Müasir dövrü təzadların meydan suladığı dövr adlandırsam heç də yanılmaram. Cəmiyyət başdan-başa təzadlarla doludur. Sıradişi təzadları görüb duymaq, anlamaq yalnız düşünə bilən başların məhsuludur. Odur ki, psixoloji formul olaraq anlamaq, duymaq dərdi var həyatda. Və təbii ki, bu dərd daha çox söz adamlarının – şairlərin boynuna biçilib desəm daha doğru olar.
Tanrının Əlahəzrət Söz mülkünə “təhkim” etdiyi şairlər cəmiyyətdaxili təzadları, ziddiyyətləri, antaqonizmi – bir sözlə bütün stereotipləri görür, duyur, anlayır və təbii ki, poetikləşdirərək, nizama çəkərək ümumi malına çevirərək sıradan hər kəsin duya biləcəyi şəkilə salır. Odur ki, şair olmaq asan deyil. Dünya poeziya tacına dahilər bəxş etmiş Azərbaycanda şair olmaq ikiqat çətindir. Azərbaycan-harada ki, şeirlər duaları əvəz edir, harada ki, qəzəllərin, rübailərin və qoşmaların ahəngi bizim qanımıza işləmişdir, harada ki, ən qəddar döyüşçü, ən daşa dönmüş qəlblər qədim sazın səsindən riqqətə gəlir, harada ki, poeziyanın gözəlliyi Ana gözəlliyi, yaxud doğma ocaq ilə əlaqələndirilir, orada şair daha özü-özünə məxsus olmur. O, bizim qədim xalqımızın bənzərsizliyini yaşadan və qoruyan, şeir dili ilə ifadə olunmuş müqəddəs həqiqət qoruyucusudur. Bax sözün həqiqi mənasında hamının oxuduğu, tanıdığı şair Tofiq Həsənli Əlahəzrət Söz mülkünün yolçusu olaraq həqiqət qoruyucusudur.
Tofiq Həsənli 1970 -ci il avqustun 29-da Lənkəran rayonunda anadan olub. Burda təhsil alıb, hazırda da burda yaşamaqdadır. Elə bu mühitdə də yazır, yaradır. Yazdıqları da geniş publika tərəfindən oxunur və oxunduqca da sevilir. Bu gün artıq Sabir ənənələrinə sadiqliyi onu nəinki Lənkəranda, o cümlədən bütün Respublikada tanıdıb. Tofiqin yazdıqları cəmiyyətdaxilində ki, yaşantılar, gündəlik həyatda hamının qarşılaşdıqlarıdır. Polad qalxanlara qələm çırpa-çırpa yazır. Və klassiklərin təbiricə;
Mənim üçün deyil o,qanlı saraylar,Tofiq Xalqımın şairiyəm,millətimin şairiyəm, – deyir.
Bəlkə də biz dünyada yeganə xalqıq ki, hər dövrü yaradıcı insanları və şairləri ilə ölçürük, müharibələr və inqilablar ilə deyil. Və hər bir dövrün öz şairləri var, şam kimi əriyib, yolumuzu nurlandıran şairləri.
Ya da Vısotskinin xırıltılı səslə dediyi kimi: ” … şairlər bıçağın üstü ilə gəzib öz yalın ruhlarını qana qəltan edirlər…”
Tofiq bir vətəndaş olaraq mübarizdir. Bu mübarizlik başdan-başa onun ötkəm poeziyasına hopub. O, öz şeirlərinin sətirləri arasından boylanır, oxucu onun poeziyasının ahəngində nəfəsini hiss edir, gülüşünü eşidir, ruhunun isti təmasını duyur və mübarizliyini aşkarcana müşahidə edir:
Dərdimiz, Mirzə, bizim, eyniləşibdir deyəsən, Dərdi-qəm məndə budu, fikri-məlal səndə budu.
Gizləyib neyləyəsən, gizləməyib neyləyəsən,
Gizləyirsən də budu, gizləməyirsən də budu.
Tofiq əsl Azərbaycan oğlu, ürəkdən, qəlbdən bu yurda başlı şair, sadiq vətəndaşdır. Yazılarında bəzən, “Mənimçün Azərbaycan və onun mədəniyyəti bütün dünyadan artıqdır.. Mənim görmək istədiyim Azərbaycan daha alidir” deyərək car çəkir.
Mübarizəzmi, qranit təfəkkürü ilə, xalqa və həqiqətə sadiq qalacağı haqda özünə verdiyi anda daim sadiqlik nümayiş etdirir. Yazdıqca da müasir Azərbaycan poeziyasının “qızıl əsr”ində o, öz parlaq izini qoyur, səmimiliyi və prinsipiallığı ilə yaddaşlara həkk olunur. Təbii ki, əgər rəssamın qəlbi xalq haqda fikirlərlə doludursa, və əgər o, xalq ilə vəhdət təşkil edirsə, o zaman nəinki rəssamın haqqı çatır, hətta, onun borcudur ki, hər şeydən əvvəl öz ürəyini açsın. Özünü açaraq o, dünyanı açar və kəşf edər. Tofiq duya-duya, cəmiyyətin dərdlərini anlaya-anlaya ciddi cəhdlə təlatümlü şairlik dənizinə atılmışdır. Elə bu yolda da mübariz şair kimi yaddaşlara hopmuşdur. Dostları üçün də, düşmənləri üçün də, oxucuları, kolleqaları üçün də daim bu ampluadadır Tofiq Həsənli.
Sallanmağa xol da tapdıq,
Əldən ki, budaq getdi.
Gizlənməyə kol tapdıq,
Ev getdi, ocaq getdi.
Hökm altda büzüşdük biz,
Əldən-ələ düşdük biz.
Hər yolda sürüşdük biz,
Qıç getdi, balaq getdi.
Və həqiqətən də, Onun şeirlərinin keyfiyyəti, onların ədəbi cilalanma səviyyələri müxtəlif ola bilər- bir şeirin yazılması ola bilərdi aylarla və illərlə başa gəlsin, digəri isə həmin anın tələbinə, ürəyin çağırışına cavab olaraq dərhal vərəqlərə süzülsün. Amma burada, biri “özü üçün”, digəri “qəzet üçün”, “senzura üçün”, ya da sadəcə olaraq “belə lazım olduğu üçün” yazılıb fikrini aramayın. Tofiqin yazdığı hər sətirdən onun necə dərin lirik ruha malik olduğu aydın olur. Yaradıcılıq onun üçün özünü əks etdirmək və ifadə etməkdir. O, bu təbiətdə insandır, onun şairlik gücü, özünəməxsusluğu və cazibəsi vardır.
Tofiq Həsənli zəmanə şairidir, zamanın nəbzini həssaslıqla tutmağı bacarır. Bununla bərabər o, gündəlik hadisələrə də dərhal münasibət bildirir. Onun öz vəzifəsini dərk edən şair kimi yaradıcılığı, Vətənə. Elə, obaya sevginin ayrılmaz hissəsidir.
Mən sözü sahmanla quran Tofiqəm,
Mən sözüm üstündə duran Tofiqəm.
Azərbaycana səda eyləyən.
Çox “bəyi”bir sözlə gəda eyləyən.
Xalqa arıq canı fəda eyləyən,
Şax qulağı tərsə buran Tofiqəm.
Dövlət özündən ki, məni küsdürür,
Gen qapısın dərdi-bəla kəsdirir.
Çox kişilər şilləvuran gəzdirir,
Mən sözinən şillə vuran Tofiqəm.
Haqqa görə arxada durmaq nədir…
Əyri görüb boynunu burmaq nədir…
Düz danışıb-əyri oturmaq nədir…
Düz danışıb, düz oturan Tofiqəm.
Çəkmərəm əsla sözün əndişəsin,
Gözlərə sallam qələmin tişəsin.
Köhnə siyasət dağının rişəsin,
Köhnə külüngümlə yaran Tofiqəm.
BMTN in olsa nə məktəbləri,
Anlayıram hiylə və mətləbləri.
Bir sıra məmuri-mürəkkəbləri,
Sadə karandaşla qıran Tofiqəm.
Mən, özü öz tabutunu qəbrinə,
Öz beli üstə aparan Tofiqəm.
Bu gün Tofiq məhsuldar olaraq yazır, yaradır. Təbii ki, əhəmiyyətli olan kitabların qalınlığı və yaxud, mükafatların sayı deyil. Əsas odur ki, o, bütün onu tanıyanlar tərəfindən, bircə dəfə də olsa lirikasının dərinliyinə baş vurmuş bütün insanlar tərəfindən sevilir və zaman-zaman seviləcəkdir. Onun bütün yaradıcılığı əbədi dəyərlərə – düzlüyə, doğruluğa, dostluğa, doğma ocağa, valideynlərə sevgiyə həsr olunmuşdur.
Şairə yaradıcılıq uğurları və bol-bol oxucu sevgisi, məhəbbəti arzusuyla:
Leyla Qadir qızı Məcidova
Publisist, Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş müəllimi.