“Bu üç ölkə bizimdir, SSSR qayıdır!” – Medvedyevdən ŞOK AÇIQLAMA

“Bu üç ölkə bizimdir, SSSR qayıdır!” – Medvedyevdən ŞOK AÇIQLAMA

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev dünən Vkontakte səhifəsində bir sıra ölkələri təhdid və təhqir edən yazı dərc edib. Bir neçə dəqiqə sonra isə o, paylaşımını silib.

Müstəqil.Az  axar.az-a istinadən bildirir ki, post silinsə də, bir çox mətbuat orqanları və sosial şəbəkə səhifələri həmin yazının skrin-şotlarını paylaşıb.

Bu gün isə Medvedyevin ötən gün rəsmi səhifəsinin sındırıldığı və onun ordu ilə bağlı yaydığı yazının əvəzinə “başqa məqalə” qoyulduğu haqda rəsmi açıqlama verilib.

Beləliklə də Rusiya ötən gün yayılan fikirlərin Medvedyevə məxsus olmadığını elan edib.

Bəs, ötən gün yayılan məqalədə nə yazılmışdı?

Medvedyevin səhifəsində paylaşılan sözügedən məqaləni olduğu kimi təqdim edirik:

“90-cı illərin əvvəllərində baş vermiş ölümcül səhvin düzəldiləcəyinə, bir daha heç vaxt suverenlik paradlarının olmayacağına və bir vaxtlar böyük Sovet İttifaqında yaşayan bütün xalqların yenidən dostluq və qarşılıqlı anlaşma ilə yaşayacağına heç kim şübhə etməməlidir. Bunun üçün nə gücümüzü, nə də vasitələrimizi əsirgəyəcəyik. Biz artıq bu yolda addım atmağa başlamışıq.

Kiyev və “Kiçik Rusiya”nın (Ukrayna nəzərdə tutulur – red.) bütün əraziləri onların uydurduğu ukraynalılığı təbliğ edən millətçi dəstələrdən azad edildikdən sonra Rusiya min il əvvəl Qədim Rusiya dövlətinin dövründə olduğu kimi, yenidən birləşəcək, güclü və yenilməz olacaq.

Bundan sonra, slavyan xalqının başçılıq etdiyi Moskvanın vahid gücü altında heç bir yerdə bitməyən vətənimizin sərhədlərini bərpa etmək üçün növbəti yola çıxacağıq. Bizdən alınan bütün torpaqlar əsrlər boyu çoxsaylı döyüşlərdə əcdadlarımızın qanı ilə suvarılıb və biz torpaqlarımızı heç kimə verməyəcəyik.

Məsələn, Gürcüstanın ilhaqına qədər o, ümumiyyətlə olmayıb. 1801-ci ilədək indiki Gürcüstanın ərazisi beş suveren siyasi qurumdan ibarət idi: paytaxtı Tiflis olan Kartli və Kaxetiya, paytaxtı Kutaisi olan İmereti, iki knyazlıq Qara dəniz sahilindəki Meqreliya və Quriya, dağlıq rayonlarında Svaneti knyazlığı.

Yəni Gürcüstan indiki sərhədlər daxilində yalnız Rusiya imperiyası çərçivəsində yaradılmışdır. Gürcüstan Rusiyaya ona görə özünü sırıdı ki, o, müsəlman dövlətlərinin kifayət qədər düşmənçilik şəraitində Rusiyanın yeganə müttəfiqi olduğunu başa düşdü. İndi də eyni tarix təkrarlanır. Şimali və Cənubi Osetiya, Abxaziya və Gürcüstanın qalan ərazisi yalnız Rusiya ilə vahid dövlətin tərkib hissəsi kimi birləşdirilə bilər.

Tarixdən daha bir misal, XVII əsrin əvvəllərində Şimali Qazaxıstanın xam torpaqlarında ruslar ilk yaşayış məskənlərinin əsasını qoydular. Üç əsr ərzində bu ərazinin ruslar tərəfindən müstəmləkələşdirilməsi prosesi davam etdi. Bunun üçün xüsusi təkan Sibir dəmir yolunun açılması və Stolıpin aqrar islahatı oldu. Sovet İttifaqının dağılmasından əvvəl Şimali Qazaxıstan əhalisinin 62,5%-ni slavyanlar təşkil edirdi. Qazaxıstan süni dövlətdir, o, keçmiş Rusiya ərazisidir. Məsələn, Quryev, Semipalatinsk şəhərləri, hətta Alma-Atı şəhəri 1924-cü ilə qədər Vernıy adlanırdı. Cari əsrdə Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bunu da ruslara qarşı soyqırım kimi qiymətləndirmək olar. Biz isə buna göz yummaq niyyətində deyilik. Ruslar ora gəlməyənə qədər nizam-intizam olmayacaq”.

Share: