Cəlilabad ərazisində fərqli və tarixi tapıntı…

Cəlilabad ərazisində fərqli və tarixi tapıntı…

Doğma diyarımız Cəlilabad rayonu ərazisi bir çox tarixi abidələr və qədim maddi-mədəniyyət nümunələri ilə zəngindir. Həmin maddi-mədəniyyət nümunələrindən biri də, hələ qədim zamanlarda məzarlar üzərinə qoyulan qoç daş fiqurlarından ibarətdir. Bunu Cəlilabad rayonunun müxtəlif kəndlərində yerləşən qədim məzarlıqlarda, eləcə də, Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində müşahidə etmək mümkündür.

Açıklama yok.

İllər öncə doğma diyarımızın tanınmış və peşəkar arxeoloq və tarixçi-tədqiqatçı alimi Elşad Əmənov (Elshad Amanov) Cəlilabad Rayonunun Buravar kəndi ərazisində yerləşən qədim məzarlıqdan iki uyğun məzar daşı aşkarlamış, onların hər ikisinin qoç daş olduğu fikirini irəli sürmüşdür. Lakin bu ilin (2022) may ayında Azərbaycan Respublikası “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin Şabran Regional İdarəsinin rəisi Qurbanov Sabit Sabir oğlu (Sabit Djodjulu) ilk dəfə olaraq həmin tapıntıya baxış keçirdikdən sonra onun Buğa (Camış) Daş fiquru olduğu fikirini irəli sürmüşdür. O, özünün Facebook sosial şəbəkəsindəki profilində yayımladığı 18.05.2022 tarixli statusunda bununla bağlı belə yazır:
“Cəlilabad abidələri: Mədəni irsimizin əhəmiyyətli abidələrindən olan Qoç Daş zoomorf fiqurları Vətənimizin əksər bölgələrində olduğu kimi Cəlilabad rayonu ərazisində də tapılmaqdadır. Lakin, Cəlilabadın özünəməxsus abidələri ilə seçilməsi haqqında mən artıq paylaşımlar etmişdim. Bu dəfə də Qədim Cəlilabad ərazisində yeni aşkar olunmuş Buğa (Camış) Daş fiquru hamımızı heyrətləndirdi və bölgənin nə qədər zəngin tarixə malik olduğuna bir daha şahidlik etdik. Qeyd etmək istəyirəm ki, sözügedən Daş fiqurunun analoquna 2016-cı ildə doğma yurdum Qədim Borçalıda rast gəlmişdim ,lakin Azərbaycan ərazisində Buğa Daş fiqurunun mövcudluğu haqqında heç bir məlumat yox idi. Həmin abidənin əhəmiyyətini anlamaq üçün mənbələrə nəzər yetirmək kifayyət edər. Beləliklə, qədim zamanlardan Türk xalqlarının dini təsəvvürlərində Buğa (Öküz, Kəl, Camış) obrazı mühüm yer tuturdu. Türk mifologiyasından məlumdur ki, məsələn, türk oğuz boylarının əfsanəvi əcdadı Oğuz-Xaqanın adı “Öküz” (Buğa) totemi ilə bağlıdır. Öküz (Buğa, Kəl,Camış) totemi tarixin çox qədim dönəmində güc, qüdrət və nüfuz rəmzi kimi hesab edilirdi. Öküz buynuzları üstündə yer kürəsinin saxlaması qədim inancı da elə öküzün qüdrət mənbəyi hesab edilməsindən irəli gəlib. öküz kultunun izləri Qobustandakı qayaüstü petroqliflərdə, arxeoloji qazıntılar zamanı qabların üzərində, qala divarlarında, əcdadlarımızdan bizə miras qalmış xalçalardakı naxışlarda və bəzəklərdə çoxsaylı öküz təsvirləri ilə ifadə olunur. Çoxlarımıza Məlumdur ki, qədim türklərdə totemlərlə bağlı tayfa və şəxsi adlar qoyulması adəti də mövcud idi. Misal üçün Buğa (Öküz, Kəl, Camış) totemi ilə bağlı orta əsrlərə aid mənbələrdə: Boğaç, Ağbuğa, Arıqbuğa, Xanbuğa, Kutbuğa, Kutlubuğa və s. adlar mövcuddur…”

Sabit müəllimlə diskusiya zamanı bildirdi ki, Cəlilabad ərazisində mövcud olan həmin tapıntının qoç deyil, əslində buğa olduğunu söyləməsinə dair bir sıra istinadları vardır. Onlar aşağıdakılardan ibarətdir:
1. BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Kərəm Hətəm oğlu Məmmədov bir antropoloq kimi Gürcüstan Respublikasının Borçalı mahalında aşkarlanmış daşın buğa fiquru olduğu qənatətinə gəlmişdir. Cəlilabaddakı məzar daşı da, əslində Borçalıda aşkarlanmış məzar daşına çox bənzəyir.
2. Həmin fiqurun buynuz hissəsi heyvanın baş hissəyə bitişikdir…
3. Buynuzun burulması qoşda daha çox olur, lakin burada onun az miqdarda burulduğu aydın şəkildə görünür.
4. Həmin məzar daşının mövcud olduğu qəbiristanlıqda daha bir fiqur da mövcuddur. O fiqur açıq-aydın şəkildə qoça bənzəyir.
Lakin hər halda məlum tapıntının yarısı torpaq altında qaldığından onun ətrafıın qazılması və tam şəkildə yerdən çıxarıldıqdan sonra barəsində fikir yürütmək daha münasib olardı…

Hər halda Cəlilabad rayonunun Buravar kəndi ərazisindən tapılmış iki maddi-mədəniyyət nümunəsinin bir-biri ilə fərqli olduğu hər kəsə məlumdur. Onlardan biri qoyuna (qoça) bənzəsə də, digəri həqiqətən də, fərqlidir. Bu da eyni məkanda və ehtimala görə, bir-birinə yaxın zamanda hazırlanmış fiqurların mahiyyət baxımından fərqli olduğu fikirini dəstəkləyir.

Açıklama yok.
Bu tapıntının həqiqətən də, buğa fiquru olması təsdiq edilərsə, öz nüvündə doğma Cəlilabad diyarında ilk tarixi tapıntı sayılacaq, bundan əlavə, onun ilk dəfə olaraq “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin Şabran Regional İdarəsinin rəisi Qurbanov Sabit Sabir oğlu tərəfindən ictimailəşdirilməsi təsbit ediləcəkdir.
Məlumat üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası məkanında hələ ötən XX əsrdə Astara rayonunun Telman kəndi ərazisində e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmiş tarixi dövrə, yəni Tunc dövrünə aid edilən kurqanlarda daş qaban fiquru aşkar və təsbit edilmişdir. Həmin tarixi kurqanlar isə 1965-ci ildə tarix elmləri namizədi mərhum Fərman Mahmudov tərəfindən tədqiq edilmişdir…

Bu tarixi tapıntıların dərhal nəzarətə götürülməsi, tarixçi-tədqiqatçı alimlər tərəfindən araşdırılması və ən azından Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilərək orada qorunmasını məqsədəuyğun hesab edirəm. Çünki indiyədək tarixi irsimizə nəzarətsizlik ucbatından bu qəbil qiymətli və tarixi nümunələrimiz ya məhv edilmiş, ya da qaçaqmalçılar tərəfindən qanunsuz şəkildə ayrı-ayrı ölkələrə aparılmışdır…

İlqar İsmayılzadə

(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının baş redaktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
07.10.2022

Share: