Cənub ədəbi mühiti nələrə nail olmalıydısa – Şair ZİYAFƏT

 Müstəqil.Az oxucuları bölgələrdə yaşayan, bədii yaradıcılıqla məşğul olan  və digər sahələrdə tanınan müxtəlif sənət adamları ilə “Gözdən uzaq olanlar” adlı yeni layihəsində tanış edəcək. Budəfəki qonağımız Lənkəranda yaşayan istedadlı qələm adamı Şair Ziyafətdir.

Ziyafət müəllim, necəsiz?

– İndiki dövrdə necə olmaq olar? Babatam.

– Həmişə yaxşı olun.Oxucularımız sizi yaxından tanımaq istəsə onların  Şair Ziyafət kimdir, sualına necə cavab verərdiz?

– Ziyafət Lənkəranda müəllim ailəsində anadan olub, hal-hazırda da Lənkəranda yaşayır, ədəbi yaradıcılığını davam etdirir.

– Çoxdandır təzə şeirlərinizi oxumuruq, olmaya şeirlə, poeziya ilə aranızda bir küskünlük var?

– Yox, bu düzgün olmaz, küskünlük yoxdur. Yaradıcılıq həmişə davam edir, sadəcə mətbuatla aramda küskünlük yaranıb. Küskünlük də deməzdim. Yaradıcılığımla mətbuat arasında şəxsi qayğılar var ki, bəzi məqamlarda maneələr yaradır.

– Necədir Lənkəranda ədəbi mühüt, ürəyinizcədirmi?

– 90-cı illərə nisbətən zəifdir. Bu zəifliyi o vaxtkı ədəbi məclislərin, ədəbi yığıncaqların, ədəbi görüşlərin indi az olmasında görürəm. Bu gün yaradıcı insanlarla görüşüm yalnız kitab təqdimatlarında olur.

– Bir vaxtlar gənc qələm adamlarını, şeirə meyl edənləri başınıza toplamışdız, ədəbi dərnəyiniz vardı, bu gün necə, gənclərə dəstək dura bilirsinizmi?

– O vaxtlar gənclərə “Ziya” ədəbi məclisində əyani dəstək olurdumsa, bu gün həmin dəstək qiyabi formada davam edir. Yaxın gələcəkdə həmin ədəbi məclisin bərpasına qərarlıyam.

– Kimlərə daha çox güvənirsiz?

– Gənc yazarlara inanıram və güvənirəm. Bu gün “Ziya” ədəbi məclisinin istedadlı uşaqları dövrü mətbuatda çıxış edir, tanınırlar. Bir neçəsinin şeirlər kitabı nəşr olunub, oxucular tərəfindən yaxşı qarşılanıb. Bunlardan Aysel Səfərli, Ülfət Ziyafətqızı, Elnur Kəlbizadə, Xaqani Bədəlov və başqalarının adını çəkə bilərəm.

– Bir zamanlar siz də gənc qələm adamı idiniz, sizə də güvənənlər, inananlar olub, sizcə onların ümüdlərini doğrultmusuzmu?

– Əlbəttə. Bu gün mən peşəkar şairəm. Bu, belə olmasaydı, mən öz klassik və müasir yaradıcılığımla cənub bölgəsindəki yazarlara nümunə olmazdım.

– Övladınız Ülfət xanım da qələm əhlidir. Ədəbi cameədə kifayət qədər nüfuz sahibidir, siz özünüz necə yanaşırsız onun yaradıcılığına?

– Bəli, mən ona uşaq yaşlarından inanırdım. Qələmindən çıxan tumurcuq şeirlər bu gün püxtələşib söz-sənət aləmində öz şeirləri ilə ümüdümü doğrultmadadır. Obrazlı şəkildə desək bar verməkdədir. Amma bununla yanaşı mən onun yaradıcılığından qismən razıyam. O, hələ şeir dünyasının kandarındadır. Bu kaandardan içəri daxil olmaq üçün, məqsədinə  çatmaq üçün dayanmadan işləmək lazımdır. Mən ona inanıram.

– Ziyafət müəllim, deyəsən şeir, ədəbiyyat adama çörək vermir. Sizin dolanışığınız tamam başqa yerdən gəlir, bu, sizi sıxmırmı?

– Xeyr. Mən gənc yaşlarımdan zəhmətə qatlaşmışam, öz çörəyimi poeziyadan istəməmişəm. O, mənim ruhi qida silsiləmə aiddir. Bu günkü peşəm taksi sürücüsüdür. Xoşbəxtəm ona görə ki, insanların arasındayam, hər növ insanlarla ünsiyyətdə oluram və bu ünsiyyət mənim yaradıcılığıma çox kömək edir.

-Ümumiyyətlə, Cənub bölgəsində ədəbi mühit nələrə nail olmalı idi, amma ola bilmədi?

– (Təbəssümlə…) Cənub ədəbi mühiti nələrə nail olmalıydısa, bu günkü yaradıcılıq mizanında elə ona da nail olub. Bugünkü Azərbaycan ədəbiyyatında oxucuların rəğbətini qazanıb özünü təsdiq edən şairlərimizin, təxminən, 40-50% -i yaşadığı yerlərdən asılı olmayaraq cənub bölgəsini təmsil edir. Cənub bölgəsi Azərbaycan ədəbiyyatına sözdən qala tikir, hər yeni imza, hər yeni kitab bu söz sarayının bir kərpicidir.

Söhbətləşdi: Aysel SƏFƏRLİ

 

Müstəqil.Az Şair Ziyafətin yaradıcılığından nümunələri yayınlayır

 

 

Qəzəl

 

Min can verərəm Canana bu can mənim olsa,

Şənlik quraram ruhuma, Canan mənim olsa.

Ruh məhbus imiş, sən demə, bu can qəfəsində,

Əfv eyləyərəm mən onu, zindan mənim olsa.

Rəhm eyləmir əfqanına gül bülbüli-zarın,

Şeyda olaram bülbülə, əfqan mənim olsa.

Dərd yüklü ömür yol gedir öz sarvanı ilə,

Dərd yükləməz idim ona, karvan mənim olsa.

Şeytan keçə bilməz cana iman qapısından,

Divan tutaram şeytana, şeytan mənim olsa.

Xəlq etdi bizi Xaliqim, ünvanı bilinməz,

Əqlində çaşıb söyləmə: ” ünvan mənim olsa. ”

Nə nəzm elədimsə, onu Rəbbim dedi, yazdım,

Ölməz bu Ziyafət, belə dastan mənim olsa.

Təəssüf

Ulduz axdı,

Tutammadım,

Gecikdi arzular…

Qəmdən çıxdım,

Yağmura düşdüm,

Gecikdi qorxular…

Yorğun gözümə

açıldı səhər.

Bir tikə çörək

ardınca baş aldım,

Gecikdi yuxular…

Düz söz eşidəcək

qulağa

qurğuşun töküldü,

Gecikdi doğrular…

Kəsildi haqq deyəcək

dillər,

Gecikdi sorğular…

Ölüm həvəsiylə

bir ömrü

şirin-şirin

can verdim,

Gecikdi ağrılar…

 

Bir şair öldü,

Orkestr səsləndi,

Gecikdi ağılar…

Yaman zəif yanır ömür çırağı

 

Soyuyur ocaqlar kül topasında,

Ümidlər üşüyür ocaqlar altda.

Dinən arzuları eşitməməkçin

Dərdlər keşik çəkir qulaqlar altda.

Yaman zəif yanır ömür çırağı,

Gülüşlər gizlənir dodaqlar altda.

İnsanlar kölgətək ruhsuz görünür,

Altında durduğu çıraqlar altda.

Dərd çökür şeirimin sinəsi üstə,

Duyğular əzilir varaqlar altda.

Rahat otaqlar var məzarıstanda,

Bizimçün ayrılan torpaqlar altda.

 

Share: