Cənub bölgələrimizə İranın informasiya təcavüzü getdikcə güclənir…

Cənub bölgələrimizə İranın informasiya təcavüzü getdikcə güclənir…

Faiq Balabəyli: “Azərbaycanın sərhəd boyu yerləşən məkanlarına radio vasitəsi ilə təxribatçı fikirlərini səpələyirlər”

Uzun illərdir ki, Azərbaycanın Cənub bölgəsi İranın informasiya təcavüzünə məruz qalır. Bu problemin illərdən bəridir ki, mövcud olmasına baxmayaraq hələ də onun qarşısı alınmayıb.

Cənub bölgəsinə çatan  kimi, bizim radio dalğaları itir və yerinə İran radioları daxil olur. Bir sözlə, İran radioları Azərbaycanın cənub bölgəsini “zəbt edib”, bu ölkənin radioları efir məkanımızda “at oynadır”, amma təəssüf ki, bizim əlaqədar qurumlar hələ ki, heç bir tədbir gormurlər. Onlar Azərbaycan dilində cənub zonasında yasayan vətəndaşlarımıza ziyanlı informasiya ötürür, anti-Azərbaycan təbliğatı aparırlar. Çox təəssüf ki, bunun qarşısı alınmadıqca, bu bölgəmizdə İranın informasiya təcavüzü getdikcə genişlənir.

img 

Nə kimi tədbirlər görülməlidir ki, bu ziyanlı təbliğatın qarşısı alınsın, Cənub bölgəsi İranın informasiya təcavüzündən xilas ola bilsin?

  • “Hədəf Azərbaycan vətəndaşlarının düşüncəsini, beynini zəhərləməkdir”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu təhlükəli tendensiyanın qarşısı alınmalıdır. İranın Azərbaycanın informasiya məkanına daxil olmaqda məqsədinin aydın olduğunu deyən F.Balabəyli hesab edir ki, indiki dönəmdə qonşu ölkədə Azərbaycan dövlətinin əleyhinə meyillər daha da güclənib. Bu baxımdan, çox ehtiyatlı və diqqətli olmalı olduğumuzu deyən F.Balabəyli hesab edir ki, müxtəlif yeni texnologiyalarla bu halın qarşısını almaq olar. “Çox acınacaqlı vəziyyətdir. Bu adına İslam Respublikası deyilən və həqiqi islam ideyalarından çox-çox uzaq olan bir ölkənin iyrənc siyasətinin tərkib hissəsidir. Bu ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərimizə  olunan müdaxilə kimi qəbul olunmalıdır. Əlbəttə ki, XİN və digər əlaqədar təşkilatlar bəyanatlar verməli, İranın belə yanlış informasiyalarla ərazilərimizdə işlək olunan tezliklərdən istifadə edərək insanlarımızın beyinlərini zəhərləməsinin qarşısını almalıdır. Bu ölkənin davranışları kəskin şəkildə pisləməlidirlər.

İran təkcə son bir-iki ildə bu işlə məşğul olmur, uzun illərdir ki, informasiya təxribatını davam etdirir. Hədəf Azərbaycan vətəndaşlarının düşüncəsini, beynini zəhərləməkdir. Bunun qarşısı alınmalıdır. Bu ölkə adına İslam Respublikası sözünü  əlavə etdiyi həmin gündən islama zidd hərəkətləri, çürük siyasəti ilə belə iyrəcliklərə rəvac verir, ölkəmizin daxili işlərinə qarışır, müqəddəs İslam dinin, onun yaradıcılarının, imamların adından pis və məkr dolu siyasət yürüdürlər”.

F.Balabəyli qeyd etdi ki, Ermənistana qucaq açan, xristian bir tayfaya – ermənilərə din qardaşlarının qətli üçün onlara silah sursat, qaz və neft, elektrik enerjisi verən adı islam, özü islam ənənələrindən uzaq olan dövlətdən ali dinimizin əsl simasını heç vaxt görə bilmərik. “Təsvvür edin, din qardaşları əzab çəkir, qətlə yetirilir, bunlar cəza verənin yanında dururlar. Hanı dinimizin aliliyinə, humanistliyinə hörmət?  İran ənənəsi olan dövlətdir. Təəssüf ki bu ənənəyə daha çox qan qada, dinc insanlara zülm etmə, azadlıq tərəfdarlarını zindanlarda çürütmək daha çox şamil olunur.

Müstəqil, suveren Azərbaycan adına İslam Respublikası sözü pərçimlənən İranla müqayisə də daha çox bəşəri və ali islam dinin təbliğçisi və islamın ideyalarına sadiq bir ölkədir. Məhz bu əsl müsəlmançılığa görə də Azərbaycan İran vətəndaşlarına doğma münasibət bəsləyir, onları din qardaşları kimi yüksək tutur. Bu baxımdan da İranı müsəlman qardaşları bildiklərinə görə onların zəhərli informasiyalarının təsiri altına düşənlər az da olsa var. O da düzdür ki, suveren Azərbaycanın cənub hissəsi İran əsarətində və işğalında olan Cənubi Azərbaycanımızdan gəlirmiş kimi o xəbər və informasiyaları qəbul edirlər. İran hökuməti bunu gözəl bilir. Ona görə də Azərbaycanın sərhəd boyu yerləşən məkanlarına radio vasitəsi ilə təxribatçı fikirlərini səpələyirlər. Bu ziyanlı təbliğatdır. Bəşəri və insani hisslər üçün çox zərərlidir. Qarşısını almaq olar. Bu əsl informasiya savaşıdır. Bu savaşda da qalib gəlmək üçün mütləq səfərbər olunmalıyıq. Məsəl var, pazı pazla çıxararlar. Bizim cənub bölgəsində olan radio qovşağlarımız, televizi kanallarımız işlərini elə qurmalıdırlar ki, iranlı vətəndaşlara həqiqətləri çatdıra bilsinlər, onlar da öz dövlət və hökumət adamlarının əməllərindən utansınlar, həqiqətin yanında durmağı bacarsınlar” – deyə F.Balabəyli vurğuladı.

İradə SARIYEVA

Bakı Xəbər

Share: