“Bütün yollar Azərbaycandan keçir”

Politoloq: “Bakı-Tbilisi-Qars həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın…”

“Nəqliyyat dəhlizləri və onların təhlükəsizliyi bu gün dünyanın bütün regional və qlobal güc mərkəzlərini düşündürən əsas məsələlərdən biridir. Dünyanın müxtəlif bölgələrində baş verən qanlı toqquşmalar, münaqişələr, geosiyasi tarazlığın pozulması, ayrı-ayrı güc mərkəzləri arasında mövcud olan ziddiyyətlərin dərinləşməsi daha əlverişli və daha təhlükəsiz nəqliyyat dəhlizlərinə nəzarət və onların şaxələndirilməsi amilinin ön plana çıxarılmasını zəruri edir”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri Azərbaycanın iştirakı ilə reallaşan yeni nəqliyyat marşrutu barədə Musavat.com-a açıqlamasında söylədi. Ekspert bildirdi ki, müasir dünyada ərzaq və enerji təhlükəsizliyi, regional və qlobal nəqliyyat dəhlizləri kimi geoiqtisadi amillər bir çox hallarda geosiyasi reallıqların formalaşmasında aparıcı mövqedə dayanır: “Nəqliyyat dəhlizlərinin tarixi nə qədər qədim olsa da müasir nəqliyyat dəhlizləri sistemi 1970-ci illərdən etibarən daha fəal şəkildə yaradılmağa başlanıb. Nəqliyyat dəhlizləri onu yaradanların məqsəd və hədəflərindən asılı olaraq, ticarət, tranzit və inkişaf etməkdə olan nəqliyyat dəhlizləri kimi təsnif olunur. Nəqliyyat dəhlizləri həm milli, həm regional, həm də beynəlxalq ola bilər. Amma nəzərə almaq lazımdır ki, bu bölgülərin özü də nisbi xarakter daşıyır. Çünki milli nəqliyyat dəhlizləri əksər hallarda regional, yaxud beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilirlər. Məsələn Astara-Astara dəmir yolu öz-özlüyündə regional nəqliyyat dəhlizidir. Lakin həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir. Yaxud Cənub-Qərb qlobal nəqliyyat dəhlizinin tərkib hissəsi olan regional Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Bu iki layihəyə münasibətdə nəqliyyat dəhlizləri ilə bağlı klassik siniflərə bölmə ənənəsi də öz əhəmiyyətini itirir. Çünki eyni layihə həm lenbric, həm minibric, həm də mikrobric funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulub. Yəni quru daşınmaları öz yerini su yolu ilə daşınmalara verir. Və yaxud əksinə”.

Image result for Politoloq Elçin Mirzəbəyli

E.Mirzəbəylinin fikrincə, əgər Avropa İttifaqına üzv ölkələrin həm milli, həm regional, həm də beynəlxalq nəqliyyat dəhlizlərinə nəzər salsaq, burada da inteqrasiya prosesinin sürətlə getdiyinin və ənənəvi anlayışların sıradan çıxdığının şahidi olarıq: “Bu nəqliyyat dəhlizlərinin çoxşaxəli funksiyalarına münasibətdə digər ənənəvi bölgü – ticarət, tranzit və inkişaf etməkdə olan nəqliyyat dəhlizləri bölgüsü də ciddi önəm daşımır. Buna misal olaraq Avropa İttifaqının Transavropa Nəqliyyat Şəbəkəsi, Panavropa Nəqliyyat Dəhlizi sistemini göstərmək olar. Milli nəqliyyat dəhlizləri adətən böyük şəhərləri, yaxud dəniz limanlarındakı logistik mərkəzləri bir-birinə birləşdirir. Amma daha öncə də qeyd etdiyim kimi bu kiçik dəhlizlər eyni zamanda nəhəng nəqliyyat dəhlizləri sisteminin tərkib hissəsi funksiyasını yerinə yetirirlər. Hazırda dünyada quru nəqliyyatına daxil olan avtomobil yollarının uzunluğu 27,8 milyon kilometr təşkil edir. Bütün dünya üzrə sərnişin daşınmalarının 82 faizi avtomobil yollarının payına düşür. Dəmir yolu ilə yük daşınmaları ümumi həcmin 9 faizini təşkil etsə də bu nəqliyyat vasitəsinin əhəmiyyəti getdikcə daha da artır. Dünya üzrə yük dövriyyəsinin 62 faizi isə su nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilir. Geosiyasi proseslərin intensivləşdiyi, ziddiyyətlərin dərinləşdiyi zaman kəsiyində nəqliyyat dəhlizlərinin önəmi daha da artır və onlar sadəcə yük daşınmaları üçün nəzərdə tutulan vasitə rolunu oynamırlar, həm də mühüm təhlükəsizlik faktoruna çevrilirlər. Məhz bu baxımdan da nəqliyyat dəhlizlərinə yatırılan sərmayələrin miqdarı ildən-ilə artır. İqtisadi Əməkdaşlıq Təşkilatının ekspertlərinin hesablamalarına görə, 2030-cu ilədək ümumdünya nəqliyyat sisteminə yatırılacaq vəsaitlərin miqdarı 11 trilyon dollar təşkil edəcək. Bunun 5 trilyonu isə dəmir yollarının payına düşəcək. Yerdə qalan 6 trilyon dollar avtomobil yollarının, logistik mərkəzlərin və limanların inşasına sərf olunacaq”.
Politoloq qeyd etdi ki, hazırda yük daşınmalarının 62 faizi su nəqliyyatının payına düşsə də, dəmir yollarının inşasına yatırılması nəzərdə tutulan vəsait daha çoxdur: “Bu isə beynəlxalq nəqliyyat dəhlizləri sistemində dəmir yolunun çəkisinin daha da artacağını göstərir. Bu müstəvidə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin nə qədər strateji önəm daşıdığını söyləsək, düşünürəm ki, mübaliğəli görünməz. Müasir dövrdə nəqliyyat dəhlizlərinin qısaldılması və səmərəliliyinin artırılması üçün yeni kanalların çəkilməsi, su hövzələrinin bir-birinə birləşdirilməsi prioritet sayılmır. Prioritet olan bu dəhlizlərin çoxfunksiyalılığı, effektivliyidir”.

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan regional və qlobal nəqliyyat dəhlizləri qovşağında çox önəmli bir yer tutur: “Şübhəsiz ki, burada ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe də nəzərə alınmalıdır. Lakin coğrafi mövqenin geosiyasi amilə çevrilməsində rol oynayan iqtisadi-siyasi faktorlar, sabitliyin və təhlükəsizliyin təmin olunması da elə geosiyasi mövqenin özü qədər və bəlkə də daha artıq önəm kəsb edir”. Bəs, Azərbaycanın nəhəng nəqliyyat dəhlizinlərinə qoşulması, daha doğrusu, bu nəqliyyat dəhlizlərində mühüm strateji körpü missiyasını yerinə yetirməsi ölkəmizə nə vəd edir? E.Mirzəbəyli: “Bu nəqliyyat dəhlizləri ilk növbədə ölkəmizin geosiyasi önəmini artırır. Nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunması bu qlobal layihələrdə iştirak edən nəhəng güc mərkəzləri üçün həyati əhəmiyyət kəsb etdiyindən bu, həm də ölkəmizin təhlükəsizliyinə təhdid edə biləcək amillərin qarşısının alınması üçün əlavə imkanlar yaradır. Bu baxımdan, Bakı-Tbilisi-Qars həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının və bu müstəvidə bəzi dövlətlərin ölkəmizə qarşı manipulyativ davranışlarının üzərindən xətt çəkir. Avropa ilə Asiya arasında körpü statusu Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan da çox vacibdir. Geosiyasi risklərin getdikcə artdığı, qlobal miqyasda rəqabət və qarşıdurma meyillərinin güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala malikdir. Qənaətimə görə, beynəlxalq nəqliyyat dəhlizləri, xüsusilə də Cənub-Qərb və “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin gerçəkləşməsinin çox mürəkkəb gesosiyasi məkanda yer alan Azərbaycanın dünya güclərinin getdikcə kəskinləşən qlobal rəqabətindən qorunmasına, yaxud bu proseslərin neqativ təsirinin azaldılmasına zəmin yaratdığı da nəzərə alınmalıdır. Bu baxımdan da, Azərbaycan ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin işə salınmasını strateji hədəflər kimi nəzərdən keçirir və bu müstəvidə öz mühüm rolunun gündəlikdə qalması üçün maksimum səylər göstərir”.

Politoloq hesab edir ki, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizləri layihələrində təşəbbüsçü və tərəfdaş kimi iştirakı Azərbaycanı maraqların toqquşduğu məkandan maraqların uzlaşdığı məkana çevirməkdədir: “Bu isə ölkəmizin geostrateji önəminin artması, regional və qlobal geosiyasi proseslərin balanslaşdırıldığı məkana çevrilməsi, qeyri enerji sektorunun davamlı inkişafı, sabitlik və təhlükəsizlik deməkdir. İlkin orta əsrlərdə məşhur olan “Bütün yollar Romaya aparır” deyimi qədim Romanın əzəmətini və qüdrətini nümayiş etdirirdi. Əslində bütün yolların məhz Romaya aparmasında qeyri-adi heç bir şey yox idi. Çünki bu yolları romalılar salmışdılar. Bu baxımdan, biz də Azərbaycanı mühüm geosiyasi önəm kəsb edən nəqliyyat qovşağına çevirdiyimiz üçün çox rahatlıqla “Bütün yollar Azərbaycandan keçir” deyə bilərik”.

Share: