Milli Məclisdə hökumətin hesabatı zamanı Baş nazir Əli Əsədov deputatların sorğularını cavablandırıb.
-nın xəbərinə görə, Baş nazir deyib ki, ötən il deputatlar tərəfindən qaldırılmış məsələlərin bir hissəsi həllini tapıb, bir hissəsinin həllinə başlanılıb və işlər davam edir.
Əli Əsədov bu kateqoriyadan olan görülmüş işləri də vurğuladıqlarına görə deputatlara təşəkkür edib: “Yerdə qalan işlər də mərhələlərlə görüləcək. Məsələn, qəzalı binalar FHN-in rəsmi arayışı ilə 3 kateqoriyaya bölünüb və ən çətin vəziyyətdə olanlar birinci mərhələdə həll olunur. Sumqayıtda və Mingəçevirdəki ən çox qəzalı vəziyyətdə olan yataqxanaların sakinləri artıq köçürülüb. Yeni yataqxanaların tikilməsi də planda var. Bütövlükdə ölkə üzrə 660 məktəbin təmirinə ehtiyac var. Onlar da Təhsil və Fövqəladə Hallar nazirlikləri ilə müzakirə olunaraq mərhələlərlə həll olunacaq.
Eyni mərhələli yanaşma bütün infrastruktur məsələlərinə-qazlaşdırma, elektrik təminatı, yol və s. də aiddir. Mən söz vermirəm ki, deputatların qaldırdıqları bütün məsələlərin hamısı 1 ildə həll olunacaq. Ancaq bütün burada qaldırılan məsələlər hökumətin gündəlik fəaliyyətinin predmetidir və mərhələlərlə, ən zəruri işlər önə çəkilməklə görülür”.
Quru sərhədlərin bağlanması ilə ÜDM-in səviyyəsini əlaqələndirməyə gəldikdə Baş nazir qeyd edib ki, faktlar göstərir ki, onlar arasında birbaşa əlaqə yoxdur: “Məsələn, quru sərhədlər 2020-ci ilin 1-ci rübündə bağlanıb. Amma 2021-ci ildə ÜDM-in artımı 5.6%, 2022-ci ildə isə 4.6 % olub. Azərbaycanda 2023-cü ildə ÜDM-in artımının 1.1% olması ilə bağlı deyə bilərəm ki, BVF-nin qiymətləndirməsinə görə 2023-cü ildə avrozonada ÜDM-in artımı 0.5-0.6%-dir. 2023-cü ildə inkişaf etmiş ölkələr üzrə artım tempi 1.6% olub. Dünya Bankının proqnozuna görə Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir. BMT isə 2.6-2.8% proqnozlaşdırır. Dünya üzrə isə 2024-25-ci illərdə orta artım proqnozu 2.6%-dir. Avrozona üzrə isə bu göstərici 1.2%-dir. Göründüyü kimi Azərbaycan dünya üzrə orta tempdən geri qalmır. Hazırda neft hasilatının enmə dövrünün sabitləşdirilməsi üzərində iş gedir”.
Baş nazir vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir. Baş nazir əlavə edib ki, azad olunmuş ərazilərin bərpası, müdafiə və milli təhlükəsizlik əsas prioritetlərdir.