Prezident İlham Əliyev Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə dövlət televiziyasına verdiyi müsahibədə baş vermiş faciə ilə bağlı bir çox məqamlara aydınlıq gətirib, önəmli mesajlar verib. Ölkə Başçısı baş vermiş hadisə qarşısında yenə də öz Liderliyini və qətiyyətini nümayiş etdirdi.Cənab Prezident müsahibəsində qəza ilə bağlı bütün ictimaiyyəti maraqlandıran və sual yaradan məqamlara açıq şəkildə toxunub və bütün bunların təfərrüatlı araşdırılmasının vacibliyini qeyd edib. Beləki, ilk növbədə möhtərəm dövlət başçımız ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, qəzanın təfərrüatlarının tam araşdırılması məqsədilə Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub. Rusiya tərəfinin Dövlətlərarası Aviasiya Komitəsinin bu işi araşdırması barədə rəsmi təklifi tamamilə əsaslı olaraq rədd edilib. Həmçinin, Prezident İlham Əliyev Azərbaycanın tələblərinin dekabr ayının 27-də rəsmi qaydada Rusiya tərəfinə çatdırıldığını deyib. O qeyd edib ki, “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”. Bütün bu şərtlər Azərbaycan dövlətinin və onun Prezidentinin ali dövlət maraqlarını hər şeydən üstün tutduğunun əyani təzahürüdür.
Bu sözləri millət vəkili Tamam Cəfərova saytımıza açıqlamasında deyib.
Cənab Prezident öz müsahibəsində pilotların peşəkarlığını xüsusi qeyd edib. O bildirib ki, hücuma məruz qalan və qəza enişi edən təyyarədən sərnişinlərin və ekipaj üzvlərinin bir qisminin sağ qalması pilotların peşəkarlığı və qəhrəmanlığı sayəsində baş verib. Bütün dünya Azərbaycan pilotlarının və ekipaj üzvlərinin peşəkarlığına heyran qaldı. Möhtərəm dövlət başçımız öz müsahibəsində ekipaj üzvlərinin təltifi ilə bağlı Sərəncam verəcəyini bəyan etdi və elə həmin gün bu şəxslərin xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə və “Rəşadət” ordeni ilə təltif olunmalarına dair Sərəncam imzalandı. Bu, Azərbaycan dövlətinin və onun Prezidentinin ekipaj üzvlərinin fədakarlığını, peşəkarlığını, qəhrəmanllığını ən yüksək səviyyədə qiymətləndirdiyinin təzahürüdür.
Daha sonra millət vəkili xüsusilə qeyd edib ki, Azərbaycanın sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulmasının arxasında hər hansı bir qəsd yaxud da, terror cəhdi olmadığını hər birimiz yaxşı başa düşürük. Bu təsadüfi baş vermiş hadisədir. Lakin, günahı etiraf etmək və günahkarları cəzalandırmaq Rusiya tərəfinin birbaşa öhdəliyidir. Qeyd etmək lazımdır ki, açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır. Azərbaycanın şərtləri hamıya aydındır. Birinci şərt artıq təmin edilib. Ümid edirik ki, digər şərtlər də təmin ediləcək.