Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”…
Heç vaxt yaradıcılığında qrafik tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır…
“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.
Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. “Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “Yenə iki Od arasında”, “Gözünə gün düşür”, “Ağ və qara”, “Vida”, “Dənizin nağılları” kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir…
Deyir ki,- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar…”
Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”
“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam…”- söyləyir.
Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə adamları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir…
Dekabrın 23-ü haqqında söhbət açdığım nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Elman Eldaroğlu