Kulis.az Hekayə müzakirəsi layihəsindən Təvəkgül Boysunarın “Uğursuz gün” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.
İlham Əziz
Təvəkgülün bu hekayəsini canımı dişimə tutub birtəhər oxudum. Toy əhvalatıdır. O qədər zəif yazıb ki, əhvalat da demək olmur. Buna hekayə demək janra hörmətsizlik olar. Oxuya-oxuya mənə elə gəldi ki, Təvəkgül hamıyla məzələnir. Bu əhvalatı redaktə etmək də mümkün deyil, gərək təzədən yazasan. Bədii mətnin heç bir elementi yoxdur. Detallar heç nəyə xidmət eləmir. Cümlələr adamın dişini sındırır. Belə mətnləri son dəfə 90-larda Salyanın “Qələbə” qəzetində oxumuşdum. Təvəkgülün ədəbiyyat bilgisindən xəbərdar adam kimi ancaq onu deyə bilərəm ki, sənətkar janrla eksperiment edir, zarafatlaşır. Təvəkgülə uğur diləyirəm.
Aqşin Yenisey
Uğursuzluğun komik sifəti mövzu kimi ədəbiyyatda çox işlənib. Servantesdən Yaroslav Hasekə kimi bir çox müəllif bu mövzunun şedervrlərini yaradıb. Boysunar isə hekayənən adını “Uğursuz gün” qoymaqla çox tələsik girib, çox tələsik də çıxıb. Məsələn, Hasekin “igid əsgər Şvayq”ı öz əsgəri uğurusluqları ilə alman faşizmini ələ salırdı. Boysunarın qəhrəmanı isə sadəcə qadın paltarı geyinməklə tamaşaçıları özünə güldürən komik bir tipdir. İlk pomidoru kəsərkən baş verən uğursuzluqdan sonra masadakı qızların qəhrəmandan qorxması detalı, məsələn, Henrix Böllün əlinə keçəsydi, o, bu detalı kütlə psixologiyasına qədər aparıb çıxarardı. Bir təfəfdə qan rəngində pomidor, bir tərəfdə əlibıçaqlı masada heç kimin tanımadığı bir adam. Gərək bu hekayəni özüm təzədən yazım.
Rəvan Cavid
Bu hekayə deyil, əhvalatdır. Bədii çəkisi demək olar ki, yoxdur. Belə əhvalatları, hətta daha koloritlisini biz gündəlik həyatımızda çox danışırıq. Təbii, dünya ədəbiyyatında belə nümunələr də var. Sandersin “10 dekabr”ı belə əhvalatlarla boldur. Mark Tven tərzi yumor deyirlər bu hekayələrə. Alt qatında heç nə yoxdur.
Demirəm, hekayələrin hamısı Mirzə Cəlilin hekayələri kimi sosial mesajlarla dolu olsun, hər halda, hekayə oxuyandan sonra adam hiss etməlidir ki, ədəbiyyat nümunəsi oxudum. Təvəkgülün bu hekayəsi “adamın ciyərinə oturmur”. Bir də hekayə necə yumor üçündür, onu başa düşmədim? Pomidora gülək? Ya kabelə ilişib yıxılan oğlana? Mən müəllifin digər hekayələrini də oxumuşam, sevmişəm. Bunu “isinmə hərəkəti” kimi qəbul edib gözəl bir hekayə gözləyirəm.
Kazıv Və Kazımoviç
(Yumor üçün)
Bilmirəm qəsdən edirsiz ya necə: dəyərli dostumuz Təvəkkül Boysunar nə zaman “Facebook” statusu çərçivəsində (Çərçivəsində burada məcazi mənadadır… ) hekayə kimi təqdim etdiyi mətn yazsa, mənə müzakirə üçün göndərirsiz. Ümumiyyətlə, bunu ciddi deyirəm ( Yəni “ümumiyyətlə”dən sonrakı sözlərimi ) Ulucay hara baxır?!
“Hekayənin” adı məncə “Qayıdış” olmalı idi. Belə ki, qəhrəmanımız hər dəfəsində qayıtmaq ərəfəsindədir, gah baxışları süfrə üzərindəki yeməklərə qayıdır, gah özü boşqablarına tərəf qayıdır, gah bir-iki dəfə həyətə düşüb qayıdır, sonda da taksiyə minib evə qayıdır. Yox, əstəğfürullah, yollanır…
Orxan Həsəni
Əvvəla onu deyim ki, gülmədim. Hətta hekayənin “Yumor üçün” olması məni bir qədər qəmləndirdi. Payız gəlib, dünya bozarıb, ağaclar yarpağını tökür, bir ucdan yağış, bir ucdan xəzan yağıb-yağıb usanmır. Axı yıxılana gülmək bizim hansı milli-mənəvi dəyərlərimizdə yazılıb. Əgər yazılıbsa, göstərsinlər biz də arxayın-arxayın gülək. Mənim buna heç bir etirazım yoxdur.
Təvəkkül Boysunarın bu hekayəsində ən sevdiyim obraz pomidor oldu. Bəli, həyatda belə şeylər tez-tez baş verir. Bir də görürsən, pomidor bıçağın ağzından çıxıb insanı birabır eləyən yerlərə dığırlandı. Pomidorun yumru olması, ona uzun məsafə qət etməyə imkan verir. Başa düşmürəm, axı nə üçün toyda pomidoru masaya doğrayıb qoymurlar. Axı bıçaqların ağzı iti olmur və bir də görürsən, pomidor biçağın ağzından çıxıb adamı biabır edən yerlərə dığırlandı. Hamımız gücümüzü səfərbər edib Qida Təhlükəsizliyi Agentliyinə məktub ünvanlamalıyıq. Əgər bunun qarşısı alınmasa, onda belə hekayələrin sayı artacaq. Pomidorun ədəbiyyatımıza təsiri geniş vüsət alacaq. Mən ümumiyyətlə pomidor yeməyi tərgitmişəm. Mədə üçün zərərlidir. Bəlkə də, buna görə artıq yeni insanlarla tanış olmaq sarıdan bəxtim gətirmir.
Müəllifə uğurlar arzu edirəm. Onun incə detallarla bəzənən bu hekayəsində gələcək pespektivin işığı görünür.
Vüqar Babazadə
Fikirlərimi, şəxsən müəllifə demişəm. Bu biabırçı mətni nə üçün yayımladığını başa düşmürəm. Belə şey olmaz. Nəsə irad bildirirsən, dərhal deyir ki, yumor üçün yazılmış şeydir.
Bıçaqdan fərqli olaraq baxışlarım çox iti idi – Təvəkgülün yumor dediyi şey budur.
Amma baxışlarımı təzədən süfrənin üstünə qaytaranda – WTF Təvəkgül? Baxışlarını süfrənin üstünə qaytarmamışdan əvvəl onlar harada idilər? Baxışları süfrənin üstünə qaytarmaq necə olur?
Nəsə. Fiasko.
Orxan Saffari
Yaxşı yazıçını həm də mətndəki yumorundan bilirəm. Təvəkkülün ədəbi yumoru da bu mənada olduqca gözəldir. Bunu onun başqa hekayələrində də görmək olar. Sadə, axıcı, yumorlu bu mətndə də təbii ki, tənqidlik tərəflər demək olar, amma məncə, lazım deyil. Qısası, həzz almaq lazımdır. Təvəkkülü bu gözəl hekayəyə görə təbrik edirəm.
Əli Zərbəli
Mən adətən oxuduqdan sonra da bir müddət “mənimlə qalan” hekayələri bəyənirəm. “Uğursuz gün” hekayəsinin bu hekayələrdən biri olacağına şübhə edirəm. Məsələn, sabah-birigün hansısa müzakirədə bu hekayənin müəllifin ən gözəl işlərindən biri kimi xatırlanacağını sanmıram. Bununla belə, bu, o demək deyil ki, hekayə alınmayıb yaxud pisdir. Müəllifin də əvvəldə qeyd etdiyi kimi sadəcə olaraq yumor üçün yazılmış bir mətndir.
Təvəkgülün bundan əvvəl yalnız “Börnaut” adlı hekayəsini oxumuşdum. Həmin hekayə də maraqlı bir situasiya üzərində qurulmuşdu və hazırki hekayədə olduğu kimi məclisə dəvətlə başlayır və məclisdə olub keçənləri anladır. Şəxsi fikrimdir ki, müəllifin həmin hekayəsi daha uğurlu alınmışdı.
Hekayənin yaxşı cəhətləri kimi bunları qeyd etmək olar: Hər üç sözdən bir yorucu, dozası qaçmış, fikir yayındıran bənzətmələrlə süslənməyib, sadə, oxunaqlı dildə yazılıb.
Maraqlı bir situasiyanin üzərində qurulub və klişe sonluqla bitməyib.
Ümumilikdə isə, adi, sıradan bir əhvalatdır, ortada yadda qalan, fərqli heçnə görmədim.
Müəllifə uğurlar arzu edirəm.