Cəmi iki gün keçməsinə baxmayaraq, Cahangirin dəqiq hansı mövzuda danışdığını heç cür yadıma sala bilmirəm.
Buna ya onun hansı movuzda, kimin haqqında danışmasından aslı olmayaraq, dəyişmyən mehriban və sevgi tökülən səs tonu mane olur, ya da o danışdıqca mənim buraxdığım səhvlər və bu barədə düşünərək utanmağım…
Bu artıq neçənci dərsidir ki, mövzu da ayrıdır, ünvan da ayrıdır, ancaq hədəfə mən düşürəm… Belə olmasaydı, hər görüşdən ayrılanda ona haqq qazandırmazdım.
Hətta bu ölkədə ən zəhləm gedən adamın haqqında danışırıq. Onun ünvanına yüksək peşəkarlıq və istedad nümayiş etdirərək göndərmələr elədiyim bir vaxtda, əlini qaldırıb şagirdsayağı icazə alırmış kimi replikasını verir:
– Elbrus, amma çox pis vaxtda, onun dəstəyin görmüşəm, özü də tək maa yox ha, neçəsini deyərəm ki, o adam əl uzadıb.
Vəssalam, heç kimin haqqında pis danışmaq olmaz, Cahangir o dəqiqə müsbət nəsə tapıb atacaq ortaya.
Yaxşısı budur, ondan aldığım dərslərdən danışaq. Bəlkə də azsaylı jurnalistlərdənəm ki, o, mənə auditoriyada dərs keçməyə-keçməyə müəllimim olub.
Birinci dərsi ata-övlad, daha doğrusu ata-qız münasibətləri ilə bağlı idi. Mən soruşanda ki, siz bu 5 qızı belə möhtəşəm necə böyütdüz, qayıtdı ki, Elbrus, mənim onlara ən ağır sözüm “səndən küsərəm ha” olub…
Həmin dərsdən çıxıb evə gəlirəm. Əkiz qızlarım nəsə yumşaq ifadə eləsək, şıltaqlıq ediblər. Bir anlıq əsəbiləşib cəzalandırmaq üçün yanıma çağırııram.
Çənələrindən tutub başlarını yuxarı qaldıranda Cahangirin sözləri yadıma düşür. Hər ikisini bağrıma basıb qulaqlarına elə şirin Ağdamca pıçıldayıram: “sizdən küsərəm ha…”
İkinci dərsi həyat yoldaşına münasibətlə bağlıdır. Həm onunla bir yerdə, həm də onu itirəndən sonra həyat yoldaşına qarşı necə davranmağın nümunəsidir Cahangirin davranışı.
Mən Səkinə xanımın məzarı başında ona necə xitab etdiyini, mərhum xanımı ilə necə canlı bağlantı qurduğunu görmüşəm. Heç çoxları yanında olan, üzbəüz oturduğu adamla belə ünsiyyət qura bilmir. Bu dərsi uzun çəkir bir az.
Bu günlərdə görüşəndə ikinci mərtəbədəki otağa qalxmağa az qala məcbur edir. Otağa girəndə başının üstündən həyat yoldaşının bizə tuşlanan baxışları ilə rastlaşıram. Cahangir xanımının vaxtilə yatdığı çarpayını göstərib “hələ də üstünə onun əkdiyi güllərdən düzürəm” deyir…
Açığı bu dərsdən özüm qarışıq və auditoryalardakılar daxil, kiminsə 5 qiymət alacağına o qədər də inamım yoxdur. Bu işdə Cahangir olmağın çox çətin iş olduğunu yalnız etiraf etməklə bəlkə xilas olmaq olar…
Əslində, daha bir nümunəsini yuxarıda demişəm. Mənim ifadəmlə desəm, ən axmaq adamda da işıq görmək. Burası məncə, yuxarıda aydın olub. Qarşındakı Cahangirdisə, mütləq bir işıq axtarıb tapacaq. Yox, söhbət işıqlı, istedadlı adamdan gedirsə, onun kimliyini ifadə edən ən gözəl ya xatirəni, ya da hadisəni az qala yüzüncü dəfə sevə-sevə danışmaqdan doymayacaq.
Qubadakı bağ evinə qonaq getmişəm. Balaca evinin “şkatursuz” divarlarına baxdığımı görüb gülümsəyir:
– Sən hələ içərinin vəziyyətini görəsən…
Qolumdan tutub “mütləq girib baxmalısan” janrında əvvəl aşağını, sonra yuxarını göstərir. Pilləkən isə ayrı mövzüdur. Telefonumu çıxarıb kasıblığın yox, əsl müəllimin həyat tərzinin fotosunu çəkirəm. Cahangir burda da işini görə bilir.
Həyatda hər şeyi görən və bilən adamın hələ də mütailə etməsi, 82 yaşında yazı masasında necə həvəslə işləməsi də bir ayrı dərsdir.
Onun balaca evinin ətrafında tikilmiş 3-4 mərtəbəli bəzəkli, insansız villalara baxdıqca, gözlərim az qala bu dəbdəbəli iqamətgahlar arasında daxma kimi görünən evində möhtəşəm övladları ilə rahat ömür sürən Cahangirə zillənir. Və onun imarətinin əslində, nə qədər möhtəşəm olduğunun qəti şəkildə fərqinə varıram.
Həyətdə oyanayan 3-4 yaşlı nəvəsini göstərib deyir:
– Dədə, məni tanıyanların içində bircə bu mənə “Cahangir” deyə müraciət edir. Açğını desəm, elə bu da məni xoşbəxt eləyir.
İçimdə cavab verirəm ki, ən doğrusunu elə bu uşaq tapıb.
Danışanda səninlə eyni yaşda ola bilən (burada əslində, tay-tuş kimi oxunmalıdır), təkcə “Cahangir” deyəndə “Sabir”, “Vaqif”, “Hadi” deyəndə hər şeyin aydın olduğu kimi məsələ aydın olursa, niyə o boyda gözəl adın arxasında mütləq tanıdıcı “müəllim”, ya da “Məmmədli” əlavə eləmlisən ki?..
Adamın adı tutaq ki, Qasım olsaydı, mütləq arxasına bir Hüseynov, qabağına vəzifədən, ya yoldaşdan-filan nəsı yazmaq lazım olardı ki, söhbətin kimdən getdiyi aydın olsun.
İndiki şəraitdə isə nəvəsi Yusif məsələni həll eləyib. O, elə “Cahangir” kimi də çağrılmalıdır…
Ayrılanda qızı Aytəkin Cahangirin haqqında çəkdiyi filmin linkini atır mənə. “Buna da baxarsınız” deyir. Bir gün sonra ondan bəhs edən “Beşinci fəsil” filminə baxıram. Sonra qayıdıb bir də baxıram. 4-cü dəfə baxandan sonra, götürüb Aytəkinə belə bir cavab yazıram:
– Müsahibədə atanıza deyirsiniz ki, siz bu dünyaya atasız gəlməklə 0:1 geridə başlamısınız. İndi hesab neçədir? Atanız da cavab verir ki, indi hesab hər şeyə rəğmən 5:0 mənim xeyrimədir. Əslində, bu filmdə çox ciddi səhvdir. Hesab doğru deyilməyib. Əslində, hesab mənimlə 6:0, Mirşahinlə 7:0, Rəşad Məcidlə 8:0 və 60 il onun auditoriyasından keçən və keçməyən bütün tələbələri ilə bəlkə də minlərlə sıfırdır.
Elbrus Ərud