Şair, ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və Dünya ədəbiyyatı tarixi kafedrasının müəllimi Təranə Turan Rəhimli Kult.az-a müsahibəsində ədəbiyyatımızın xaricdə təbliğindən, çağdaş tənqidimizdən və başqa mövzulardan danışıb:
– Təranə xanım, əvvəlcə ondan başlayaq ki, yazar olaraq bir çox ölkədə ədəbiyyatımızı təmsil etmisiniz. Ədəbiyyatımız kənarda necə boy verir?
– Demək olmaz ki, dünya ölkələrində ədəbiyyatımızı lazımınca tanıyırlar. Yəni Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, böyük sənətkarları, şedevr əsərləri haqqında nəinki Qərb, heç Yaxın Şərq ölkələrinin də kifayət qədər məlumatı yoxdur.
– Sizcə, niyə?
– Yəqin, bu onunla bağlıdır ki, 70 illik imperiyanın sərt siyasi yasaqları sayəsində uzun müddət təbliğ edə bilmədiyimiz ədəbiyyatımız, onun estetik səviyyəsi barədə cəmi 27 ildə bitkin təsəvvür yaratmaq qeyri-mümkündür.
– Yəni heç tanınmırıq?
– Yox, elə deyil. Mən müxtəlif ölkələrə səfərlərimdə dünya yazıçılarının klassiklərimizdən Nizamini, Füzulini, Vazehi tanıdıqlarının şahidi olmuşam. Hətta Qərbli həmkarlarım məni Anar, Elçin, Kamal Abdulla, Sabir Rüstəmxanlı yaradıcılıqlarını yaxından tanımaqları ilə təəccübləndiriblər. Əlbəttə, Türkiyədə Hüseyn Cavid, Bəxtiyar Vahabzadə sevgisini, Anar bədii irsinə diqqəti, Elçinin əsərlərinə həssas münasibəti, İtaliyada Kamal Abdulla nəsrinə marağı, ingilis yazıçılarının Sabir Rüstəmxanlıya rəğbətini xüsusi qeyd etmək istəyirəm. Lakin bəzən tanınmaq haqqı olan böyük sənətkarlarımızın tanınmadığını görəndə acı təəssüf hissi keçirdiyim də çox olub. Məsələn, Türkiyədə Beynəlxalq Ədəbiyyat Festivallarından birində Cəfər Cabbarlının “Ana” şeirini söylədim və o zaldakı heyranlıq, sürəkli alqışlardan sonra müəllifin hansı əsrdə yaşaması, yaradıcılıq istiqamətləri ilə bağlı suallardan məlum oldu ki, bu yazıçının adını ilk dəfə eşidirlər.
– Son vaxtlar adət halını alıb, hansısa qurumların üzvləri dəstə-dəstə ədəbiyyat festivallarında olurlar. Bu, daha çox antitəbliğatdır, necə düşünürsünüz?
– Əlbəttə, ədəbiyyatı ədəbiyyata dəxli olmayan adamların təmsil etməsi konkret ölkənin bədii fikri haqqında yanlış qənaət yaradır. Bu isə heç tanınmamaqdan daha dəhşətlidir. Hər bir millətin böyüklüyü ilk növbədə onun ədəbiyyatında öz əksini tapır. Bu böyüklüyü, milli-mənəvi varlığın əzəmətini söz sənətində əks etdirməkdə aciz qalanlar təbii ki, öz sönük yazıları ilə həmin acizliyi təmsil edirlər. Həm də bir cəhəti xüsusi vurğulamaq istəyirəm ki, indi mötəbər beynəlxalq ədəbi tədbirlərdə bir ölkəni bir və ya uzağı iki yazıçı təmsil edir. Belə tədbirlərə dəstə ilə dəvət almaq mümkün deyil. Çünki məsələnin maddi tərəfi də var. Heç bir dövlətin nüfuzlu ədəbi qurumu hər bir ölkədən böyük dəstənin ezamiyyət xərclərini ödəməyə razılaşmaz. Sizin nəzərdə tutduğunuz axınla gedənlər ədəbiyyat tədbirlərini alver psixologiyası ilə təşkil edən tək-tək adamların dəstəkçisi olanlardır ki, bu tədbirlərə öz xərcləri ilə qatılırlar.
– Ölkə oxucularının yaddaşında qalmayan şairlərin ən çox da Türkiyəyə yola düşməsi, sanki nəyinsə sezonunun başlaması kimidir.
– Reallıq budur ki, Azərbaycan ədəbi mühitinin bir dəfə belə adını eşitmədiyi, yaxud yazdıqlarını şeir hesab etmədiyi adamlar Türkiyədə ədəbi tədbirlərdə mütəmadi iştirak edirlər. Lakin o tədbirlərin də hansı keyfiyyətdə olması, hansı məqsədlərlə təşkil edilməsi faktorunu nəzərdən qaçırmaq olmaz. Hələ Türkiyədə gerçəkləşməsi hər hansı tədbirin yüksək ədəbi səviyyədə olmasının göstəricisi deyil.
– Sizin iştirakçısı olduğunuz mötəbər tədbirlərdə nələri əxz etdirə bilirik?
– Mən xarici ölkələrə səfərlərimdə Təranə Turan Rəhimli olduğumu unuduram. Orada özümü yox, Azərbaycanı təmsil edirəm. Beynəlxalq tədbirlərə ölkəmiz haqqında bukletləri, kitabları, bayrağımızı aparmaq, mühüm tarixi həqiqətlərimizi, aparıcı alim və yazıçılarımızı tanıtmaq vacib məqsədlərdəndir. Təkcə öz kitablarını təbliğ etmək eqoizmindən uzağam. Elə səfərlər olub ki, çemodandan öz kitablarımı çıxarmağa qıymışam, amma Bəxtiyar Vahabzadənin, İsa Hüseynovun, Himalay Ənvəroğlunun, Təyyar Salamoğlunun, Buludxan Xəlilovun, Firuzə Məmmədlinin (yadıma düşənləri sadaladım) kitablarını özümlə aparıb müxtəlif universitetlərin rektorlarına, tanınmış ədəbi qurumlara, bələdiyyə başqanlarına hədiyyə etmişəm. O tədbirlərdə əxz etdiklərimizə gəlincə, deməliyəm ki, beynəlxalq festivallar həm də ölkələrarası ədəbi-mədəni əlaqələrin genişlənməsi deməkdir. İlk növbədə, başqa millətlərin estetik təcrübəsindən yaradıcı şəkildə bəhrələnmək üçün belə tədbirlər əvəzsizdir. Digər tərəfdən, müasir dövrün xarici yazıçılarını tanımaq və ölkəmizdə tanıtmaq imkanları yaranır. Hollandiya, İtaliya, Rumıniya, Belçika, Albaniya, Tatarıstan, Qazaxıstan, Şimali Kipr, Yaponiya, Hindistan və s. ölkələrin şairlərinin yaradıcılığından seçmələri tərcümə edib dövrü mətbuatda, antologiyalarda, ədəbi saytlarda yayımlamaq da həmin estetik təcrübəni Azərbaycan ədəbi mühitinə təqdim etmək etməkdir. Təvazökarlıqdan uzaq görünməsin, dünya şairlərindən tərcümələrim artıq sanballı bir kitab həcmindədir və o kitabı çapa hazırlayıram.
– Bu yaxınlarda Hindistanda keçiriləcək hansısa tədbirə qatılmalıydınız.
– Hindistanda keçiriləcək Dünya Şeir Festivalına dəvət almışdım. Bu mötəbər tədbirdə ölkəmizi təmsil edəcəyim üçün böyük qürur hissi keçirirdim. Dünyanın dörd qitəsindən 250 yazıçının iştirak etdiyi, qiymətli ədəbiyyat ödüllərinin verildiyi bu tədbirə üzrlü bir səbəbdən qatıla bilmədim. Həmin festivala hazırlığın həyəcanı hələ də canımdadır. Amma hindistanlı şairlərin “səni yenə də gözləyəcəyik” nidası ümid verdi ki, qarşıda Hindistan səfəri də olacaq.
– Tənqidimizlə bağlı fikrinizi bilmək istərdik.
– Bu suala təkcə yazıçı kimi yox, həm də ədəbiyyatşünas, pedaqoq kimi cavab vermək istəyirəm. ADPU-da tədris etdiyim fənlərdən biri də Ədəbi tənqid tarixidir. Bu fənni tədris etmək təkcə tənqidimizin keçdiyi inkişaf yolu barədə təsəvvür yaratmaq deyil, həm də tənqidin müasir ədəbi prosesi hansı səviyyədə öyrənməsi, dəyərləndirməsi haqqında fikir formalaşdırmaqdır. Elə buna görə də ara-sıra eşitdiyim “bu gün bizdə tənqid yoxdur” qənaəti ilə razılaşa bilmirəm. Bu gün tənqidimizin kifayət qədər dəyərli nümunələri var. Çox qiymətli monoqrafiyalar çap olunur, məqalələr yazılır. Amma bir həqiqəti deməkdən özümü saxlaya bilməyəcəyəm. Məsələ burasındadır ki, bu gün tənqid daha çox münasibətlərlə dilə gəlir. Tənqidi dilə gətirən bədii nailiyyətin estetik səviyyəsindən çox, əsər müəllifinin cəmiyyətdəki nüfuzudur, tutduğu vəzifədir, dostluq münasibətləridir və s. Bu cəhət, əlbəttə, tənqidi həmişə obyektiv olmağa qoymur, onun inkişafına ciddi maneə törədir. İllər sonra bugünkü tənqidimizin tarixi yazılanda bu qüsurlar mütləq dilə gətiriləcək.
– Ali məktəblərimizdə yazarlarla görüşlər, tədbirlər Sovetlər zamanı ilə müqayisədə çox az keçirilir, sizcə, niyə? Təhsil ocaqları maraqlı deyil, yoxsa yazarlarımızın gənclərə deməyə sözü yoxdur?
– Sovet dövründə belə görüşlər daha çox öhdəçilik kimi qavranılırdı, amma nəticə ürəkaçan idi, gənclərin bədii zövqünün formalaşmasına, şəxsiyyət kimi tərbiyəsinə belə tədbirlər ciddi təsir göstərirdi. Bu gün təhsil ocaqlarında yazıçılarla görüşlərdən daha çox alimlərimizin yubiley tədbirləri, elmi konfranslar keçirilir. Və bu universitetlərdə elmi mühitin inkişafı üçün çox gərəkli bir işdir. Fikrimcə, yazıçılarla tez-tez görüşlər keçirilməməsinin bir səbəbi də sovet dövründəki tələbəylə müqayisədə müasir tələbənin mütaliəsinin zəifliyidir. O vaxtkı tələbənin mütaliə genişliyi, ədəbi yeniliklərə operativ münasibəti, təzə çap olunan uğurlu əsəri dərhal oxuyub müzakirə etmək istəyi də belə görüşləri labüd edirdi. Tələbənin yazıçıya deməyə daha çox sözü vardı. İndi isə tələbələrin mütaliə zəifliyi ən ağrılı yerimizdir, bu başqa ixtisaslar üçün bəlkə də qüsur deyil, amma filologiya sahəsində təhsil alan tələbənin inkişafı üçün ciddi bir maneədir. Hətta universitetlərdən birində müşahidə etmişəm ki, tələbəyə əvvəlcədən hazırlanmış sual verilib ki, yazıçıya ünvanlasın, tələbə isə özünün olmayan sualı vərəqdən düz oxuya bilməyib. Tələbə yaradıcılığını bildiyi yazıçı ilə görüşməlidir ki, ona sözü olsun, aydınlaşdırmaq istədiyi mətləbləri çözsün, suallarına cavab tapsın.
Faiq Balabəyli