Buza dönmüş qız
Çöl qapısından içəri keçib, ətrafa ümumi göz gəzdirdim. Dəstə-dəstə adamlar sıra-sıra düzülən baş daşlarına baxa-baxa gəlib keçirdilər bu dəmir qapıdan. Əllərində gül, gözlərində yaş, ürəklərində ağrı-acı gəzdirirdilər bu adamlar. Ağrıların ağırlığını onların ayaqlarını sürüyərək, asta-asta yeriməsindən və çıyinlərinin düşməsindən hiss etmək olardı. Göz yaşları sakitcə selə dönüb, axırdı gözlərdən. Kimsə hönkürüb ağlamağa cəsarət etmirdi sanki. Mən də yavaş-yavaş Şəhid məzarlarına doğru yeriyirdim, bu anda için-için ağlayan qız səsi eşitdim. Səs o qədər dərindən, boğunuq gəlirdi ki, göynərtinin sinədən qopduğu açıqca hiss olunurdu. Təəccüblü idi, bu səs hardan gəlirdi? Kim idi ağlayan? Diqqətlə məzarlara göz gəzdirdim, heç birinin önündə dayanıb, ağlayan kimsə yox idi. Bu səs nə idi axı? Kimdir? Mən onu niyə görə bilmirəm? Sanki qorxa-qorxa hıçqırırdı, səsini içində boğub, göynəyirdi. Beynimdəki bu suallarla sıra-sıra düzülən Şəhid məzarlarını bir-bir salamlayıb keçirdim. Minnətdarlıq hissimi gözlərimlə onlara çatdırmağa çalışırdım. Bəlkə də özümdən ixtiyarsız yüksək səslə də demişəm ürəyimdən keçənləri, çünki dəfələrlə başqa ziyarətçilərin çönüb mənə qəribə baxdıqlarını gördüm. İki saata yaxın dolaşdım məzarların arasında. Bu zaman kəsiyində nələri düşünmədim daha? Nələri canlandırmadım gözümün önündə?
Eh…
Fikirli-fikirli mərmərdən boylanan təbəssümlü üzlərə baxa-baxa irəliləyirdim. Elə bu zaman bayaqki o hıçqırtı səsi lap yaxından, bir addımlığımdan gəlməyə başladı. Yuxudan ayıldım sanki, önümdə atasının sinə daşını qucaqlayıb, eləcə də donub-qalmış bir qız vardı. Elə möhkəm yapışmışdı ki, bu buz kimi daşın kənarlarından bir an heç buraxmayacağını düşündüm.
Bir neçə saat əvvəl yağış yağıb, Şəhid məzarlarını nura bələmişdi. Qıza yaxınlaşıb, əlimi çiyninə qoydum, onu daşdan – atasının sinəsindən ayırmağa çalışdım. Qızın üstü-başı su idi, soyuqdan əsirdi. Elə bərk tutmuşdu ki daşdan, ayıra bilmədim. Dilim də tutuldu, sözüm də bitdi, bu mənzərə qarşısında aciz idim. Çarəsizlikdən dırnağımın ucundan-saçımın ucuna qədər göynədi. Təsəlli edəcək sözüm yox idi, nə deyim axı? Heç başını qaldırıb üzümə də baxmırdı, üzünü atasının sinəsinə elə möhkəm sıxmışdı ki… Başına, kürəyinə sığal çəkdim, heç tərpənmədi də. Buz heykəl olub yapışmışdı atasının sinə daşına. Əlinin birini birtəhər daşdan aralayıb, əllərimlə ovmağa başladım, buz kəsmişdi əli. Anladım ki, gəldiyimdən bu yana saatlardır səsini eşidib, görə bilmədiyim bu qız imiş. Artıq dözə bilmədim, boynundan çəkib qaldırdım və qucaqladım. Bir-birimizə sığınıb hönkürtü ilə ağladıq. Ayağa durdu, gözucu mənə baxıb “sağ ol” dedi. Cavab da verə bilmədim, axı mənə niyə sağ ol deyirsən? Mən neylədim ki? Sağ ol sənə düşür bacım, sənin atan canını qurban edib mənə görə, bizə görə, ona görə. Vətənə görə… Səni atasız qoyub, başqaları da atasız qalmasın deyə…
Yerə atdığı çantasını da götürüb, Şəhidlər Xiyabanının qapısına doğru getdi.
Və mən hələ də orada ( Şəhid palkovnik-leytenant Xeyrulla İbrahimovun məzarının önündə) dayanıb, olanları dərk etməyə çalışırdım.
Günay Nəriman
19.12.2020
Müstəqil.Az