YAROSLAV HAŞEK
Müstəqil.Az Rusiyada yaşayıb-yaradan tanınmış yazar-tərcüməçi Araz Gündüzün Məşhur çex yazıçısı Yaroslav Qaşekin (1883 – 1923) tırcümə etdiyi “ Cəhənnəmin xariqə günlərindən biri ” hekayəsini təqdim edir:
Şeytan Adolf günahkar ruhların qaynadıldığı 28 nömrəli qır qazanının ocaqçısıydı. O, qısa müştüklü tütün çubuğunu tüstülədir, aradabir qara Bavariya pivəsindən qurtumlayıb, özü üçün zümzümə edirdi: “Lay-lay körpəm, a lay-lay”. Birdən qulağna qır qazanının içindən kiminsə iniltili səsi gəldi:
–Yalvarıram, məni buradan çıxarın!
Şeytan ürəkdən şaqqanaq çəkib güldü və qır qazanının altına bir-iki dini məzmunlu kitab atıb ocağı qızışdırdı. Ocağın alovu artıqca qır qazanında qaynayan ruhlar bərkdən çığırışmağa başlayırdı və bu da Şeytan Adolfu əyləndirirdi. O, üfürüb, qır qazanının altındakı ocağı biraz da bərk alovlandırdı, qazandakı buxarın təzyiqi və istiliyi artıqca, incə bir səslə sevimli mahnısını mızıldanmağa başladı: “Lay-lay körpəm, a lay-lay”. Bayaq səsi gələn ruh biraz da bərkdən qışqırıb, hönkürtüylə yalvarmağa başladı:
–Ah, məni buradan buraxmasalar dəli oacağam!
Qır qazanından gələn bu hay-küyü eşidən yaxınlıqdakı şeytanlar da bura axışdılar. Şeytan Rudolf dedi:
–Adolf, soruş gör bu qışqıran kimdir, nəçidir?
–Ey, ruhcığaz,– Şeytan Adolf qır qazanının içinə sarı qışqırdı. – Sizin adınız nədir?
–Mən “Neye freye presse” qəzetinin müxbiriyəm, – qazanın içindən səs gəldi. – Məni buradan buraxın, sizin haqqınızda elə şeylər yazım ki, lap şeytanın da qusmağı gəlsin! Tez olun, məni buradan çıxarın, mən sizin baş ocaqçı ilə danışmaq istəyirəm.
Şeytanlar uğundular:
–Gör nə maymaq ruhdur, elə bilir, buradan qurtarmaq olar!
–İstəkli ruhcığaz, – Şeytan Adolf ondan soruşdu, – siz, nə üçün baş ocaqçı ilə görüşmək istəyirsiniz?
–Mənim yerim qır qazanı deyil, sizin aranızdadır, bax buna görə də, ağalar, mən sizin baş ocaqçı ilə görüşüb danışmaq istəyirəm. Mənə elə gəlir ki, sizin işçilər siyahını dolaşığa saldıqlarından məni qır qazanına atıblar. Göy üzünün polisləri məni buraya gətirəndə biz yolüstü ruhların təmizləndiyi şöbəyə döndük, oranın meyxanaçısı bizi İsa Məsihin ölümündən altı min il sonra yığılmış üzümdən çəkilmiş çaxıra qonaq elədi. Mənimlə gələn polislər içib bərk kefləndiklərindən, siyahını qarışdırıb, məni günahkarların ruhları qaynayan bu qazana salıb getdilər. Ancaq bilirsiniz, yağ həmişə suyun üzünə çıxdığı kimi, düzgünlük də geci-tezi, bir gün üzə çıxıb bilinir.
–Sən burada bizim başımıız Atalar sözləri ilə bişirmə, qardaş, – Şeytan Rudolf dedi .– Yox, sən burada bir yanlışlıq olduğunu deyirsənsə, onda biz indi baş ocaqçını buraya çağırıb işi aydınlaşdırarıq. Yaxşı, çıx görüm, qırağa!
Ruh qazanın buxar çıxan deşiyindən vıyıltı ilə bayıra çıxdı. O, başdan-ayağa qan-tər içində idi, ağzından çıxıb sallanan dilini, ayaqlarına dolaşmasın deyə, çiyninə atmışdı. Şeytan Adolf ona bir parç dolusu pivə verdi, ruh pivəni içdi, sonra şeytanların arasında özünə yer edib oturdu.
–Demək, siz, yer üzündə yaşayanda “Neye freye presse” qəzetinin müxbiri olmusunuz? – Şeytanlardan biri soruşdu. – Ancaq doğrudan da, çox gözəl işiniz varmış!
–Bilirsinizmi, əzizim, – Şeytan Adolf dilləndi, – bizim baş ocaqçımızın da, yer üzündə yaşayanda, elə sizinkinə oxşar bir sənəti olub. O bura gəlib şeytan olmamışdan qabaq üçulduzlu paqon daşıyırdı, özü də, imperator-kral çap agentliyinin direktoru işləyirdi. Sən, kim olduğunu indiyədək bizə niyə deməmisən?
–Sizə danışdığım kimi, məni ruların təmizləndiyi şöbədə içirib bərk kefləndirmişdilər. Ona görə də, məni buraya gətirib qır qazanına salanda elə bildim ki, belə də olmalıdır. Çəkməyə tütününüz olmaz?
–Biz qurudulmuş polis komissarlarından düzəldilmiş tütün çəkirik, dostum, – Şeytan Rudolf ona bir siqaret verib dedi. – Ancaq yaman tünd tütün çıxır onlardan. Onsuz da burada sonsuzlara kimi qaldığımızdan, siz də, onları necə qurudub tütün düzəltməyi öyrənərsiniz. Çox əyləncəli bir işdir: siz polis komissarını qurudrsunuz, o isə vaxt boş keçməsin deyə, özü haqqında lətifələr danışır. Hə, odur, baş ocaqçı bura gəlir.
Doğrudan da, imperator-kral çap agentliyinin keçmiş direktoru, indi isə burada baş şeytan vəzifəsində işləyən Rixard onlara yaxınlaşdı. O cəhənnəmdə olduğu müddətdə çox az dəyişmişdi. İndi də, bir vaxtlar yer üzündə olanda rəsmi məlumatları qəzetə verərkən olduğu kimi, şirin-şirin gülümsəyirdi. O, “Neye freye presse” qəzetinin keçmiş müxbirini görən kimi tanıdı və onun üstünə cumub boynuna sarıldı.
–Ağalar! – o üzünü baş verənlərə təəcüblə baxan şeytanlara tutub dedi. – Sizlərdən çox xahiş edirəm, bu adamı sevəsiniz və onu bağışlayasınız, yer üzündə yaşayan quldur və fırıldaqçılardan heç biri buna çata bilməz.
Şeytan Rudolf bu sözləri eşidəndə qızardı. Çap agentliyinin keçmiş baş direktoru isə sözünə davam etdi:
–Bu gördüyünüz ağa, qələminin gücü ilə yüzlərlə insanları biri-biri ilə toqquşdurub, qırğına veribdir. Sizə bir hadisə danışım: ötən çağlarda Praqda çox kiçik bir nümayiş olmuşdu, – siz gərək o nümayişdən bu ağanın “Neye freye presse” qəzeti üçün hazırladığı yazını özünüz oxuyaydınız! Burada kiçik bir nümayiş olub, bu isə aranı qatmaq üçün götürüb nə yazsa yaxşıdır: Praqada inqilab baş verib, inqilabçılar burada beş yüz alman ailəsinin üzvlərini, böyüklü-kiçikli öldürüblər. Bir sözlə bu, yer üzündə yaşayanda çox yaxşı bir adam idi.
İndi “Neye freye presse” qəzetinin keçmiş müxbiri günahkar çex ruhlarının qaynadıldığı 1620 nömrəli qır qazanında ocaqçılıq edir.