Müharibə anında yox, illər sonra filmə yatır. Savaş elə qolay mövzu deyil ki, onun törətdiyi faciəni üstündən, heç olmasa, bir qərinə keçməmiş ram edib lentə sala biləsən.
Ancaq Vaqif Mustafayev bu işi bacardığını “Fəryad” filminin ssenarisini yazmaqla sübut etmişdi – “Fəryad” çəkiləndə nəinki müharibə bitmişdi, hətta müharibə təzə başlamışdı.
İndi də, elə həmin rejissor başda bizə “Fəryad 2” adı ilə təqdim olunan, sonralar isə “Həyat, deyəsən, gözəldir” adlandırılan filmini çəkdi.
Filmin Azərbaycandakı ilk təqdimatı mayın 26-sı YARAT Müasir İncəsənət Məkanında baş tutdu.
Kino camiəsinin gec də olsa, tanış ola bildiyi film nədən bəhs edir? Haqqında müxtəlif iddialar, tənqidlər və təriflər söylənən ekran əsəri, əsl siması nədən ibarətdir?
“Həyat, deyəsən, gözəldir” gözlənilən zəfər filmi deyil. Daha doğrusu, Azərbaycan tamaşaçısı bu cür zəfər filmi gözləmirdi. Bizim tamaşaçı yəqin ki, Şuşaya bayraq sancan əsgərlərimizin, şəhidlərimizin şücaətini əks etdirən bir qəhrəmanlıq salnaməsi arzulayırdı.
“Həyat, deyəsən, gözəldir” sırf bir Vaqif Mustafayev filmidir. Kinoya az da olsa yaxın olanlar müəllif filminin, rejissor dəsti-xəttinin hansı anlama gəldiyini bilir. Vaqif Mustafayev də müəllif rejissorlardandır, yəni, adətən, özü yazır, özü çəkir. Bu dəfə də elə edib.
Vaqif Mustafayevin tərzi dünyada bir neçə müəllifə xasdır, onlardan da biri – sözünü demiş yaşayan müəlliflərdən olan serb rejissor Emir Kusturitsadır. Onun filmlərində də savaş içində ironiya, sarkazm, qara yumora rast gəlirik.
Sadalanan üsullar isə ənənəvi qələbə filmlərində gözlənilən deyil. Bu üzdən Vaqif Mustafayevin son filmi, az əvvəl qeyd olunduğu kimi, kütləvi tamaşaçı gözləntisini təmin etməyəcək. Təbii, müəllif özü də bunu yaxşı bilir. Nə gözəl ki, rejissora bu filmi həvalə edənlər də onun dəst-xəttnindən xəbərdardırlar və bu reallığı bilərək müharibə filmi ona həvalə olunub. Bu sahəyə yaxın bir adam kimi bu cəsarətli həvalə məni də bir tamaşaçı kimi xeyli sevindirdi.
“Həyat, deyəsən, gözəldir” Azərbaycanda kütləvi izləyici qarşısına çıxarılmadığından esseni film haqqında annotasiya ilə ahəngdə təqdim etmək daha dürüst olar.
Film Azərbaycan yox, erməni ordusundan bəhs edir və erməni səngərinin bombalanması səhnəsi ilə başlayır. Təbii ki, səhnə vaqifsayağı ironiya ilə süslənib. Yanlarına bomba düşən iki əsgər Xaçik və Vaçik Manukyan qardaşları əsir düşür.
Əsirlikdə bəlli olur ki, qardaşlardan Vaçikin yanına bomba düşən andan bəri müharibəyə, Azərbaycana qarşı fikri dəyişib. O, artıq “Qarabağ Azərbaycandır” deyir, sülh tərəfdarı olduğunu bildirir və erməniləri təcavüzkar sayır. Hansı ki, bomba partlayana qədər tam əksini deyirdi.
Filmin ən ümdə mesajı da elə budur: bomba partladı və mən əvvəlki kimi düşünmürəm. Demək, erməninin normal düşünməsi üçün Azərbaycan bombası partlamalı idi. Özü də düz qulağının dibində. Yəni rejissor deyir ki, ən yaxşı erməni az əvvəl qulağının dibində Azərbaycan bombası partlayan ermənidir.
Düzdür, Vaqif bəy filmin tən yarısında – əllinci dəqiqdə bu mesajı sənətkara çox da yaraşmayan bir tərzdə izah edir. Məsələnin sənətkara yaraşmayan tərəfi tərzində deyil, elə izahın özündədir. Bu mesaj izahsız da aydın idi və daha kinosal idi. Gəlin, bunu da bağışlayaq filmin kütləvi tamaşaçıya hesablanması zərurətinə. Yəni hər kəs bu mesajı izahsız başa düşməyə də bilərdi.
Vaçikin özünü ənənəvi erməni hərbçisinə xas aparmaması – durmadan gülümsəməsi, sülh istəməsi Azərbaycan hərbçilərinə qəribə görünür və onu psixiatrın yanına gətirirlər. İlk baxışdan qəribə görünən bir səhnə: Azərbaycan həkimləri, daha doğrusu müəssisənin direktoru, onun komandası az əvvəl erməni səngərində gördüyümüz ermənilərdən çox da fərqlənmir. Onlar da ölü əsgərləri və Azərbaycan bombalarını sayan, onlar arasında riyazi bərabərlik axtaran, əsgərlərə qəribə suallar verən erməni komandirdən və başqa absurd addımlar atan ermənilərdən çox da fərqlənmirlər. Sonradan bəlli olur ki, direktorun arvadı ermənidir. Arvad əvvəlcə psixi müalicə mərkəzinin direktoru olan ərini, sonradan ərinin beyninə girərək mərkəzin bütün əməkdaşlarını anormallaşdırıb. Səbəb də odur ki, əri ona ürəyində yer verməyib, o da özünə ərinin ağlında yer edib.
Rejissor bu mesajla erməni arvadların azərbaycanlı ərlərinə və onların əli ilə təşkilatlara etdiyi təsirə də eyham edir.
“Həyat, deyəsən, gözəldir” bir çox cəsarətli detalları ilə Azərbaycan kinosunda ilklərə imza atır. Məsələn, filmdə sülh istəyən erməni Vaçikin xahişi ilə iki kiçik ölçülü bayraq – Azərbaycan və Ermənistan bayraqları yanbayan qoyulur. Kinomuzda eyni oturacağa sancılmış Azərbaycan və Ermənistan bayraqları ilk dəfə görüntülənir.
Əsirlər dəyişdiriləndə psixiatr polkovnikə deyir ki, bəlkə Vaçiki qaytarmayaq. Ermənistandakı anormallar Vaçiki vətən xaini hesab edəcəklər, onu incidəcəklər. Bu yerdə “Həyat, deyəsən, gözəldir”ə xas növbəti reallıq dilə gəlir, bu dəfə Azərbaycan zabitinin dili ilə:
“Ordakı anormallar nəhayət başa düşməlidirlər ki, onlar bizim qonşularımızdır. Bu işdə Vaçik onlara kömək ola bilər”.
Etiraf edək, Azərbaycan kinosu bu deviz üçün darıxmışdı. Onlar bizim əbədi qonşumuzdur. Bu aksiomu başa düşmək istəməyənlər böyük dərddir.
Bizə Qarabağ haqqındakı filmlərin zəruri mövzusu barədə illərdir yanlış təqdim olunan bir reallıq var:
Əksər sənət adamları, yazıçılar, izləyicilər elə bilir ki, Qarabağ mövzusunda filmin rolu yalnız özümüzü sevindirmək, riqqətə gətirmək və bizə aydın olan faktların sadalanmasından ibarətdir. İllərdir bu tip filmlərdə yalnız bizim tamaşaçını sevindirən, onu mənəvi təmin edən detallardan istifadə olunub. Əslində isə bu mövzuda çəkilən filmlər ilk növbədə əhəmiyyətli olmalı, ikinci növbədə əcnəbi tamaşaçıda ikrah oyatmamalıdır.
“Həyat, deyəsən, gözəldir” zəfər filmindən daha çox post müharibə problemlərinə müsbət təsir edə biləcək sənət nümunəsidir. Film hər iki xalqı “yeni nəsil Qarabağ problemləri”ndən arındırma yolunda əvəzolunmazdır.
Lakin seçilən dil radikaldır. Bu dil ermənidən 30 il işğal görən bir Azərbaycanlının ürəyinə sərinlik gətirə bilər, ancaq beynəlxalq müstəvidə təbliğat filmi kimi effekti inandırıcı deyil. Bəlkə də, qeyd olunan effekt heç müəllifdən istənməyib. Bəlkə də bu filmin çəkilmə səbəbi beynəlxalq təbliğat deyil.
Çünki filmin ideyası, səhnələri, dialoqları – hamısı, demək olar ki, birtərəflidir və bu tip filmlər dünya tamaşaçısının gözü ilə qəbuledilməzdir. Qəbuledilməzliyini kənara qoyaq, bu üslübda çəkilən filmləri heç dünya tamaşaçısının gözünün görəcəyi yerə çıxarmırlar.
Bu reallığı nəzərə alsaq, film ən yaxşı halda Türkiyə, Azərbaycan və Azərbaycanın ən yaxın müttəfiqi olan ölkələrdə yayımlana biləcək. Qərb kinofestivallarına isə filmin ayaq açacağını gözləmək, Xorxe Mario Berqalionun namaz qılacağı günü gözləmək qədər absurddur. Çünki filmdə hədəf erməni siyasi hakimiyyəti yox, erməni düşüncə tərzidir. Topluma ümumiləşdirilmiş qiymətverməni isə beynəlxalq kino arenası qəbul etmir.
Düzdür, filmin müəllifi olan usta rejissorumuza mikrofon uzatsaq, o, bir neçə epizodu əsas gətirərək, sübut edə bilər ki, burada peşəkar film standartları qorunub. Lakin film elə bir məhsuldur ki, gərək özü-üzünü sübut etsin. Çünki film daimidir, rejissor isə həmişə olmur, həm də rejissora həmişə mikrofon uzadan da olmur.
Gələk filmin sonuna…
Sonda Xaçik əsirdəyişmə meydanında yolun yarısına qədər addımlayır. Əvvəlcə onu nifrətlə gözləyən qarapaltarlı anasına baxır. Sonra dönür, arxada dalğalanan bayrağımıza baxır. Bu vaxt üfüqdə Günəş doğur. Xaçik nə irəli gedir, nə geri. İki tərəfin ortasında doğan Günəşə doğru addımlayır. Düzdür, o addımlar insana “Həyat gözəldir” dedirdəcək qədər mətin deyil, lakin o addımlar bizə azından bu sözləri pıçıldada bilir:
“Həyat, deyəsən, gözəldir”.
Sərdar Amin,
xüsusi olaraq “Qafqazinfo” üçün