Ordunu, onun ayrı-ayrı vahidlərini etimaddan salma, etibarına zərbə təşəbbüsləri sosial şəbəkələrdə adi hala çevrilib. İnternet resurslarının sosial şəbəkələr cameəsi dövlət maraqlarını ucuz layka qurban verən cahillərin də, avamların da oylağına dönüb.

Mir ŞAHİN

Share: