Cəlilabadda Həməşara küçəsi

Cəlilabadda Həməşara küçəsi

Məlum olduğu kimi Həməşəra qədim və sirli Muğan diyarının ən böyük şəhərlərindən biri olmuş və bir zamanlar bu diyarın mərkəzi və paytaxtı sayılmışdır. Bu gün doğma Cəlilabad şəhəri qədim Həməşəranın varisidir.

Bir müddət öncə doğma Cəlilabad şəhərində onun qədim və tarixi adını daşıyan “Həməşəra” adlı bir küçənin mövcud olduğunu eşitmişdim. Bununla bağlı bir neçə dəfə rayonda aidiyyatı orqanlara müraciət edib küçənin hansı istiqamətdə yerləşməsi ilə maraqlansam da, mənə dəqiq məlumat verən olmamışdı. Hər kəs həmin küçənin yalnız əvvəllər üzüm sahələri olmuş və hazırda yaşayış zonası sayılan keçmiş Kirovka kəndi ərazisində yerləşdiyini söyləyir, lakin onun dəqiq yerini göstərməkdə çətinlik çəkirdi…
Nəhayət, bu günlərdə əlimə mobil telefon, dəftər və qələm alaraq həmin küçənin dəqiq yerini təsbit etmək üçün əraziyə gedib Səttarxan 1, 2 və 3 kimi tanınan 3 böyük küçəni piyada dolaşdım və sakinlərdən Həməşəra küçəsinin harada yerləşməsini soruşdum.
Doğrusu sakinlərin özü belə həmin küçənin harada yerləşdiyini dəqiq bilmir və hər kəs mənə müəyyən bir küçəni göstərir, bəziləri isə bu adın dəyişdiyi və artıq ərazidə Həməşəra adlı bir küçənin olmadığını söylədilər…
Növbəti günlərdə Cəlilabad Rayon Pasportstol, Azəriqaz İstehsalat Birliyinin Cəlilabad Xidmət Sahəsi, Cəlilabad şəhər Mənzil İstismar Sahəsi, Cəlilabad şəhər 71 saylı Dairə Seçki Komissiyasının sədri İsa Allahverdiyev, Cəlilabadın “Canlı ensiklopediyası” və Əməkdar mədəniyyət işçısi Cahangir Muradov və nəhayət, bu sahəyə əsas cavabdeh olan dövlət orqanı Cəlilabad şəhər İcra Nümayəndəliyinə müraciət etdim.
Müraciət etdiyim orqanlar və şəxslər hazırda Cəlilabad şəhərinin keçmiş Kirovka kimi tanınan ərazisində Həməşəra adlı küçənin mövcudluğunu təsdiq etdilər. Belə ki, həmin küçənin sakinlərinə təqdim edilən şəxsiyyət vəsiqələrinə rəsmən Həməşəra küçəsinin adının yazıldığı, seçkilər zamanı isə Həməşəra küçəsinin adı üzrə seçki bülletenlərinin mövcudluğu təsdiq edildi.
Dünən (17.09.2024) isə Cəlilabad şəhər İcra Nümayəndəliyinin rəsmisi mühəndis Elşad Həsənli ilə görüşüb şəhərimizin Həməşəra küçəsi ilə bağlı söhbət edəndə, xüsusi səmimiyyət göstərərək küçə ilə bağlı lazım olan əsas suallarımı cavablandırdı və bəzi lazım olan məlumatları da, mənə təqdim etdi.
Mühəndis Elşad bəy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin, həmçinin, Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi portalında yerləşdirilmiş son xəritə və qeydlər əsasında Cəlilabad şəhərinin dairəsindən Göytəpə şəhərinə tərəf hərəkət edərkən yolun sol tərəfində yerləşən ilk küçənin sonadək Həməşəra küçəsi olduğunu söylədi və bunu təsdiq edən rəsmi xəritəni də, mənə göstərdi. Hal-hazırda Həməşəra küçəsinin ümumu uzunluğu 1834 metrə bərabərdir. Bu da, təxminən 2 km. məsafə deməkdir. Deməli, Cəlilabad dairəsinin Uzuntəpəyə gedən əsas yolu Heydər Əliyev prospekti, ikinci küçə Həməşəra küçəsi, üçüncü küçə isə “Dəyirman yolu” kimi tanınan və İmam Hüseyn məscidinin yerləşdiyi Səttarxan küçəsidir. Yalnız Səttarxan küçəsi ilə Həməşəra küçəsi arasında daha bir küçə də, var. Hələlik torpaq yolu sayılan və asfalt vurulmamış həmin küçə ilk əvvəllər Həməşəra adlansa da, sonradan adı dəyişdirilmiş və hal-hazırda Hüseyn Cavid adını daşıyır. Statusla birlikdə təqdim edilən lövhə də, təxminən 30 il öncə həmin küçənin Qurtuluş küçəsi tərəfdən ilk başlanğıcında divara bərkidilmiş lövhədir. Lakin həmin küçənin bəzi sakinləri hələ də, bu küçənin Həməşəra küçəsi olduğunu təsəvvür edirlər. Halbuki Həməşəra küçəsi rəsmi olaraq onun şimal hissəsindən keçən təxminən 2 km.lik böyük küçədən ibarətdir.
Cahangir müəllimin söylədiyinə görə, böyük ehtimalla həmin adın o küçəyə (indiki Hüseyn Cavid küçəsinə (İ.İ.) verilməsi çox güman ki, 22.12.1989-May 1991-ci illər ərzində Cəlilabad rayonuna rəhbərlik etmiş Azərbaycan Milli Məclisin sabiq deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, tərcüməçi və fəlsəfə doktoru mərhum Xeyrulla Əliyevin (1932-2021) zamanında həyata keçmişdir. Çünki onun Cəlilabad tarixinə xüsusi diqqəti və simpatiyası var idi…
Doğma yurdumuzun peşəkar filoloq və folklorşünas alimi, şair, yazıçı və tənqidçi, ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının fikirincə isə bu küçəyə Həməşəra adının verilməsi 1992-93-cü illər ərzində baş vermişdir. Bilal müəllim ona ünvanladığım sualı belə cavablandırdı: “Cəlilabadın ilkin adı sayılan Həməşəra haqqında tarixçi alim mərhum Rəşid Əsgərov dövrü mətbuatda məqalələr yazır və müəyyən təşəbbüslərlə çıxış edirdi. Hətta, bu adın rayonda çıxan “Yeni gün” qəzetinə verilməsi də, onun fəaliyyəti ilə bağlıdır. Onun təklifi ilə həmin qəzet 1991-1992-ci illər ərzində “Həməşərə” adı ilə çap olunmuşdur. Küçənin adı da bu vaxtlarda meydana çıxa bilər. Mən o vaxtlar İcra nümayəndəsi işləyəndə Cəlilabad RİH-də keçirilən bütün yığıncaqlarda Rəşid müəllim çıxış edirdi. Onun Həməşəra haqqında danışdığı da yadımdadır. O, təklif edirdi ki, rayonun adı Həməşəra olsun. Dəqiq yadımdadı, İH başçısı Rövşən Vəliyev bu mövzunu müzakirəyə də çıxardı, hətta Astraxanbazar adının bərpə olunmasını təklif edənlər də oldu. Lakin müzakirənin əleyhinə gedənlər çoxluq təşkil edirdi…”
Qeyd etmək lazımdır ki, Rövşən Vəliyev 24.10.1991-04.04.1992 tarixləri arasında Cəlilabad rayonuna rəhbərlik etmişdir. Lakin hazırda keçmiş Kirovka ərazisi kimi tanınan məkanda yaşayan bəzi sakinlər bu yerlərdə yaşayış massivinin meydana gəlməsini 1994-95-ci illərə aid edirlər. Bu məlumat dəqiq olduğu təqdirdə həmin küçəyə Həməşəra adının verilməsi məsələsi daha çox 1995-ci illərə aid edilməlidir. Çünki həmin ildən öncə bu ərazilər üzüm sahəsi olmuş və orada hər hansı yaşayış massivi və eləcə də, küçə mövcud olmamışdır.
Hər halda doğma yurdumuzun sirli və qədim tarixini tərənnüm edən Həməşəra adını bu formada yaşatmaq və təbliğ etmək üçün təşəbbüs göstərmiş və addım atmış hər bir şəxsə və orqana minnətdar olmalıyıq.
Bu gün Cəlilabad şəhərinin Həməşəra küçəsinə onun adına layiq olduğu kimi tam asfalt döşənmiş, küçəyə Dövlət tərəfindən işıq, su, qaz və kanalizasiya, eləcə də, internet xətləri və işıqlandırma sistemi çəkilmişdir. Küçənin əsas çatışmamazlığı onun adını göstərən xüsusi lövhələrin mövcud olmamasıdır. Mühəndis Elşad bəyin söylədiyinə görə, hazırda Cəlilabad şəhərinin küçələrinə lövhələrin vurulması məsələsi diqqət mərkəzindədir. Yaxın zamanlarda bütün küçələrə və o cümlədən, Həməşəra küçəsinə onların adlarını göstərən xüsusi lövhələrin növbə əsasında vurulacağı gözlənilir.
Məlumat üçün qeyd edim ki, Cəlilabad şəhərinin Həməşəra küçəsi ilə bağlı apardığım 5 günlük araşdırmanı qələmə alaraq 10 səhifəlik material hazırladım və burada küçənin tam məlumatları, kordinatları, fotoşəkillər və xəritələrini təqdim etmişəm.
Sonda doğma yurdumuzun qədim və sirli adını daşıyan Həməşəra küçəsi ilə bağlı araşdırma zamanı mənə dəstək olmuş hər kəsə və dövlət orqanlarına, xüsusilə də, bu sahədə xüsusi səmimiyyət göstərmiş Cəlilabad şəhər İcra Nümayəndəliyinin rəsmisi dəyərli qardaşım mühəndis Elşad Həsənliyə səmimi minnətdarlığımı bildirirəm!

İlqar İsmayılzadə

(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru,

“Qızıl Qələm” Media Mükafatı laureatı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

Share: