Cənub Qaz Dəhlizi Məşvərət Şurası Azərbaycanın etibarlı tərəfdaşlığının təzahürüdür.
Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlı davranmaqdır: “Bu baxımdan Azərbaycan müsbət mənada fərqlənir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Dövlət başçısı onu də əminliklə vurğulayıb ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları da deyilənlərin növbəti sübutudur. Yəni bu iclaslar, orada səslənən fikirlər həm Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir, həm də qarşıya qoyduğumuz planları bundan sonra da uğurla reallaşdıracağımıza əminlik ifadə edir. Bu məqamda xüsusi olaraq vurğulamaq istəyirəm ki, Cənub Qaz Dəhlizi sadəcə bir enerji layihəsi deyil. Dövlət başçısının da bəyan etdiyi kimi, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.
Deputat onu da əlavə edib ki, Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir: “Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Dövlət başçısının bəyan etdiyi kimi, bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim istər Xəzər dənizində, istərsə də quruda bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var. Azərbaycan, həmçinin “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı hədəfləyib. Bir sözlə, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv mərhələsindədir”.