Xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə əlaqələrini genişlənirərək uğurla davam etdirən Azərbaycan əməkdaşlığa böyük önəm verməklə etibarlı və sınanmış tərəfdaş olduğunu bir daha təsdiqləyir. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın yaranmasına və davamlı inkişafına öz təsirini göstərir. Son 20 ildə cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasəti nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır.
Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında qeyd etdiyi kimi, Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir.
Ölkəmizdə Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işi, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi xüsusilə əhəmiyyətlidir. Bir sıra Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Müasir dünyada Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır.
Əlbəttə ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Belə ki, Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir. “Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir”- deyən Prezident bildirib ki, uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir: “Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi kimi tikilən TANAP-ın Avropa hissəsi olan TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr qiymətləndirilir və bu kəmərin ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur. Aİ ölkələri Azərbaycan qazının alışını genişləndirdikcə investisiyaların daha da artması gözlənilir.
Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizinin reallaşması nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən biridir. Sirr deyil ki, qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. Statistik göstəricilərə əsaslansaq deyərik ki, 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul edib.
Vurğulayaq ki, Qara dəniz sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq və Qara dənizin dibindən çəkiləcək sualtı kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır. Azərbaycan beynəlxalq arenada yenidən ön plana çıxacaq və bütün dünyanın gözü Bakıya yönələcək.
İclasda dövlət başçımız Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə də diqqəti yönəldib. Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin apardığı məqsədyölü siyasətinin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. Bu, tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Cənab Prezident çıxışında bildirdiyi kimi, “Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.”
Qeyd edərk ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. İnanırıq ki, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir.
Vilayət İSMAYILOV,
iqtisad elmləri doktoru, professor