Daxili İşlər Nazirliyi son vaxtlar çoxalan kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edib.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sosial şəbəkələrdə ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin bank hesabına köçürülməsinin zəruriliyi qeyd olunur.
Həmçinin investisiya platformalarında və maliyyə birjalarında yatırım edib qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər verilir. Deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra kiberdələduzların qurbanına çevirilirlər.
Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla üzləşdikləri təqdirdə vətəndaşlardan xahiş olunur ku, dərhal polis əməkdaşlarına, həmçinin DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.