Yəqin dənizçilər arasında da istedadlı okeanoqraf, admiral, 1916-cı ildə Qara Dəniz Donanmasının komandanı olmuş, iki ildən sonra isə Rusiyanın Ali hökmdarı seçilmiş Aleksandr Vasilyeviç Kolçakın milliyətcə rus olduğunu düşünənlərin sayı çoxluq təşkil edir. Zənnimcə, türk soylu bu admiral haqqında müxtəlif mənbələrdən (o cümlədən, Nikolay Baskakov, Yelena Prokofyeva, Elmira Əliyevanın yazılarından) əldə etdiyimiz məlumatlar “Seanews.az”-ın izləyiciləri üçün də maraqlı olar. Türkoloq N.Baskakov isə bir az da uzağa gedərək, Kolçakın Rusiyanın türk mənşəli yeganə nümayəndəsi olmadığını bildirir.
Rusiya mənbələrində Kolçak soyadına 1739-cu ildən əvvəl rast gəlmək mümkün deyil. Belə ki, Rusiya – Türkiyə müharibəsi dövründə qardaş ölkənin məşhur dəniz komandanı İlyas paşa Kolçak və onun böyük oğlu Mehmet bəy ruslara əsir düşürlər. Hər ikisinin qəhrəmanlığından məlumatlı olan imperatriça Anna İoannovna ata və oğulun şücaətini lütfkarlıq göstərməklə qiymətləndirir:onları azadlığa buraxır. Ata və oğul Kolçaklar Peterburqdan Türkiyəyə dönərkən yolda dostlarından öyrənirlər ki, ruslarla döyüşdə məğlubiyyətə görə hər ikisi haqqında vətənlərində ölüm hökmü çıxarılıb. Bu xəbərdən hədsiz dərəcədə sarsılan İlyas paşanın ürəyi birdəfəlik dayanır. Təbii ki, ölüm qorxusundan yox… Oğlu Mehmet bəy isə çarəsizlikdən qürbətdə yaşamaq qərarına gəlir. Rusiyada pravoslav məzhəbini qəbul edir və rus qızı ilə evlənir. Bu izdivacdan doğulan oğlanlarının adını Vasili qoyurlar. Vasili Kolçak böyüyəndən sonra Krım müharibəsində iştirak edir, “Georgi Xaçı” ordeninə layiq görülür. Topçusu olduğu donanmadan tərxis olunduqdan sonra poladtökmə zavodunda mühəndis işləyir. Maddi imkanı yaxşı olmadığına görə gec evlənir. 3 uşağı dünyaya gəlir:bir oğul, iki qız. Gələcək məşhur admiral Aleksandr Vasilyeviç Kolçak həmin Vasilinin oğlu idi.
Uşaq yaşlarından dənizin vurğunu olan Aleksandr bir müddət gimnaziyada təhsil alır, 1888-ci ildə 14 yaşında gimnaziyadan Dəniz kadet korpusuna keçir və burada yaxşı oxumaqla yanaşı, ədalətliyi ilə seçilir. Yeri gəlmişkən, Moskvada “Görkəmli adamların həyatı” seriyasından Aleksandr Vasilyeviç Kolçak haqqında nəşr edilmiş kitabda belə bir epizod var: “Kadet korpusunu bitirəndə birinci mükafata layiq görülmüş Aleksandr başqa bir kursantı həmin mükafata daha çox layiq hesab etdiyindən, onun xeyrinə mükafatdan imtina edir.”
Dənizdə xidmət edən Aleksandr Vasilyeviç elmlə də ciddi məşğul olur, hidrologiyaya dair əsərlərini Akademiyanın almanaxında dərc etdirir. Birinci qütb ekspedisiyasının üzvü kimi, Kara dənizinin Taymır körfəzində yerləşən adaların kəşf olunmasında iştirak edir. Ekspedisiyanın rəhbəri, məşhur qütb tədqiqatçısı baron Eduard Tollun təklifi ilə bu adalardan birinə Kolçakın adı verilir.
1904-cü ildə ailə quran Kolçak toydan cəmi 3 gün sonra Port-Artur döyüşlərində iştirak edir və əsir düşür. Yaponlar onun şücaətinə hörmət əlaməti olaraq, şəxsi silahını yanında saxlamasına icazə verirlər. Bir ildən sonra kontuziyalı, revmatizm xəstəliyi kəskinləşmiş vəziyyətdə vətənə qayıdır. Aleksandr Vasilyeviç Baş Dəniz Qərargahında xidmət edir, Nikolayev Dəniz Akademiyasında dərs deyir, hidroqrafiyaya aid kitablar yazır, Hind okeanına ekspedisiyalara komandirlik edir, sualtı donanma yaratmaq kimi fantastik bir ideya ilə maraqlanır.
Birinci Dünya müharibəsi dövründə Baltik dənizində döyüşən Kolçak xidmətlərinə görə, əvvəlcə kontr-admiral, daha sonra vitse-admiral rütbəsinə layiq görülür, Qara Dəniz Donanmasının komandanı vəzifəsinə təyin edilir.
1917-ci il Fevral inqilabını alqışlasa da, sonra ümidləri puç olur. Aleksandr Kerenskinin başçılıq etdiyi Müvəqqəti Hökumətin iclasında çıxış edən Kolçak ordunun və donanmanın dağılmasında hökuməti təqsirləndirir. Bu çıxış hökumət təmsilçilərinin xoşlarına gəlmir və inadkar admiraldan yaxa qurtarmağa çalışırlar. Yeni vəzifə təyinatı bəhanəsi ilə onu ABŞ-a göndərirlər. Lakin az sonra Kolçak geri qayıdır. Hələ yolda ikən – Yaponiyada xəbər tutur ki, bolşeviklər Rusiyada sovet hakimiyyəti qurmuşdur. Qırmızıların Almaniya ilə alçaldıcı şərtlərlə sülh bağlamasını satqınlıq hesab edən admiral hələ bolşeviklərə sədaqət andı içməmiş rus qoşunlarını toplayaraq, Sibirə hücum edir. Yeni Nazirlər Kabineti təşkil edir və bu kabinet onu Rusiyanın Ali hökmdarı elan edir.
Əlbəttə, Kolçakın bütün fikirlərini və addımlarını düzgün hesab etmək olmaz. Məsələn, monarxiyanın tərəfdarı olmayan admiral demokratiyaya da nifrət edirdi. Ucu-bucağı bilinməyən Rusiyanın vahid və bölünməzliyinin tərəfdarı idi və ürəkdən inanırdı ki, hakimiyyətin yeganə ağlabatan forması hərbi rejimdir…
Ağqvardiyaçılar hərəkatının pərəstişkarları Kolçaka ilk növbədə cəsarətinə, yüksək insani keyfiyyətlərinə görə hörmət edirlər. Siyasi baxışları ilə isə çox vaxt razılaşmırlar.
Və bir gün – 1919-cu ilin ortalarında, Vətəndaş müharibəsinin ən şiddətli vaxtında, savaşdan təngə gəlmiş sibirlilər Kolçakdan üz döndərirlər. Orduda xidmət edən çexlər admiralı həbs edib qırmızılara təhvil verirlər. Kolçakın qızıl pullar ödəməklə bolşeviklərdən canını qurtarmaq imkanı olsa da, bundan imtina edir.
Qırmızılar 1920-ci il fevralın 7-də türk mənşəli admiralı güllələyirlər…
“Seanews.az”