“Bundan sonra onların Qarabağ haqqında danışmağa heç bir mənəvi haqqları yoxdur”- Əlisahib Hüseynov

“Bundan sonra onların Qarabağ haqqında danışmağa heç bir mənəvi haqqları yoxdur”

Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq bu ölkənin bütün fərdlərini bir araya gətirə bilən, birləşdirən cəmi bir neçə ortaq nöqtəmiz var ki, onlardan biri və hətta birincisi məhz Qarabağ dərdimizdir.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov özünün feysbuk sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

 

“Mənə elə gəlirdi ki, bu son 30 ildə (torpaqlarımızın erməni işğalı altında qaldığı dövrdə) hər kəs, xüsusən də siyasi partiya rəhbərlərinin hər biri məhz Qarabağımızın işğaldan azad ediləcəyi günün həsrəti ilə yaşayır. Lakin 27 sentyabrda – Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq, əks- hücuma keçdiyi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olduğu, düşmənə ağır zərbə vurduğu gündə gözləntilərimlə gerçəkliklərin üst-üstə düşmədiyinin şahidi oldum. Sən demə, partiya liderləri arasında Qarabağın işğaldan azad edilməsini özü üçün prioritet, müqəddəs amal hesab etməyən öfkəli, hikkəli şəxslər də varmış. Zənnimcə, artıq sizlər də söhbətin kimdən, hansı partiyalardan getdiyini yaxşı bilirsiniz. Bəli, söhbət radikal müxalifətin ənənəvi təmsilçiləri olan Musavat və AXCP partiyalarından gedir.

Heç kəsə sirr deyil ki, Ordumuzun sürətli və qalibiyyətli əks-hücumu son 30 ilin ən böyük tarixi-siyasi hadisəsi sayılır. Hesab edirəm ki, kimsə Milli Ordumuzun bu zəfər yürüşünə etinasız qalmamalıydı. Lakin adları keçən siyasi partiyalar nədənsə, etinasızlıq göstərdilər və Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə həyata keçirdiyi təcili, təxirəsalınmaz tədbirləri yekdilliklə dəstəkləyən və bu məqsədlə bir araya gələrək birgə bəyanat imzalayan siyasi partiyalara qoşulmadılar. Söhbət 50 siyasi partiyadan gedir. Bu isə o deməkdir ki, bu 50 partiya ölkənin bütün siyasi spektrini, siyasi palitrasını əhatə edir. Əlbəttə, xalqımız üçün, ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisədə kimsə yaxasını kənara çəkməməli, dar firqəçilik maraqlarından çıxış etməməliydi.

Bu hər bir partiya üçün milli birlik, həmrəylik nümunəsi ola bilərdi. Lakin Musavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərini hər zaman xalqın yanında olduqlarını göstərməyə çalışan bu partiyalar torpaqlarımızın azad edilməsi uğrunda döyüşən Ordumuza və düşmənə qarşı qətiyyətli mövqeyini ortaya qoyan Ali Baş Komandanımıza dəstək vermədilər. Bu isə onların əsl simalarını göstərir. Vətən Müharibəsinin ilk günündə Müsavat və AXCP-nin siyasi naşılıq və eqoizm nümayiş etdirmələri, ümummilli dəyərimizə – Qarabağımıza sahib çıxmamaları, torpaqlarımızın işğaldan azad edilməsinə sevinməmələri bu partiyaların düşmən dəyirmanına su tökmələrindən xəbər verir. Onlar bu hərəkəti ilə bir daha “5-ci kolon”u təmsil etdiklərini ortaya qoyurlar.

Siyasi dialoq çağırışlarına cavab verməyən bu partiyalar o dərəcədə siyasi korluq “xəstə”liyinə tutulublar ki, hətta Qarabağın işğaldan azad edilməsi uğrunda başladılan Vətən Müharibəsinə də müxalif mövqedən yanaşmağa üstünlük verdilər. Bu hərəkət sözün birbaşa mənasında millətdən qopmanın, xalqa yadlaşmanın əyani təzahürüdür. Mən hesab edirəm ki, bu siyasi qurumların, onların liderlərinin bundan sonra Qarabağ haqqında

danışmağa heç bir mənəvi haqqı yoxdur. Ölkəmiz üçün həlledici məqamlarda milli həmrəylik nümayiş etdirə bilməyən partiyaların Qarabağ haqqında danışmaları absurd və qeyri-səmimi görünür. Bu adamlarda birlik, həmrəylik hissləri ya çox zəifdir, yadaki ümumiyyətlə heç yoxdur. Onlar milli həmrəylik nümunəsini dövlətimizin başçısı və Ali Baş Komandanımız İlham Əliyevdən öyrənə bilərlər.

Yeri gəlmişkən, siyasi partiyaların vahid mövqedən çıxış emələrinə və Orduya, Ali Baş Komandana birgə dəstək nümayiş etdirmələrinə Prezident İlham Əliyev operativ reaksiya verdi və bizim bu addımımızı yüksək qiymətləndirdi. Belə ki, Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən digər partiyaların sədrləri kimi mənə də zəng edildi və 50 partiya ilə

birgə nümayiş etdirdiyimiz mövqeyə, verdiyimiz dəstəyə görə cənab Prezidentin təşəkkürü çatdırıldı. Biz də öz növbəmizdə dövlət başçısına siyasi partiyalara göstərdiyi diqqətə görə təşəkkürümüzü bildirir və şanlı Ordumuzun qazandığı qələbələr münasibətilə həm dövlət başçımızı, həm də xalqımızı təbrik edirik!

Milli birlik, həmrəylik bax bu cür yaranır. İndi hamının milli birliyimizə töhfə verməli olduğu zamandır.”

 

Müstəqil.Az

Share: