Cənnətə tələsən Əzizə

Hələ atasının yas mərasimi bitməmiş ata olacağı xəbərini almışdı. Onun üçün bir faciə olan ata itkisinin verdiyi kədər bir balanın dünyaya göz açması ilə səngiyəcəkdi.  Bu körpənin gəlişi, onlar üçün bir təsəlli, sevinc olacaqdı.

Beləcə aylar keçmişdi, həsrətli günlərin bitməsinə az qalmışdı. Hamiləlik dönəmində hər şey öz qaydasında idi, sevincli anın uğulu olacağı hiss olunurdu. Dünyaya gələcək körpənin qız uşağı olacağı da məlum idi. Evin ilk uşağı balaca bacısına ad da fikirləşmişdi – Əzizə. Hələ doğulmamış körpəni hər kəs “Əzizə” deyə əzizləyir, xəyalən onunla oynayırdılar da. Ata , nənə, bibilər, hər kəs bu uşağın dünyaya gəlişini səbirsizliklə gözləyirdi. Balaca qızcığaz da sanki, dünyaya gəlməyə tələsirdi.Tələsirdi və  bu dünyada onu nələrin gözləyəcəyindən xəbərsiz idi.

Vaxt tamam oldu, Əzizə dünyaya göz açdı. Bütün ailə sevinc içində idi. Ailədə yas abu havası olmasına baxmayaraq onu təmtəraqla evə gətirdilər. Xeyli müddət idi ki, yuxusuz gecələr, narahatçılıq ailədə hökm sürürdü. Balaca Əzizə çox rahatsız idi. Bütün gecəni ağlayır, heç toxtamaq belə bilmirdi. Düşünürdülər ki, körpədir, gecə ilə gündüzü səhv salıb, ağlayır. Zaman keçdikcə anladılar ki, bu ağlamaq adi körpə ağlaması deyil, uşaq sanki insanlardan imdad diləyirdi, yenicə sakini olduğu dünyadan baş açmağa tələsirdi. Valideyinlər, qohum-əqraba namar olmuşdu.

Normal çəki ilə dünyaya gələn Əzizə gündən günə zəifləyir, çəkisini itirirdi. Bu hal evdəkiləri çox narahat edirdi. Bir neçə gün gözlədikdən sonra həkimə müraciət etdilər. Balacanın narahatçılığı, sanki, mənə kömək edin deyərək yalvarışla ağlamağının səbəbi elə ilk müayinədə məlum oldu. Həkimlər hələ 15 günlük körpəyə anadangəlmə ürək qüsuru diaqnozunu verdilər. Bütün ailə şokda idi, bu necə ola bilərdi? Axı bu körpə bizim gülüş mənbəyimiz, sevincimiz olacaqdı. Evin ağsaqqalını itirdikdən sonra ailənin səbirsizliklə gözlədiyi bu qızcığaz hələ körpə ikən belə imtahana çəkilməməli idi. Ürək qüsuru ilə yanaşı həkim uşaqda digər xəstəliklərin olduğunu da sadaladı və evə getməyə icazə vermədi.

İlk günlər uşaq xəstəxanada qaldı. Bir neçə gündən sonra onu elə həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdilər. Beləliklə körpə  burada günlər keçirdi. Respublikanın bütün tanınmış kardiloqlarının , pediatrlarının müayinəsindən keçirilən Əzizəyə heç bir həkim kömək edə bilmirdi. Bəzi həkimlər uşağın hələ çox balaca olduğunu, əməliyyat üçün bir az da böyüməsinin lazım olduğunu söyləyirdilər. Balaca artıq süni nəfəsvermə cihazına qoşulmuşdu. Bəli, bu aparatda belə Əzizə gündə bir neçə dəfə boğulur, sanki həyatla səma arasında var-gəl edirdi. Deyirlər axı körpələr cənnət mələyidir. Həkimlər məsləhət görürdülər ki, artıq uşağı aparatdan ayırsınlar. Ancaq ana son bir ümid, balasının həyatda qalacağına işıq tutan son bir közərti kimi, uşağın aparata qoşularaq qalmasını istəyir, nəfəs aparatından ayrılmasına imkan vermirdi. Əzizənin aparatdan ayrılması onun ölümünə imza atmaq demək idi. Axı hansı ana balasının ölümünə imkan verərdi ki…

Zaman keçirdi , olunan müailcələr heç bir fayda vermirdi ki, vermirdi. Gözəl gözlü Əzizə gündən günə valideynlərinin gözü önündə əriyirdi. Ana görürdü ki, bala getmək istəyir, cənnətinə tələsir. Bunun üçün də çox əziyyət çəkir. Son qərar verilməli idi. Uşağı aparatdan ayırmaq lazım idi. Ana, ata çox çətinliklə, göz yaşaları içində qərar verdilər. Əzizə süni nəfəs aparatından ayrıldı. Qohum əqrəba bu vəziyyətdə ailəni tək qoymadı. Onların da iştirakı ilə Əzizəni evə gətirdilər. Göz yaşları içində onu yudular, təmizlədilər. Nəfəs aldıqca körpənin dodaqları quruyurdu. Bunu görən bibisi pambıqla onun dilinə su damızdırdı. Bu Əzizənin içdiyi son su, aldığı son nəfəs oldu. Ananın qolları arasında Əzizənin də qolları yanına düşdü. Həmin an ananın qopardığı  fəryad yeri göyü inlətdi. Dostlarının , qohumlarının köməyi ilə ata göz yaşları içində balacasını elə öz atasının yanında torpağa tapşırdı.

Bu hadisədən bir il ötür. Ana hələ də balaca Əzizəsinin qəbrini ziyarət edə bilmir…

Lalə Novruzlu

 

Share: