Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında Qarabağda müharibənin dayandırılması barədə imzalanan üçtərəfli saziş qondarma rejim tərəfindən pozulur.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin fikrincə, üçtərəfli sazişin dışında hansısa müvəqqəti razılaşmalar ola bilər. “Ola bilər ki, biz detallar barədə məlumatlı deyilik. Bildiyimiz yalnız odur ki, Azərbaycan torpaqlarını işğaldan azad edib. Qarabağda status-kvo ölkəmizin xeyrinə dəyişib. Eyni zamanda üçtərəfli sazişdə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır, Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət getmir. Hətta Qarabağda sülhməramlı missiyasını yerinə yetirən Rusiyanın prezidenti Vladimir Putin bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu halda bu yaramazın hələ də orada fəaliyyət göstərməsi, sülhməramlı qüvvələrin komandanı ilə görüşdə başının üstündə qondarma “DQR”in bayrağının olması narahatlıq doğurur. Axı bu kimdir ki, özünü dövlət rəhbəri kimi aparır?
Başqa bir narahatlıq isə Ermənistan silahlı qüvvələrinin hələ də Qarabğda olmasıdır. Üçtərəfli sazişdə qoşunların hazırkı vəziyyətdə dayanması qeyd olunurdu. Söhbət burada separatçı rejimin silahlılarından gedirdi. Amma indi bəlli olur ki, Ermənistan silahlı qüvvələri də Qarabağdadır. Ermənistanda Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiyalarda hərbçilərin valideynləri tələb edir ki, övladları Qarabağdan Ermənistana gətirilsin. Bu fakt da Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağda olduğunu göstərir. Onların orada nə işi var, nəyə nəzarət edirlər, bəlli deyil”, – deyə Çingiz Qənizadə
Keçmiş deputat hesab edir ki, üçtərəfli sazişin bütün tələbləri yerinə yetirildikdən sonra bu məsələlərin həllinə start veriləcək. “Artıq Laçın da Azərbaycana təhvil verildi. Qazaxın 7 kəndi də geri alınandan sonra Ali Baş Komandanın bu problemlərin də həllinə başlayacağını və yaxın günlərdə bunun nəticəsini görəcəyimizi düşünürəm”, – deyə o vurğulayıb.