Bütün dünyanın gözü Rusiyada: Bu gün TARİX YAZILACAQ

Bu gün Dünya Çempionatında 1/8 final mərhələsinə start veriləcək.

Müstəqil.Az xəbər verir ki, mərhələ çərçivəsində 2 cütlük qarşı-qarşıya gələcək: Uruqvay – Portuqaliya və Fransa – Argentina.

İlk cütlük son dəfə 46 il əvvəl qarşılaşıb. Uruqvay-Portuqaliya milliləri tarixlərində yalnız iki dəfə qarşı-qarşıya gəliblər. İlk dəfə 1966-cı ildə görüşən millilər Portuqaliyanın paytaxtı Lissabonda hazırlıq matçı keçiriblər. Qarşılaşma ev sahibinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb. İkinci görüş isə 1972-ci ildə Braziliyada baş tutub. Braziliya Azadlıq Kubokundakı matç 1:1 hesabı ilə bitib.

Uruqvay

Dünya Çempionatının ən təcrübəli millilərindən olan Uruqvay13-cü dəfədir ki, final mərhələlərinə vəsiqə qazanıb.

Ev sahibi olduğu 1930 və Braziliyada keçirilən 1950 Dünya Çempionatlarında kuboku qazanan Uruqvay toplamda 54 matç oynayıb. Bu qarşılaşmaların 23-də meydandan qalibiyyətlə ayrılıb, 12 dəfə bərabərə qalıb, 19 dəfə isə məğlub olub. Cənubi Amerika komandası 85 qol vurub, 71 qol buraxıb.

Portuqaliya

Son 5-i üst-üstə olmaqla, toplamda 7-ci dəfədir ki, Dünya Çempionatına qatılan Portuqaliya bu günə qədər 29 matça çıxıb. Bu matçlarda 14 qalibiyyət, 6 bərabərlik və 9 məğlubiyyət əldə edib. Avropa təmsilçisi 48 qol vurub, 33 qol buraxıb.

Matç Bakı vaxtilə bu gün saat 22:00-da, “Fisht” stadionunda başlayacaq.

Günün digər bir cütlüyü isə Fransa-Argentinadır.

Bu cütlük tarixlərində 12-ci dəfə qarşı-qarşıya gələcək.

Rəqabətdə bu zamanadək Argentinanın üstünlüyü qeydə alınıb. Bu günə qədər 2-i rəsmi, 9-u özəl maçtda qarşılaşan Argentina 6, Fransa isə 2 qalibiyyət əldə edib. 3 matç bərabərə bitib. Argentinanın 12 qoluna Fransa 7 qolla qarşılıq verib.

Cütlük tarixlərində ilk dəfə Uruqvayın ev sahibliyi etdiyi 1930 Dünya Çempionatında qarşılaşıb. Matç 1:0 hesabı ilə bitib. Komandalar ikinci dəfə 48 il sonra görüşüb. 1978-ci ildə Argentinada keçirilən çempionatda ev sahibi 2:1 hesabı ilə qalib gəlib.

Fransa

Rusiyadakı turnirin favroitləri sırasında göstərilən Fransa 15-ci çempionat həyəcanı yaşayır. Fransızlar 1998-ci ildə ev sahibliyi etdikləri turnirdə çempion olublar. Dünya sırlamasında 7-ci yerdə duran Fransa Dünya Çempionatı tarixində 62 matçda 30 qola sevinib, 13 bərabərlik və 19 məğlubiyyət görüb. 109 qol vurub, 72 dəfə qol buraxıb.

Argentina

Argentina isə 17-ci dəfədir, Dünya Çempionatında iştirak edir. 1978 öz evində və 1986 Meksikada çempion olan cənubi Amerika təmsilçisi bu günə qədər 80 matça çıxıb. 43 qalibiyyət, 15 bərabərlik, 22 məğlubiyyət görüb. 134 qola sevinib, 84 dəfə top buraxıb.

Komandaların növbəti matçı bu gün Bakı vaxtilə saat 18:00-da, “Samara Arena”da baş tutacaq.

Share: