Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı

  Cəbrail Mətləb oğlu Həşimov. 1959-cu ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olub. İki ali təhsili var. İxtisasca hüquqşünas və Azərbaycan dili və Ədəbiyyat müəllimidir. Bir müddət təsərrüfat sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Üctəpə kənd iki saylı ümumi orta məktəbdə müəllim işləyir.

Yaradıcılığa 16 yaşında şeirlə başlamışdır. Özünün dediyinə görə, heç vaxt çap olunmaq və kitab nəşr etdirmək barədə düşünməmişdir. Elə ona görə də ilk kitabı 45 ildən sonra işıq üzü görmüşdür. Bu da yalnız dostların uzun sürən israrlı xahiş və tələblərindən sonra mümkün olmuşdur. Bu ilin mart-aprel ayları ərzində onun “Kimin vətəni gözəldir” və “Mənim yolum” adlı iki kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Birinci kitab məktəblilər üçün nəzərdə tutulmuşdur. Kitabda təmsillər, alleqorik hekayələr, Birinci Qarabağ müharibəsi mövzusunda yazılmış hekayələr və uşaqlar üçün şeirlər toplanmışdır. İkinci kitab isə həcmcə daha geniş olmaqla yanaşı nəm də mövzu rəngarəngliyi ilə də fərqlənir. Kitab üç bölümdən ibarətdir. Birinci bölümdə şeirlər, ikinci bölümdə hekayələr, üçüncü bölümdə isə “Bekarçılıqdan başlığı altında publisistik məqalə və düşüncələr yer alır. İndi isə bu iki kitabda toplanmış əsərlər barədə bir az geniş məlumat verək.

Cəbrail müəllimin yaradıcılığı çoxşaxəlidir. Onu yazıçı və şair, eləcə də, publisist və tərcüməçi kimi də tanıtmaq olar.

Əvvəlcə onun poeziyası barədə bir neçə kəlmə deyək. O, şeirlərini həm əruz, həm heca, həm də sərbəst vəzndə yazır. Çoxlu qəzəlləri və əruz vəznində yazılmış satirik şeirləri onun Füzuli və Sabir ənənələrinin davamçısı olmasını deməyə əsas verir. Xüsusilə, Seyid Əbülqasim Nəbatinin qəsidə və qəzəllərinə yazdığı nəzirələr diqqəti cəlb edir.

O, şeirlərində məhəbbət mövzusu ilə yanaşı ictimai-siyasi mövzulara da geniş yer verir. Amma onun şeirləri içərisində əsas yeri uşaq şeirləri tutur desək, səhv etmərik. Şagirdləri üçün yazdığı şeirləri duzlu-məzəli ovqatı ilə daha çox fərqlənir.

Cəbrail müəllimin yaradıcılığının ikinci qolu onun hekayələridir. Burada da onun yaradıcılığında uşaqlar üçün yazılmış hekayələr xüsusilə fərqlənir. “Sevgi və hiyləgərlik”, “Sərçələr”, “Sarıdimdik”, “Ördək balaları” kimi hekayələr, həqiqətən, uşaq ədəbiyyatının gözəl nümunələridir.

Onun alleqorik hekayələrində düzlük, doğruluq, sədaqət, dostluq kimi müsbət xüsusiyyətlər tərənnüm edilməklə yanaşı yaltaqlıq, tənbəllik, qorxaqlıq kimi mənfi sifətlər tənqid edilir. Bu hekayələrdə incə, duzlu yumor kəskin satira ilə növbələşir. “Hər işə qarışan Məstan”, “Qarğa və Kəklik”, “Pələng” kimi hekayələrdə sadə, incə yumor kiçik yaşlı məktəbliləri daha çox cəlb edir. Amma “Tutuquşunun şahlığı”, “Konsert”, “Aclıq” kimi hekayələrdə satirik ovqat oxucunu daha çox düşünməyə vadar edir.

“Mənim yolum” adlanan ikinci kitab 410 səhifədəb ibarətdir. Bu kitabda Cəbrail müəllimin 15 hekayəsi və çoxlu şeirləri verilmişdir. Kitabda verilmiş “Balaban”, “Qurban kişinin əsiri”, “Düşmənlər” və “Leyla” adlı hekayələrdə müharibə və onun törətdiyi faciələr böyük ustalıqla təsvir olunmuşdur. Xüsusilə “Leyla” hekayəsini göz yaşlarısız oxumaq mümkün deyil. Hekayədə müharibənin balaca Leylanın qəlbinə vurduğu yaralar və onun bu yaraları necə məğrurcasına qəbul etməsi ədəbiyyatımızda bir yenilik kimi qəbul edilməlidir.

Kitabda “Adsız hekayə” və “Keçmişə səfər” adlı iki fantastik hekayə də verilmişdir. “Adsız hekayə” dünya ədəbiyyatının bu janrda yazılmış ən güclü əsəsrləri ilə müqayisə oluna bilər. Bu əsərdə reinkarnasiya mövzusuna toxunulmaqla yanaşı qəhrəmanın düşüncələri, onun psixoloji durumu, həyata, insan taleyinə münasibəti özünəməxsus şəkildə bir ustalıqla verilmişdir.

Nəhayət, kitabın “Bekarçılıqdan” adlanan üçüncü bölməsində bir-birindən maraqlı publisistik yazılar verilmişdir. Cəbrail müəllimin özünün deməsinə görə bu yazıların da ərsəyə gəlməsinin maraqlı tarixçəsi vardır. 2020-ci ildə koronavirusla əlaqədar olaraq məktəblər bağlandıqdan sonra o, Facebook səhifələrində maraqlı yazılar paylaşmağa başlamışdır. Bundan sonra dostlar bu yazıların toplanıb kitab halına salınmasını təkidlə ondan xahiş etmişlər. Beləliklə, haqqında danışdığımız bu iki gözəl kitab meydana gəlmişdir.

Bu bölümdə mənim diqqətimi daha çox cəlb edən yazılar Cəbrail müəllimin dogma rayonu və kəndinin tarixinə həsr edilmiş məqalələri, eləcə də, onun ata-anası və ilk müəllimi haqqında olan xatirələri oldu. Kəndi və rayonu barədə olan məqalələrdə onun dogma yurda olan sevgisi, tariximizə bağlılığı öz əksini tapır. İkinci məqalələrdə isə müəllifin həzin duyğuları, ata-anasına olan dərin məhəbbəti, ilk müəlliminin onun xatirəsində buraxdığı dərin iz ön plana çəkilir.

Bir sözlə, bu iki kitab son dövrlərdə mənə rast gələn ən maraqlı kitablar oldu desəm, inanın ki, səhv etmərəm.

Və sonda. Bir neçə gün əvvəl Cəlilabad rayonunda Cəbrail Həşimovun kitablarının təqdimat mərasimi keçirilmişdir. Yığıncaqda rayonun tanınmış yazıçı və şairləri, ziyalıları ürək sözlərini demişlər, kitablarda toplanmış əsərlərdən nümunələr oxunmuşdur. Sonda yığıncaq iştirakçılarına hər iki kitab hədiyyə olunmuşdur.

Hörmətli oxucularaımıza bu gözəl kitabları əldə edib oxumağı məsləhət görərdik. İnanın ki, peşman olmazsınız.

Təranə MUSAYEVA

 

 

 

Share: