Əgər məndən soruşsalar ki, Bilal Alarlı kimdir, düşünmədən cavab verərəm:- Cənubun ən məhsuldar tədqiqatçı alimi…
Həyatı rəngarəng keçib; xoş günlər də yaşayıb, düz söz üstündə iztirablara sinə də gərib. Hətta sovet hökumətinə qarşı çıxdığına görə zindanda da yatıb. Amma heç zaman sarsılmayıb, həvəsdən düşməyib.
Cənub bölgəsilə əlaqədar mükəmməl araşdırmaları var. Və bu araşdırmaların arxasında böyük zəhmət, dönməz iradə durur…
Sadə olduğu qədər də mürəkkəb adamdır. Sadədir ona görə ki, heç zaman təkəbbür göstərmir, təmtəraqdan uzaq qaçır, mürəkkəbdir ona görə ki, yalançılara, rüşvətxorlara, zalımlara qarşı amansızdır…
Səxavətli və qonaqpərvərdir. Evinə qonaq gəldisə onun nazını çəkir, xidmətində dayanmaqdan zövq alır, yaşadığı Cəlilabad rayonunun görməli yerlərini gəzdirməkdən yorulmur. Gedərkən qonağına öz əllərilə həyətyanı sahəsində əkib becərdiyi nemətlərdən pay verir…
Cənubluların ona borcu çoxdur. Şəxsi vəsaitilə tez-tez cənub rayonlarını gəzərək, müfəssəl tədqiqatlar aparır. Bəli, onun öz hesabına nəşr etdirdiyi kitablar gələcək nəsillərə istinad yeri, elmi mənbədir…
Bilal Alarlı Allahın möcüzəsidir, desəm yanılmaram. O, bu gün ikinci həyatını yaşayır. On beş yaşında klinik ölüm keçirib. Onu ölmüş bilib, qəbrini də qazıblar. Amma komadan ayılandan sonra düz 40 il boş qalmış qəbirinin üstündə hər il Novruz bayramında şam yandırıb…
Üç ali məktəb bitirib, aspiranturada oxuyub, dissertasiya müdafiə edib, filologiya elmləri namizədidir. 35 kitabın müəllifidir…
Sentyabrın 8-də Bilal Alarlının 64 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşın mübarək, əziz qardaşım!
Elman Eldaroğlu