Bu yazını oxumamış məzuniyyətə çıxmayın

Bu yazını oxumamış məzuniyyətə çıxmayın

Muzdla çalışanların əmək hüquqlarından biri də məzuniyyətə çıxmaqdadır. Lakin günümüzdə, xüsusən də özəl sektorda çalışanların bu hüququnun müxtəlif formalarda pozulmasının şahidi oluruq.  

Ümumiyyətlə, işçinin məzuniyyət hüququ necə yaranır, neçə gün olur və buna görə ödəniş necə hesablanır? 

“Qafqazinfo”nun məlumatına görə, işçilərin məzuniyyət hüququ Əmək Məcəlləsi ilə müəyyən olunur.

Məzuniyyətin bir neçə növü var:  

-Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

-Sosial məzuniyyət;

-Təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

-Ödənişsiz məzuniyyət.

Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarətdir. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ müəyyən istisnalarla əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İkinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda (əvvəlki illərdən məzuniyyəti qaldıqda) o, həmin ildə hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. İşçi müvafiq iş  ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

İşçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir.

Aşağıdakı işçilərə isə ödənişli əsas məzuniyyət 30 gün müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; 

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; 

ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; 

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

21 günlük əsas məzuniyyət müddəti ixtisas tələb etməyən sahələrdə çalışanlara aiddir.  

Natamam iş günü və ya natamam iş həftəsi şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Həmçinin mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki gündən az olmayan müddətə verilir. 

Əmək stajından asılı olaraq isə işçilərə:

beş ildən on ilədək əmək stajı olduqda — 2 gün;

on ildən on beş ilədək əmək stajı olduqda — 4 gün;

on beş ildən çox əmək stajı olduqda — 6 gün müddətində əlavə məzuniyyət verilir.

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Belə məzuniyyətin müddəti 6 gündən az olmamalıdır. 

Əsas və əlavə məzuniyyətlərin müddətindən başqa, 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir. Bu, uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur. 

Müəyyən kateqoriyadan olan işçilərə verilən məzuniyyətin müddəti daha uzundur. Onlardan pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri 42-56 gün təşkil edir. Həmçinin yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 gündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 gündən az olmayaraq verilir. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 gündən az olmayaraq verilir. Eyni zamanda, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Vətən Müharibəsi Qəhrəmanlarına, Milli Qəhrəmanlara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Bundan başqa, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir. Lakin bütün bu kateqoriyalardan olan işçilərə əmək stajına və əmək şəraitinə görə əlavə məzuniyyətlər verilmir.

Əmək Məcəlləsinin 139-cu maddəsinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 ayın orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin günlərinin sayına vurulur. İşçiyə istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya da bu cür hesablanır.

Məsələn, işçi məzuniyyətdən əvvəlki 12 ay ərzində 8 min 400 manat əməkhaqqı alıbsa, bu məbləğ 12-yə bölünməklə orta aylıq əməkhaqqı tapılır (700 manat) və alınan məbləğ 30,4 -ə bölünməklə birgünlük əməkhaqqı məbləği (23,03 manat) müəyyən edilir. Bu məbləğ məzuniyyət günlərinin sayına vurulmaqla məzuniyyət üçün orta əməkhaqqı ödənilir. Beləliklə, 30 günlük məzuniyyətə çıxacaq bu şəxs üçün ödəniş 690,9 manat təşkil edir.  

İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilibsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər.

Məzuniyyətin günlərinin sayı, məbləği ilə yanaşı, məzuniyyətə çıxma dövrü də əhəmiyyət daşıyır. Söhbət ondan gedir ki, Əmək Məcəlləsinə görə, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Bu, o deməkdir ki, məzuniyyət müddəti bayram günlərinə düşərsə, günlərin sayı artır, lakin bu müddətə görə ödəniş edilmir.

Hərçənd ki, adi halda bayram günlərinin olması əməkhaqqının məbləğinə təsir etmir. Məsələn, mart ayında altı bayram gününün olmasını nəzərə alanda məzuniyyətinizi bu müddətə götürməklə günlərin sayının bu qədər uzanmasına nail ola bilərsiniz. Lakin bu, məzuniyyət müddətindən asılı olaraq mart və ya aprel aylarında işlədiyiniz günlərin sayının az olmasına, nəticədə əmək haqqı məbləğinin də azalmasına gətirib çıxaracaq. Ancaq adi halda mart ayı üçün əməkhaqqının məbləği digər aylardan fərqlənmir. 

Əməkhaqqınızın azalmamasını, əksinə daha çox almaq istəyirsinizsə, məzuniyyətinizi bayram günləri olmayan, iş günlərinin sayı çox olan ayları götürə bilərsiniz. Məsələn, cari ilin avqust ayında iş günlərinin sayı 23-dür. Halbuki, mart ayında 17 iş günü olmuşdu. 

Misal üçün, 2023-cü ilin mart ayının 1-dən 30 günlük məzuniyyətə çıxmış şəxsin məzuniyyət müddəti bayram günləri ilə əlaqədar 6 gün uzanaraq 36 günə bərabər olub. Lakin ona 30 gün üçün məzuniyyət ödənişi edilib. İşçinin məzuniyyəti aprelin 5-nə kimi davam etdiyindən onun həmin ayda iş günlərinin sayı azalır və bu, onun əməkhaqqısının məbləğinə təsir edir. Aylıq 1000 manat əməkhaqqı alan bu şəxsin son bir ildə 12000 manat əmək haqqı almasını nəzərə alanda, ona ödəniləcək 30 günlük məzuniyyət pulu 986,84 manat təşkil edib. Aprel ayında isə 20 iş günü olub və ayın 6-da işə çıxmış şəxsin həmin ay ərzində 17 iş günü olub. Buna görə də aprel ayında onun əməkhaqqısı 1000 manat yox, 850 manat (1000:20)17) təşkil edib. 

Lakin bu şəxs 30 günlük məzuniyyətə avqust ayının 1-dən çıxsaydı, onun məzuniyyət müddəti həmin ayın 30-da bitəcəkdi. Bu şəxs avqust ayı üçün 986,84 manat məzuniyyət pulu, avqustun 31-də işdə olduğu üçün 43,48 manat da birgünlük əməkhaqqı alacaqdı. 

Sosial məzuniyyətə isə hamiləliyə və doğuşa görə məzuniyyət, uşaqları övladlığa götürmüş qadınların məzuniyyəti, qismən ödənişli məzuniyyət aiddir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 gün müddətində ödənişli məzuniyyət verilir. Vəziyyətdən asılı olaraq bu müddət 14 gün artırıla bilir. Bununla belə, kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti daha çox olur və vəziyyətdən asılı olaraq 140-180 gün arasında dəyişir. 

İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonrakı dövr üçün müəyyən edilmiş  sosial məzuniyyətdən (56 gün), həmçinin əlavə və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Həmçinin uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manatdır. Bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manatdır. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Yaradıcılıq və təhsil məzuniyyətlərinə gəldikdə, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki ayadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edə bilir. Həmçinin işləməklə yanaşı doktoranturada təhsil alan işçilərə hər tədris ilində 30 gün ödənişli məzuniyyət verilir. Eyni zamanda, dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Eyni zamanda, işləməklə yanaşı təhsil alan işçilərə 20 gündən 4 ayadək müddətə ödənişli təhsil məzuniyyətləri verilir.

Məzuniyyət pulu bütün ödənişli məzuniyyətlərdə eyni qaydada hesablanır. 

Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə isə bir iş ilində Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir.

Ceyhun Həmid


Share: